Makromastiya
Makromastiya (iri ölçülü süd vəziləri) süd vəzilərinin inkişaf anomaliyası olub, onların həcm və çəkisinin həddindən artıq çoxalması ilə xarakterizə edilir. Proses adətən ikitərəfli olur. Süd vəzilərinin ölsüsünün artmasına piy və birləşdirici toxumanın izafi inkişafı səbəb olur. İri süd vəziləri döş qəfəsinə güclü təzyiq göstərməklə qamətin pozulması, çiyin və onurğa nahiyəsində ağrılar, döş büküşlərində bişməcə və səpkilərin yaranmasına gətirib çıxarır, fiziki və psixoloji diskomfort törədir.
- Süd vəzisinin inkişafına təsir edən amillər
- İri süd vəzilərinin cərrahi korreksiyası
- Reduksion mammoplastikanın ağırlaşmaları
Makromastiya barədə ümumi məlumat
Makromastiya ilə əlaqədar qadının gündəlik fəaliyyəti və fiziki aktivliyi, intim həyatı, paltar seçimində müəyyən məhdudiyyətlər yaranır. Bu tip qadınlar ətrafdakıların baxışları və şəxsi komplekslərdən əziyyət çəkir. Həmçinin iri süd vəzisi bu orqanın xərçənginin erkən diaqnostikasına yönəldilmiş özünü müayinə prosesini çətinləşdirir.
Süd vəzisinin inkişafına təsir edən amillər
Qadınlarda süd vəzilərinin forma və ölçüsü fərdi xarakter daşıyır. Ölçü fərqi dərialtı piy qatının qalınlığı, forma fərqi isə süd vəzilərinin dəri və birləşdirici toxuma kapsulunun elastiklik və möhkəmliyindən asılıdır. Bəzi qadınlarda süd vəzilərinin cüzi və ya ifadəli asimmetriyası müşahidə edilir.
Bir sıra tədqiqatçıların fikrincə süd vəzilərinin optimal həcmi 275 sm³-ə bərabərdir, bu da «С» ölçüsünə müvafiqdir. Onlar iri həcmli süd vəzilərini hipertrofiya kimi qiymətləndirirlər. Lakin kiçik, orta və ya iri süd vəzilərini təyin edərkən bədən parametrləri – çəki, boy, bədən quruluşunun xüsusiyyətləri nəzərə alınmalıdır. Məsələn, 45-55 kq çəkiyə və 154-177sm boya malik arıq kompleksiyalı qadınlarda 150 – 200 sm³-a bərabər «В» ölçülü süd vəziləri mükəmməl harmonik görüntü yaradır.
Süd vəzilərinin ölçüsü irsiyyət, bədən çəkisi, hormonal fondan asılıdır. Qadınlarda süd vəziləri cinsi yetişkənlik dövründə böyüməyə başlayır, onların inkişafı və dəyişkənliyi ömrün sonuna qədər davam edir. Süd vəzisi hormondan asılı hədəf orqanı olduğundan həyatın müxtəlif mərhələlərində onun inkişafı estrogen, progesteron, prolaktin, böyrəküstü vəzilərin hormonları, tiroksin, insulin, boy hormonları tərəfindən stimulə edilir.
Sübut olunmuşdur ki, süd vəzilərinin cinsi yetişkənlik və ya hamiləlik dövründə baş verən hipertrofiyası bu orqanın hormonal dəyişikliklərə düzgün olmayan, izafi cavab reaksiyasıdır. Belə vəziyyətdə süd vəzisi sürətlə böyüyərək, iri ölçü və çəkiyə malik olur. Bu tip hallar hormonal terapiyaya tabe olmadığından pasiyentlərə reduksion mammoplastika (süd vəzilərinin kiçildilməsi) məsləhət görülür.
Həmçinin süd vəzilərinin birtərəfli hiperplaziyasının səbəb olduğu asimmetriya cərrahi korreksiyaya göstəriş sayılır. Süd vəzisinin birtərəfli böyüməsi skoliozla (onurğanın əyilməsi) əlaqəli olub, emosional gərginlik və psixoloji problemlərlə müşayiət edilə bilər.
Statistik məlumatlara görə məhz psixoloji və estetik diskomfort qadınları plastik cərraha müraciət etməyə vadar edir.
Plastik cərrahiyyədə süd vəzilərinin kiçildilməsinin konservativ üsulu liposaksiyadır. Bu üsulla yalnız cüzi dəyişikliklər etmək mümkündür. Liposaksiyanın əsas şərti ifadəli mastoptozun olmamasıdır.
Makromastiyanın cərrahi korreksiyası
Cərrahi əməliyyat zamanı süd vəzisindən artıq piy, vəzili epitel, birləşdirici toxuma və dəri xaric edilir, süd vəzisi ilə döş gilələrinin forması korreksiya olunur. Əksər hallarda reduksion mammoplastika areolanın kiçildilməsi ilə müşayiət olunur. Süd vəzisinin asimmetriyası zamanı orqanın kiçildilməsi əməliyyatı adətən mastopeksiya (dikləşdirmə) və ya digər süd vəzisinin böyüdülməsi ilə birgə aparılır.
Makromastiya-nın cərrahi korreksiyası ilə əlaqədar gələcəkdə döşlə qidalandırma mümkün olmaya bilər, bu səbəbdən reduksion mammoplastika reproduktiv planı olmayan qadınlara məsləhət görülür. Əməliyyatdan əvvəl pasiyent mammoloq tərəfindən konsultasiya olunur, süd vəzilərinin USM və ya mammoqrafiya aparılır.
Əməliyyatönü mərhələdə qadın gözlənilən nəticə, ehtimal olunan risklər, əməliyyatın texniki xüsusiyyətləri və postoperasion dövrün gediçi barədə məlumatlandırılmalıdır. Konsultasiya zamanı pasiyent plastik cərrahla birlikdə süd vəzisinin gələcək forma və ölçüsünün optimal variantını müəyyən edir.
İri süd vəzisi müxtəlif üsullarla kiçildilə bilər. Əgər pasiyent süd vəzisini kiçiltməklə yanaşı arıqlamağı da planlaşdırırsa, o zaman çəkinin azaldılması əməliyyatdan əvvəl həyata keçirilməlidir. Çünki qadının reduksion mammoplastikadan sonra arıqlaması əməliyyatın estetik nəticələrinə mənfi təsir göstərə bilər.
Əməliyyatın aparılma üsulu süd vəzisinin kiçildilmə dərəcəsi və fərdi göstəricilərdən asılıdır.
Vertikal (qısa) tikiş üsulu ilə reduksion mammoplastika – süd vəzisinin kiçiltmək məqsədilə ən çox tətbiq olunan əməliyyatdır. Onun üstünlükləri əməliyyatın qısa müddət ərzində bitməsi, süd vəzisinin təbii forması və döş gilələrinin həssaslığının qorunması, ağırlaşmaların yaranma riskinin aşağı olmasından ibarətdir. Maksimal estetik nəticələr bir süd vəzisindən 800 qrama qədər toxumanın çıxarılması zamanı əldə edilir. İri süd vəzisinin klassik kiçildilmə üsulu «yelkənə bənzər» (T-şəkilli) kəsikdən icra olunan əməliyyatdır. Bu üsuldan orqanı daha çox kiçiltmək tələb olunduqda istifadə edilir. Onun çatışmazlıqlarına kəsiklərin böyük olması və əməliyyatın uzun sürməsi aiddir.
Reduksion mammoplastikanın istənilən variantından sonra areolanın ətrafı, vəzinin aşağı qütbü və submammar büküşdə müxtəlif forma və uzunluqda tikişlər müşahidə edilir. Əməliyyatdan 6 ay keçdikdən sonra postoperasion çapıqlar solğunlaşır, tikişlər demək olar ki, nəzərə çarpmır.
Reduksion mammoplastika ümumi narkoz altında aparılır, onun davametmə müddəti orta hesabla 2-4 saat təşkil edir. Cərrahi korreksiyadan sonra 1 ay ərzində kompression geyimdən istifadə olunmalıdır.
Reduksion mammoplastikanın ağırlaşmaları
Əməliyyat zamanı və postoperasion dövrdə qanaxma, vəzi toxumaları (mastit) və tikişlərin iltihabı baş verə bilər. Reduksion mammoplastikanın uzaq ağırlaşmaları sırasına süd vəzisinin dərisi və döş giləsinin həssaslığının azalması, əmizdirmə qabiliyyətinin itirilməsi, postoperasion asimmetriya daxildir. Çapıqların ifadəliliyi sağalma prosesinin individual xüsusiyyətlərindən asılıdır.
Əməliyyat üsulunun düzgün seçilməsi, lazımı əməliyyatönü hazırlığın aparılması və plastik cərrahın peşəkarlığı reduksion mammoplastikadan sonra ağırlaşmaların yaranma ehtimalını miniumuma endirir.
Reduksion mammoplastika süd vəzisinin ölçüsünü kiçiltməklə yanaşı qadının həyat keyfiyyətini dəyişir, ailədaxili və intim münasibətləri yaxşılaşdırır.