Plastik əməliyyatlardan asılılıq
Plastik əməliyyatlardan asılılıq – cərrahi prosedurların köməyilə xarici görünüşü dəyişməyə səy göstərməklə xarakterizə olunan addiktiv davranış formasıdır. Pozğunluq özünə inamsızlıq, gözəllik barədə təhrif olunmuş təsəvvürlər əsasında inkişaf edir. Pasiyentlər heç bir real qüsur olmadığı halda plastik cərraha müraciət edir. Asılılığın diaqnostikası psixiatr və psixoloq tərəfindən aparılır. Müalicə koqnitiv-davranış psixoterapiyası, dəstəkləyici qruplarda iştirak etmək, medikamentoz korreksiyadan ibarətdir.
- Plastik əməliyyatlardan asılılığın yaranma səbəbləri
- Patogenez
- Plastik əməliyyatlardan asılılığın əlamətləri
- Ağırlaşmalar
- Diaqnostika
- Plastik əməliyyatlardan asılılığın müalicəsi
- Proqnoz və profilaktika
Plastik əməliyyatlardan asılılıq barədə ümumi məlumat
Plastik əməliyyatlardan asılılıq xəstəliklərin rəsmi təsnifatında qeyd olunmur. Cərrah və psixiatrlar dismorfobiya – bədənin hər hansı hissəsinin anormal görünməsi düşüncəsi əsasında yaranan addiksiya forması kimi qiymətləndirirlər. Klinik estetik cərrahiyyənin statistik məlumatlarına nəzərən pasiyentlərin 40%-i 1, 50-60%-i isə 2-4 əməliyyat keçirir və onların əksəriyyətini qadınlar təşkil edir.
Plastik əməliyyatlardan asılılığın yaranma səbəbləri
Plastik əməliyyatlardan asılılıq xarici görünüşdən narazıçılıq, özünü bəyənməmə əsasında formalaşır. Dismorfobiya şəxsi xüsusiyyətlər, təbliğ olunan gözəllik standartları, ünsiyyət qurmaqda çətinlik, kommunikativ vərdişlərin inkişaf etməməsi ilə əlaqədar yaranır. Bu pozğunluğun ən çox rast gəlinən səbəbləri aşağıdakılardır:
- Özünə inamsızlıq. Xarici görünüşdə olan qüsurların korreksiyası pasiyentləri daha aktiv və cəsarətli edir. Hər növbəti əməliyyatdan sonra insan özünə güvənin artacağına ümid edir.
- Diqqətə ehtiyac duymaq. Xarici görünüşün qısa müddət ərzində kardinal şəkildə dəyişməsi ətraf insanların müzakirə mövzusuna çevrilir. Periodik plastik əməliyyatlar pasiyenti daima «diqqət mərkəzində» saxlayır, bununla da ünsiyyətə ehtiyac kompensə olunur.
- Yaşlanma qorxusu. İnsanların düşüncəsində cavanlıq hər zaman sağlamlıq, xoşbəxtlik və uğurla assosiasiya olunur. Yaşlanmanın xarici əlamətlərinin aradan qaldırılması yaşla bağlı təbii proseslərin ləngiməsi illüziyasını yaradır və pasiyent şəxsi, intim münasibətlərdə özünü yenidən cavan hiss etməyə başlayır.
Plastik əməliyyatlardan asılılığın patogenezi
Asılılığın patogenezində psixoloji, fizioloji və sosial amillər mühüm rol oynayır. Emosional-şəxsi xüsusiyyətləri tərbiyə, valideynlər, müəllimlər, yaşıdların münasibətindən asılı olub, uşaqlıq dövründən formalaşır. Xarici görünüşü daima dəyişmək arzusu özünə inamsızlıq, diqqətə ehtiyac, istehza mənbəyinə çevrilmək qorxusu isə bağlıdır. Kütləvi informasiya vasitələrinin təbliğ etdiyi gözəllik standartları – arıqlıq, qadının sinə və sağrı nahiyəsinin ideal formaları xoşbəxt həyatın vacib şərt kimi təqdim edilməklə insanların bu barədə daha çox düşünməsinə səbəb olur.
Fizioloji asılılıq bir neçə prosedurdan sonra yaranır. Əməliyyat katexolaminlərin, xüsusilə adrenalinin ifrazını aktivləşdirən güclü stress faktorudur. Müqavimət fazasında pasiyentlər enerji, əmək qabiliyyəti və dözümlülüyün artmasını hiss edirlər. Bir neçə müddətdən sonra orqanizm bərpa olur, simpatiko-adrenal sistem adi qaydada işləməyə başlayır. Əvvəlki aktiv vəziyyəti qaytarmaq üçün xəstələr yenidən əməliyyata can atırlar.
Plastik əməliyyatlardan asılılığın əlamətləri
Addiktiv davranış mərhələli şəkildə inkişaf edir. Əvvəlcə xarici qüsuru cərrahi yolla korreksiya etmək barədə ideya formalaşır. Əksər hallarda bu fikir real olur – burun, süd vəziləri, qulaq seyvanının yüngül asimmetriyası, göz qapaqları, üz konturunun yaşla bağlı dəyişiklikləri. İlk əməliyyatdan sonra pasiyentlər özünü qiymətləndirmənin yüksəlməsi, sosial münasibətlərin normallaşması ilə əlaqədar həyat keyfiyyətinin yaxşılaşdığını qeyd edir. Yenilənmiş xarici görünüşə fizioloji və psixoloji adaptasiya prosesində xəstə özünü xoşbəxt hiss edir, ünsiyyətcil olur, peşə fəaliyyətində və şəxsi münasibətlərdə uğur qazanır.
Bu mərhələ başa çatdıqdan sonra yenidən «tənəzzül» dövrü başlanır. İnsan öz xarici görünüşünə öyrəşir, passivləşir, onun əmək qabiliyyəti və əhval-ruhiyyəsi pozulur, şəxsi münasibətlərdə və işdə problemlər yaranır. Əvvəlki təcrübənin nəticəsini xatırlayaraq, bu mürəkkəb problemi həll etmək üçün xəstə yenidən plastik cərraha müraciət edir. Enerjinin yüksəlmə və azalma sikli təkrarlanır. «Addiktiv ritm» mərhələsi başlanır – insan psixoloji pozğunluqlardan azad olmaq üçün periodik olaraq, əməliyyata səy göstərir. Prosedurlar nə qədər çox təkrarlanırsa, xəstə xarici qüsurlara bir o qədər kritik yanaşır. Son mərhələdə addiktiv davranış formalaşır – plastik əməliyyat istənilən problemə yeganə reaksiya üsuluna çevrilir. Keçirilən narahatlıqlar, qohumlar və dostların məzəmmətlərinə baxmayaraq, pasiyentlər özlərində hər hansı bir psixi pozğunluğun, asılılığın olmasını inkar edirlər.
Plastik əməliyyatlardan asılılığın ağırlaşmaları
Plastik asılılığın gecikmiş mərhələlərində insanın xarici görünüşündən narazıçılığı daha qabarıq formada olur: o, ətrafdakıların tənqidi fikirləri ilə razilaşmır, cərrahın əməliyyatlara son qoymaq barədə məsləhətlərinə qulaq asmır, ağırlaşmaların yüksək riskinə etinasız yanaşır. Addiksiya həyatın digər sahələri üzərində dominantlıq etməyə başlayır, əməliyyatlar artıq emosional məmnunluğa gətirib çıxartmır. Tez-tez aparılan cərrahi prosedurlar daxili orqanların – ürək, damarlar, böyrəklərin fəaliyyətini pozur. Ölüm ehtimalı yüksəlir.
Plastik əməliyyatlardan asılılığın diaqnostikası
Estetik əməliyyatlardan asılılıq pasiyentin yaxın qohumları və plastik cərrah tərəfindən aşkarlanır. Xəstə özü çox nadir hallarda, əsasən emosional problemlər – xarici görünüşü bəyənməmə, depressiya, apatiya səbəbindən həkim-psixiatra müraciət edir. Diaqnostika sorğu formasında aparılır. Həkim ailəvi anamnez, xəstənin həyatı, peşə fəaliyyəti barədə ətraflı məlumat toplayır, icra olunan əməliyyatların motivini aydınlaşdırır. Sorğu zamanı özünü qiymətləndirməyə xüsusi diqqət yetirilir, əməliyyatların sayı və məqsədi dəqiqləşdirilir. Belə ki, bədən quruluşunda anadangəlmə qüsurları olan, çoxsaylı travma və yanıqlara məruz qalan xəstələrin ardıcıl olaraq, 3 və ya daha çox əməliyyat keçirməsi yolveriləndir.
Plastik əməliyyatlardan asılılığın müalicəsi
Müalicə asılılığın səbəblərinin aradan qaldırılmasına – özünü qiymətləndirmənin korreksiyası, xarici gözəllik barədə fikirlərin dəyişilməsi, narahatlıq və depresiyanın uzaqlaşdırılması, relaksasiya, özünü realizasiya üsullarının axtarışına yönəldilir. Asılılığın müalicəsi psixoterapevt və psixiatr tərəfindən həyata keçirilir. Kompleks yanaşmaya aşağıdakı üsullar daxildir:
- Кoqnitiv-bixevioral psixoterapiya. Bu üsulun mahiyyəti destruktiv fikirlərin dəyişdirilməsi və yeni davranış modelinin yaradılmasından ibarətdir. İlkin mərhələdə pasiyentin sağlamlıq, gözəllik, mənfi və müsbət xüsusiyyətləri barədə təsəvvürləri üzərində işlənilir. İkinci mərhələdə özünə inamsızlıq, ətrafdakı insanların fikirlərindən asılılıq, sosial qorxularla (etinasızlıq, tək qalma qorxusu) mübarizə aparmağa kömək edən xüsusi proqram tərtib olunur.
- Qrup şəklində görüşlər. Pasiyentlər kommunikativ vərdişləri yaxşılaşdırmağa və addiksiyadan azad olmağa istiqamətləndirmiş müxtəlif treninqlərdə iştirak edə bilər. Digər iştirakçılarla ünsiyyət qurmaqla xəstələr emosional problemlərini bölüşür, bir-birlərinə dəstək olur.
- Medikamentoz korreksiya. İfadəli davranış və emosional əlamətlər: ağlağanlıq, həyəcan, əhval-ruhiyyənin enməsi müşahidə olunduqda psixiatr tərəfindən antidepressant, anksiolitik, sedativ vasitələr, neyroleptiklər təyin edilir.
Plastik əməliyyatlardan asılılığın proqnoz və profilaktikası
Plastik əməliyyatlardan asılılıq-dan yalnız pasiyentin istəyi ilə azad olmaq mümkündür. Psixoterapevt, psixiatr və yaxın insanların kompleks şəklində yardım etdikləri təqdirdə proqnoz qənaətbəxş olur. Profilaktika uşaqlıq dövründən aparılmalıdır. Tərbiyyə prosesində uşağın xarici görünüşü deyil, şəxsi dəyərləri – bilik və bacarıqları xüsusi vurğulanmalıdır. Yaşlanma ilə bağlı dəyişikliklərə və insanların estetik qüsurlarına (çömçə qulaq, burun donqarı, çapıqlar, asimmetriya) qarşı tolerant münasibət nümayiş etdirilməlidir.