Kapsulyar kontraktura

Oxuma vaxtı: 9 dəq Oxunma sayı: 2418

kapsulyar kontraktura nədir?Kapsulyar kontraktura – auqmentasion mammoplastikanın ağırlaşması olub, fibroz kapsulun implantatı sıxması nəticəsində yaranır və süd vəzisinin deformasiyası ilə müşayiət edilir.  Kapsulyar kontraktura süd vəzisi nahiyəsində diskomfort və ağırlıq hissi, implantatın konturlarının nəzərə çarpması ilə təzahür edir. Belə hallarda süd vəzisinin forması dəyişir və o, qeyri-təbii görünüş alır. Kapsulyar kontrakturanın dərəcəsi vizual baxış, süd vəzilərinin palpasiyası və MRT vasitəsilə təyin edilir. Qüsurun ifadəliliyindən asılı olaraq, kapsulektomiya, implantatların çıxarılması və ya reendoprotezlənmə yerinə yetirilir.

  • Kapsulyar kontrakturanın yaranma səbəbləri
  • Kapsulyar kontrakturanın əlamətləri
  • Kapsulyar kontrakturanın müalicəsi

Kapsulyar kontraktura barədə ümumi məlumat

Kapsulyar kontraktura – endoprotez ətrafında kapsulun fibroz toxumasının qalınlaşması, implantatın sıxılması ilə əlaqədar süd vəzilərinin bərkiməsi, deformasiyası və asimmetriyasına gətirib çıxaran patoloji prosesdir. Kapsulyar kontraktura təkcə süd vəzilərinin böyüdülməsindən sonra deyil, həmçinin sağrı, baldırların endoprotezlənməsi fonunda da formalaşa bilər. Lakin kapsulyar kontraktura adətən estetik auqmentasion mammoplastika və ya süd vəzisinin rekonstruksiyası ağırlaşması kimi təzahür edir. Müxtəlif müəlliflərin məlumatlarına əsasən plastik cərrahiyyədə bu patoloji prosesin rastgəlmə tezliyi 0,2-10% arasında dəyişir. Kapsulyar kontrakturanın inkişafı cərrahi əməliyyatın  təkrarlanmasını tələb edir.

Kapsulyar kontrakturanın yaranma səbəbləri

Kapsulyar kontraktura implantatı əhatə edən fibroz toxumadan ibarətdir. Endoprotez ətrafında birləşdirici toxuma kapsulunun formalaşması bioloji determinəolunmuş və proqnozlaşdırılan prosesdir. Bu, orqanizmin yad cismə qarşı cavab reaksiyasıdır. Lakin müəyyən şəraitlərdə proses patoloji xarakter alır: fibroz qişa həddindən artıq qalınlaşaraq, implantatın sıxılması və süd vəzisinin deformasiyası ilə nəticələnir.

Kapsulyar kontrakturanın inkişafına əməliyyat və implantatlarla bağlı müxtəlif səbəblər, eləcə də xarici amillər və orqanizmin individual reaksiyası təsir edə bilər. Auqmentasion mammoplastikanın texniki tərəfi ilə assosiasiyalı risk amillərinə əməliyyatın kobud tərzdə aparılması, postoperasion hematomaya gətirib çıxaran natamam hemostaz, süd vəzisi axacaqlarının zədələnməsi (əsasən periareolyar endoprotezlənmə zamanı), epidermal stafilokokk infeksiyası aiddir. Kapsulyar kontrakturanın formalaşma ehtimalı implantatın dərialtı yerləşdirildiyi hallarda artır, silikonların döş əzələsinin altına inframammar yolla implantasiyası zamanı isə əksinə azalır. Endoprotezin ölşüsünün onun yerləşdirildiyi boşluğa – cibə uyğun gəlməməsi kobud fibroz kapsulun yaranması ilə nəticələ bilər.

Müşahidələrə əsasən kapsulyar kontraktura daha çox silikon implantatlar və hamar səthli endoprotezlər, az hallarda isə duzlu məhlulla doldurulmuş implantatlar, eləcə də teksturalı quruluşa malik endoprotezlərdən istifadə etdikdə əmələ gəlir. İmplantatın cırılması zamanı kapsulyar kontrakturanın inkişaf riski əhəmiyyətli dərəcədə artır.

Orqanizmin endoprotezlənməyə individual reaksiyası kobud çapıqlaşma proseslərinə yüksək meylliklə özünü büruzə verir. Yaxın keçmişdə baş verən hamiləlik, doğuş və laktasiya ilə bağlı hormonal disbalans hiperreaksiya üçün fon rolunu oynaya bilər. Kapsulyar kontrakturanın yaranma ehtimalını artıran ekzogen amillərə xroniki nikotin intoksikasiyası, bəzi medikamentoz preparatların qəbulu, süd vəzisinin travması, izafi fiziki yüklənmələr aiddir. Əksər hallarda kapsulyar kontrakturanın formalaşmasının əsasında bir deyil, bir neçə faktor dayanır.

Kapsulyar kontrakturanın patogenezini izah edən fibroplastik nəzəriyyəyə əsasən bu ağırlaşma əzələ hüceyrələrinin (miofibroblastlar) sayının azalması və bir istiqamətdə böyüyən birləşdirici toxuma liflərinin həddindən artıq inkişafı nəticəsində meydana çıxır. Hamar səthli implantatların istifadəsi zamanı kapsulyar kontrakturaya daha çox rast gəlinməsi məhz bununla əlaqədardır. Teksturalı endoprotezlərin tətbiq olunduğu hallarda implantatın nahamar səthini əhatə edən liflər müxtəlif istiqamətlərə yönəldiyindən kontrakturaların inkişaf ehtimalı xeyli azalır.

Kapsulyar kontrakturanın əlamətləri

Kapsulyar kontrakturanın əlamətləri implantasiyadan sonra 1 il müddətində yaranır və implantatın  «köhnəlməsi» ilə daha da güclənir. Yaranma müddətindən asılı olaraq, erkən (1 il ərzində) və gecikmiş (endoprotezləmədən bir neçə il sonra) kapsulyar kontrakturalar ayırd edilir. Adətən bu ağırlaşma birtərəfli olur, lakin onun hər iki süd vəzisində yarandığı hallara da təsadüf edilir. Patoloji dəyişikliklər artdıqca süd vəzisi bərkiyir, əvvəlcə konusvari-üçbucaq və ya yumurtayabənzər, sonralar isə qeyri-təbii yumru forma alır. Estetik qüsurdan əlavə kapsulyar kontraktura əksər hallarda süd vəzisində diskomfort və ağrı ilə müşayiət olunur.

Simptomatikanın ağırlığı kapsulyar kontrakturanın ifadə dərəcəsinə (Beyker təsnifatı) əsasən qiymətləndirilir:

  • I dərəcə– süd vəzisinin konsistensiyası dəyişmir, o, təbii görünür. İmplantat ətrafında formalaşan kapsul nazik və elastikdir. Bu vəziyyət postoperasion normaya uyğundur.
  • II dərəcə– süd vəziləri bir qədər bərkiyir, lakin onların forması dəyişmir. Palpasiyada endoprotezin kənarları əllənir.
  • III dərəcə– süd vəzisinin toxumaları xeyli bərkiyir, endoprotezin konturları nəinki palpasiya ilə, həm də vizual olaraq nəzərə çarpır. Süd vəzisi deformasiyalaşır.
  • IV dərəcə – süd vəzisi qeyri-elastik, bərk konsistensiyalı olub, palpasiyada ağrılıdır. Onun qeyri-təbii forma, deformasiya və asimmetriyası müşahidə edilir.

Dəyişikliklərin ifadə dərəcəsi vizual baxış, süd vəzilərinin palpasiya və MRT vasitəsilə müəyyən edilir.

Kapsulyar kontrakturanın müalicəsi

Kapsulyar kontrakturanın müalicə taktikası onun ifadə dərəcəsindən asılıdır. Belə ki, I dərəcəli kontrakturalarda müalicə tələb olunmur. II dərəcəli dəyişikliklərdə gözləmə taktikası seçilir, süd vəzilərinin xüsusi masajı, ultrasəs terapiyası, E vitaminin qəbulu, iltihabəleyhinə inyeksiya kursu təyin olunur. Əvvəllər kapsulyar kontrakturanın ifadəli dərəcələrində qapalı (konservativ) kapsulotomiya tətbiq olunurdu. Onun mahiyyəti süd vəzisinin güclü mexaniki sıxılması ilə çapıq toxumasının cırılmasına nail olmaqdan ibarət idi. Lakin bu manipulyasiya çox zaman implantatın cırılması, yerdəyişməsi, süd vəzilərinə qansızma, çapıqların təkrar yaranmasına gətirib çıxarırdı. 50% hallarda qapalı kapsulotomiya kapsulyar kontrakturanın yenidən formalaşması ilə müşayiət olunurdu. Sadalanan çatışmazlıqlarla əlaqədar hazırda bu üsuldan istifadə edilmir.

III-IV dərəcəli kapsulyar kontrakturaların müalicəsi yalnız cərrahi yolla həyata keçirilir. Onun məqsədi patoloji dəyişilmiş çapıq toxumalarının xaric edilməsi, süd vəzisinin formasının bərpası, kapsulyar kontrakturanın təkrarlanmasının qarşısının alınmasından ibarətdir. Cərrahi üsul deformasiyanın səbəb və dərəcəsindən asılı olaraq, fərdi qaydada seçilir.

Süd vəzisinin ikincili korreksiyası məqsədilə açıq kapsulotomiya (fibroz kapsulun kəsilməsi) icra oluna bilər. Bu əməliyyat çapıq toxumasının qalınlığını qiymətləndirməyə, boşluğun ölçüsünü dəyişdirməyə, implantatın vəziyyətini korreksiya etməyə, hətta onu yeniləməyə imkan verir. Pasiyentin istəyinə və ya tibbi göstərişlərə əsasən əməliyyat yalnız implantatların çıxarılmasına yönəldilə bilər. Açıq əməliyyatdan əlavə endoskopik kapsulotomiyanın da aparılması mümkündür.

Fibroz kapsulun həddindən artıq qalın olduğu və ya kalsifikasiyası zamanı hissəvi və ya tam kapsulektomiya icra edilir, endoprotez çıxarılması və onun digər cibə reimplantasiyası və yaxud süd vəzisinin reendoprotezlənməsi yerinə yetirirlir. Bu metodika çox travmatik olub, təxminən 1/3 hallarda kapsulyar kontrakturanın residivləşmə riski ilə müşayiət edilir. Daha yüksək nəticələr əldə etmək üçün kapsulyar kontraktura üzrə əməliyyatlar mastopeksiyanın müxtəlif növləri ilə birgə aparılır.

Kapsulyar kontrakturanın yaranma riskini azaltmaq üçün pasiyent mammoplastikaya hərtərəfli hazırlanmalı, əməliyyatın planlaşdırılması mərhələsində əks-göstərişlər düzgün qiymətləndirilməli, cərrahi müdaxilənin texnikasına riayət edilməli, müasir və keyfiyyətli implantatlardan istifadə olunmalıdır. İmkan daxilində teksturalı endoprotezlərə və implantatın subfassial və ya submuskulyar yerləşdirilməsinə üstünlük verilməlidir. Postoperasion dövrdə xüsusi rejimə əməl olunmalıdır: kompression geyimdən istifadə, gimnastika və masaja riayət, döş əzələlərinin həddindən artıq yüklənməsinin qarşısının alınması, müntəzəm şəkildə müayinə olunmaq və s.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: