İri qulaqlar

Oxuma vaxtı: 7 dəq Oxunma sayı: 3472

iri qulaqların korreksiyasıİri qulaqlar – qulaq seyvanının ayri-ayrı hissələrinin və ya bütün ölçülərinin artmasıdır. İri qulaqlar üzün estetik proporsiyasının pozulmasına gətirib çıxarır; əksər hallarda çömçə qulaq, asimmetriya, xarici qulağın deformasiyası ilə birgə rast gəlinir; insanın, xüsusən yeniyetmə dövründə özünə qapanmasına, komplekslərin yaranmasına səbəb olur. İri qulaqlar adətən eşitmə funksiyasını pozmur, sadəcə kosmetik qüsur hesab olunur.  Qulaq seyvanının forma və ölçülərinin korreksiyası cərrahi üsul – otoplastika ilə həyata keçirilir.

  • Xarici qulağın fizioloji funksiyaları
  • Qulağın forma və ölçülərinin korreksiya üsulları

İri qulaqlar barədə ümumi məlumat

İri qulaq dedikdə xarici qulağın görünən hissəsi – qulaq seyvanının ölçüsünün artması nəzərdə tutulur. Qulaq seyvanının böyüməsi tibbdə makrotiya adlanır.

Qulaq seyvanı dəri ilə örtülü qıfşəkilli, mürəkkəb formalı elastik qığırdaqdan ibarətdir. Onun yalnız aşağı hissəsi – sırğalıq qığırdaq toxumasından azaddır. Bədənin digər hissələri kimi qulaq seyvanının ölçüləri də müxtəlif insanlarda fərqli olur. Normada qulağın maksimal uzunluğu kişilərdə 50-82mm, qadınlarda 50-77mm, ən iri köndələn ölçüsü isə müvafiq olaraq 32-52mm və 28-45mm təşkil edir. Çox vaxt qulaqlar arasında ölçü fərqi müşahidə edilir, bu zaman adətən sağ qulaq seyvanı daha iri olur. Lakin iri qulaqların ən mühüm xarakteristikası onlarıb üz və bədən hissələri ilə disproporsionallığıdır.  Mülahizələrə görə qulağın ideal uzunluğu burnun uzunluğuna bərabərdir, lakin bu formul çox primitiv və bütün hallar üçün keçərli deyil.

Qulaq seyvanının büküşlərinin hamarlaşması və ya yastılanması zamanı onun ölçüləri böyüyə bilər, lakin bu həqiqi makrotiya sayılmır. Bununla əlaqədar iri qulağın bir neçə tipi ayırd edilir. Bütün ölçüləri bərabər artan, lakin forması dəyişməyən qulaq nəhəng tip adlanır. Böyümə qulağın müəyyən hissələrini: kənarlar və ya qulaq qıfını əhatə edə bilər, bu zaman qulaq seyvanı kəllə divarından nəzərə çarpan dərəcədə aralanır. Bəzən iri ölçülər qulaq seyvanının müxtəlif deformasiyaları ilə müştərək şəkildə rast gəlinir. Bir sıra hallarda böyümə yalnız qulaq paycığı – sırğalıqda müşahidə edilir. Bu hissə uzununa, eninə və ya bütün iqtiqamətlərdə bərabər böyüyə bilir.

Xarici qulağın fizioloji funksiyaları

Qulaqlar eşitmə orqanı olduğundan xarici qulağın ən vacib funksiyası səsi tutmaqdır: qıf şəkilli forma sayəsində qulaq seyvanı nəinki səs dalğalarını tutmaq, həmçinin onları transformasiya etmək qabiliyyətinə malikdir.

Xarici qulağın digər bir funksiyası səs siqnallarının istiqamətini müəyyən etməkdir. Ototopika adlanan bu funksiya qulaq seyvanlarının bir-birindən maksimal məsafədə yerləşməsi hesabına təmin edilir.

Qulaq seyvanının müdafiə funksiyası orta və daxili qulağı travmatik zədələnmə, toz və soyuq havadab qorumaqdan ibarətdir.

Qulaq seyvanının üzərində çoxsaylı bioloji aktiv nöqtələr yerləşmişdir, onlar sinir ucları (azan, üçlü, üz siniri, simpatik sistemin boyun düyünü) vasitəsilə baş beynin müəyyən hissələri ilə əlaqəli olur. Həmin nöqtələrə təsir etməklə müxtəlif xəstəlikləri yüngülləşdirmək mümkündür. Akapunktura (iynəbatırma) üsulunda bu əlaqədən geniş istifadə olunur.

Sadalanan funksiyaların yerinə yetirilməsi üçün qulağın ölçüsünün iri olması çatışmazlıq deyil, əksinə üstünlük sayılır.

Baxmayaraq ki, əvvəllər Afrika qəbələlərində iri qulaqlar gözəllik etalonu hesab olunurdu və bu məqsədlə sırğalıq ağlasızmaz ölçülərə qədər dartılırdı, hazırda yaşadığımız cəmiyyətdə bu estetik problem insanlara ciddi narahatlıq törədir.

Qeyri-standart forma və ölçülü qulaqlar xüsusən pubertat dövründə digər uşaqların istehza mənbəyinə çevrilir. Bu da yeniyetmənin özünə qapanması ilə nəticələnə bilər. Qadınlar iri qulaqları xüsusi saç düzümü ilə gizlədə bilsələr də, kişilərin əksəriyyətində bu üsuldan istifadə etmək mümkün olmur.

Əgər qeyri-standart qulaqlar emosional sferada böyük sıxıntı yaradarsa otoplastikaya müraciət etmək məsləhətdir.

Qulağın forma və ölçülərinin korreksiya üsulları

Qulaq seyvanının forma və ölçüsünün korreksiyasına yönəldilmiş plastik əməliyyat otoplastika adlanır. Onun köməyilə asimmetrik, deformasiyalaşan, iri və çömçə qulaq problemi aradan qaldırılır. Rekonstruktiv otoplastika vasitəsilə anadangəlmə qüsur və ya travma ilə əlaqədar sırğalığı və ya qulaq seyvanını bütövlükdə yenidən formalaşdırmaq mümkündür.

Otoplastikanın aparılmasının ən kiçik yaş həddi – 6 yaşdır. Kobud inkişaf anomaliyaları və ya qulaq seyvanının deformasiyası uşaqlıq dövründə əməliyyata göstəriş sayılır. Estetik otoplastika 15 yaşdan tez olmamaqla qulağın formalaşması başa çatdıqdan sonra icra olunmalıdır. Böyüklərdə əməliyyat üçün heç bir yaş həddi yoxdur.

Qulaq seyvanının kiçildilməsi üzrə əməliyyatın aparılmasından əvvəl əks-göstərişlər müəyyən edilir, qulağın korreksiyadan sonrakı forma və ölşüsü kompüterdə modelləşdirilir.

Böyüklərdə otoplastika bir qayda olaraq yerli anesteziya ilə aparılır, uşaqlarda isə ümumi narkoza üstünlük verilir. Qulaq seyvanının arxasından kəsik aparmaqla qığırdağın forması düzləndirilir, daxili tikişlərlə fiksasiya edilir. Qulağın ölçüsü iri olduqda dəri və qığırdaq toxumasının artıq hissəsi kəsilir. Əməliyyat qulaq arxası nahiyədə aparıldığından otoplastikanın izləri nəzərə çarpmır.  Yara səthinə kosmetik tikiş qoyulur.

Otoplastika həmçinin lazer şüası ilə aparıla bilər. Lazer otoplastika əməliyyat müddətini qısaltmağa və korreksiyanın bütün mərhələlərini daha düzgün və səliqəli yerinə yetirməyə imkan verir. Bu üsulun danılmaz üstünlükləri əməliyyatın qansız və ağrısız olması, fəsadlarla müşayiət edilməməsindən ibarətdir.

Postoperasion dövrdə ağrı hissi cüzi olur və analgetiklərin qəbulu ilə asanlıqla keçib gedir. Otoplastikadan sonra 2 həftə müddətinə fiksəedici sarğı qoyulur. Tikişlər əməliyyatın təxminən 7-10-cü günündə sökülür. Sonrakı 2 əy ərzində idmanla və qulağın travmasına səbəb ola biləcək digər fəaliyyətlərlə məşğul olmaq məsləhət görülmür. 1-2 ay ərzində xüsusi dəstəkləyici lentdən istifadə olunmalıdır.

Otoplastika pasiyentin həyatını yaxşılığa doğru dəyişir və onu estetik qüsurla bağlı sıxıntılardan azad edir.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: