Ginekoloji müayinə
Ginekoloji müayinə – xarici və daxili cinsiyyət orqanlarının vəziyyətini obyektiv qiymətləndirmə üsuludur. Bunun üçün pasiyent xüsusi kresloda uzanır. Ginekoloq vulva və aralıq nahiyəsini gözdən keçirdikdən sonra uşaqlıq yolunu və boynunu xüsusi güzgülərlə müayinə edir. Göstərişlərə əsasən bimanual, rektal, rektovaginal müayinələr yerinə yetirilir. Ehtiyac olduqda analiz üçün yaxma götürülür.
Ginekoloji müayinə xarici cinsiyyət orqanlarına vizual baxışdan başlanır. Həkim böyük və kiçik cinsiyyət dodaqlarının quruluşunu, parauretral və uşaqlıq yolu dəhlizindəki vəzilərin, uretranın vəziyyətini dəyərləndirir. Sonra cinsiyyət dodaqlarını aralayaraq, cinsi yarığın açılmasına diqqət yetirir. Uşaqlıq yolu və uşaqlığın sallanmasını üzə çıxarmaq üçün pasiyentə gücənmək təklif olunur.
Müayinənin növbəti mərhələsi ginekoloji güzgülərlə uşaqlıq yolu və boynunun yoxlanılmasıdır. Bu məqsədlə müxtəlif ölçülü, birdəfəlik, steril güzgülərdən istifadə olunur. Güzgünü uşaqlıq yoluna daxil etmək üçün ginekoloq baş və göstərici barmaqlarla cinsiyyət dodaqlarını aralayır. Güzgü bağlı şəkildə daxilə salınır, sonra içəridə açılır. Müayinə əsnasında uşaqlıq boynunun forması (silindrik, konusvari, deformasiyalaşmış), onun ölçüsü, vəziyyəti, selikli qişaların rəngi, ifrazatların xarakteri, patoloji proseslər (eroziya, displaziya) müəyyən edilir.
Sonra həkim II-III barmaqlarını xəstənin uşaqlıq yoluna daxil edir. Aralıq, çanaq dibi əzələləri, uşaqlıq yolu və boynunun divarlarını yoxlayır. Ardınca ikiəlli müayinə (vaginoabdominal, bimanual) aparır. Onun köməyilə uşaqlıq və onun artımları, çanaq peritonunun vəziyyəti qiymətləndirilir. Bunun üçün ginekoloq sağ əlinin barmaqlarını uşaqlıq yoluna salır, sol əlini isə qarın divarını qoymaqla, onu palpasiya edir. Uşaqlığın müayinəsi onun vəziyyətini, formasını, ölçüsünü və hərəkətliyini təyin etməyə imkan verir. Yumurtalıq və uşaqlıq borularını yoxlamaq məqsədilə həkim əllərini çanağın sol və sağ kənarlarına tərəf sürüşdürür. Bu orqanlar sağlam olduqda adətən əllənmir. İkiəlli müayinə vasitəsilə həmçinin kiçik çanaqdakı infiltratlar aşkar edilir.
Ginekologiyada rektal və rektoabdominal müayinələr qız uşaqlarında, eləcə də uşaqlıq yolunun atreziyasında, cinsiyyət sisteminin şiş və iltihabi proseslərində aparılır. Rektovaginal müayinə uşaqlıq yolunun arxa, düz bağırsağın isə ön divar divarının xəstəliklərində yerinə yetirilir. Bu zaman ginekoloq sağ əlinin 2-ci barmağını qadının uşaqlıq yoluna, 3-cü barmağını düz bağırsağa salır.
Ginekoloji müayinə, yaxmanın götürülməsi də daxil olmaqla adətən 10-15 dəqiqədən çox davam etmir.