Uşaqlığın zədələnməsi
Uşaqlığın zədələnməsi – mexaniki, kimyəvi, termiki, şüa və digər amillərin təsirindən uşaqlıq boynu və cisminin toxumalarının anatomik tamlığının pozulmasıdır. Adətən uşaqlığın zədələnməsi qanaxmalar, qarnın aşağı hissəsində ağrılarla müşayiət olunur; fistulaların formalaşması mümkündür. Gələcəkdə belə zədələnmələr düşüklər və ya sonsuzluğa səbəb ola bilər. Uşaqlığın zədələnməsi ginekoloji baxış, servikoskopiya, histeroskopiya, USM, diaqnostik laparoskopiya vasitəsilə aşkarlanır. Müalicə taktikası (konservativ və ya cərrahi) zədələyici amilin növü və travmanın xarakterindən asılıdır.
- Uşaqlığın zədələnməsinin yaranma səbəbləri
- Uşaqlığın zədələnməsinin növləri
Uşaqlığın zədələnməsi barədə ümumi məlumat
Uşaqlığın zədələnməsi – anatomik qüsurların yaranmasına və orqanın funksiyasının pozulmasına səbəb olan müxtəlif travmalardır. Əksər hallarda tibbi müdaxilələr və doğuşlar zamanı baş verir. Uşaqlığın zədələnmələrinə əzilmə, cırılma, perforasiya, fistulalar, şüa, kimyəvi və termiki travmalar aiddir. Uşaqlığın zədələnməsi zamanı təcili tibbi yardımın göstərilməsi tələb olunur, çünki belə hallar qanaxma, ağrı şoku, infeksiyalaşma ilə müşayiət edilir və gələcəkdə reproduktiv funksiyanın ciddi pozğunluqlarına gətirib çıxara bilər. Doğuş travmaları özünəməxsus yaranma səbəbləri və xüsusiyyətlərə malik olduğundan ayrıca məqalədə təsvir edilmişdir. Uşaqlıqdaxili manipulyasiyalar, əməliyyatlar və ya cinsi akt zamanı daxili cinsiyyət orqanlarının travmaları ginekoloji stasionarda hospitalizasiya hallarının təxminən 0,5%-ni təşkil edir.
Uşaqlığın zədələnməsinin səbəbləri
Uşaqlıq cisminin və ya boynunun cırılmaları çox zaman doğuş prosesində baş verir, lakin onların süni abort və ya diaqnostik qaşınma zamanı da yaranması mümkündür. Doğuş travmaları adətən iri dölün doğulması, sürətli doğuşlar, uşaqlıq boynunun çapıq deformasiyası və ya rigidliyi, doğuş prosesində mamalıq vəsaitlərinin (mamalıq maşalarının qoyulması, dölün vakuum-ekstraksiyası və dölparçalayıcı əməliyyatların aparılması və s.) istifadəsi ilə bağlıdır. Uşaqlığın cırılmasına Qeysəriyyə əməliyyatı, miomektomiya, uşaqlığın tikilməsindən sonra yaranan çapıq toxumasının çatışmazlığı səbəb olur. Belə hallarda uşaqlıq növbəti hamiləlik və doğuş fəaliyyəti zamanı cırıla bilər.
Uşaqlığın cırılması bəzən uşaqlıq yoluna itiuclu yad cisimlərin yeridilməsi prosesində baş verir. Uşaqlıq boynunun travmatik nekrozu onun zahının çanaq divarları ilə dölün başı arasında sıxılması nəticəsində inkişaf edir. Bu tip vəziyyətlər dar çanaq, zəif doğuş fəaliyyəti, uşaqlıq boynunun çapıq deformasiyası zamanı yarana bilər. Uşaqlığın perforasiyası yatrogen səbəblərlə – abort, uşaqlıq boşluğunun zondlanması, diaqnostik qaşınma, histeroskopiya, uşaqlıqdaxili kontraseptivin yeridilməsi və digər uşaqlıqdaxili prosedurları yerinə yetirən tibbi personalın yanlış və kobud hərəkətləri ilə əlaqədardır. Uşaqlığın divarının deşilməsinə həmçinin müxtəlif patoloji vəziyyətlər: doğuşdan sonra formalaşan çapıqlar, endometriumun xərçəngi, endometrit və s. səbəb olur.
Uşaqlığın əzilmələrinə əsasən hamilələrdə rast gəlinir; bəzi hallarda belə zədələnmələr yıxılma, qarın nahiyəyə küt travma, avtomobil qəzaları zamanı baş verə bilər. Periton-uşaqlıq, sidik kisəsi-uşaqlıq, sidik axarı-uşaqlıq fistulaları doğuş travmaları, cərrahi müdaxilələrdən sonra ikincili sağalan yaralar, ginekoloji əməliyyatlar zamanı sidik kisəsi və ya sidik axarlarının yatrogen zədələnmələri, bədxassəli şişlərin parçalanması, şüa təsirləri və s. ilə əlaqədar yaranır.
Uşaqlığın termiki və kimyəvi zədələnmələri az hallarda müşahidə olunur. Termiki travmalar adətən qaynar məhlullarla şırınqalama nəticəsində baş verir. Uşaqlığın kimyəvi zədələnməsi yandırıcı təsirə malik vasitələrin (gümüş-nitrat, sirkə və ya azot turşusu), eləcə də kriminal abort məqsədilə uşaqlıq boşluğuna bilərəkdən kimyəvi maddələrin yeridilməsi ilə bağlı olur.
Uşaqlığın zədələnməsinin növləri
Uşaqlığın əzilməsi
Hamilələrdə uşaqlığın əzilmə riski hestasiya müddətinin artmasına mütənasib şəkildə yüksəlir. İzoləolunmuş əzilmələr düşük, ciftin vaxtından qabaq ayrılması və ya vaxtından əvvəl doğuşla nəticələnə bilər. Cinsi yollardan axan qanlı ifrazat, qarında ağrı, uşaqlığın tonusunun artması əksər hallarda bu ağırlaşmalara dəlalət edir. Xorionun xovlarının zədələnməsi hallarında döl-ana transfuziyası inkişaf edə bilər, bu zaman dölün qanı ananın qan cərəyanına daxil olur. Belə vəziyyət döl üçün təhlükəli hesab olunur: onun anemizasiyası, hipoksiyası, eləcə də bətndaxili ölümünə gətirib çıxara bilər. Qarnın ağır küt travması zamanı qaraciyər, dalaq, uşaqlığın cırılması mümkündür, bu tip zədələnmələr qarındaxili massiv qanaxmalarla müşayiət edilir.
Travmanın ağırlığı, hamilə və dölün vəziyyətinin qiymətləndirilməsi üçün fizikal və laborator müayinələrdən əlavə, ginekoloji baxış, uşaqlıq və dölün USM, KTQ aparılır. Çanaq boşluğunda qanın aşkar olunması üçün kuldosentez və ya peritoneal lavaj tətbiq edilir.
Uşaqlığın zədələnmələrinin və onların ağırlaşmalarının müalicəsi travmanın ağırlığı və hestasiya müddətinə əsasən aparılır. Yüngül zədələnmələr və hestasiyanın erkən mərhələlərində USM-nəzarət və KTQ-monitorinq ilə dinamik müşahidə həyata keçirilir. Doğuşa yaxın müddətlərdə hamiləliyin vaxtından qabaq başa çatdırılması barədə qərar qəbul edilir. Qarın boşluğunda qan aşkar edildikdə təcili laparotomiya, qanın dayandırılması və zədələnmiş orqanların tikilməsi icra olunur. Döl-ana transfuziyası zamanı bətndaxili qan köçürmə tələb oluna bilər.
Uşaqlığın cırılması
Uşaqlıq boynunun kiçik ölçülü cırılmaları simptomsuz gedə bilər. İri və dərin qüsurlar zamanı al-qırmızı rəngdə qanlı ifrazat müşahidə olunur: qan şırnaq şəklində və ya laxtalarla ifraz olunur. uşaqlıq boynunun cırılmaları adətən klinik əlamətlər və ya vaginal müayinədə aşkarlanır. Belə zədələnmələrdə uşaqlıq boynuna ketqut tikişlər qoyulur. Uşaqlığın bu tip travmaları vaxtında müəyyən edilmədikdə və ya düzgün tikilmədikdə gələcəkdə onlar parametriumda hematomalar, servisit, doğuşdan sonrakı endometrit, uşaqlıq boynunun ektropionu və eroziyası ilə fəsadlaşa bilər.
Uşaqlığın cırılması qarında kəskin kəsici ağrı, dəri və selikli qışaların solğunluğu, arterial təzyiqin azalması, soyuq tərlə müşayiət olunur. Cırılma doğuşun aktiv fazasında baş verdikdə, doğuş fəaliyyəti dayandırılır. Qarındaxili qanaxmanın əlamətləri və cinsi yollardan qan axını baş verir. Dölün hissələri qarnın ön divarının altında əllənir. Xəstənin ümumi halı çox ağır olur. Uşaqlığın cırılması ümumi obyektiv və xarici mamalıq müayinəsi, USM, kardiotokoqrafiyanın nəticələrinə əsasən təyin edilir. Belə hallarda təcili Qeysəriyyə əməliyyatı aparılır, uşaqlıq və qarın boşluğu reviziya olunur. Cərrahi müalicənin müxtəlif variantları – cırılmanın tikilməsi, uşaqlığın supravaginal amputasiyası və ya radikal çıxarılması tətbiq edilə bilər.
Uşaqlığın perforasiyası
Cərrahi alətlə uşaqlığın divarının cırılması zamanı qarındaxili və ya qarışıq qanaxma inkişaf edir. Xəstələr qarnın aşağı hissəsində kəskin ağrılar, qanlı ifrazat, başgicəllənmələr və zəiflikdən şikayət edir. Massiv daxili qanaxma hallarında arterial hipotoniya, taxikardiya, dəri örtüklərinin solğunluğu qeyd olunur. Uşaqlığın zədələnməsi ilə sidik kisəsi və ya bağırsağın travmaları ilə yanaşı gedə bilər. Uşaqlığın perforasiyasının ən çox rast gəlinən ağırlaşmalarına peritonit aiddir.
Uşaqlıq divarının deşilməsi xarakterik əlamətlərə (alətin «sürüşməsi», bağırsaq ilgəyinin vizualizasiyası və s.) görə uşaqlıqdaxili manipulyasiyalar zamanı aşkarlana bilər. Bu zaman diaqnoz histeroskopiya, kiçik çanaq orqanlarının transvaginal USM vasitəsilə təsdiqlənir. Uşaqlığın dəlib-keçən zədələnmələrinin əsas müalicə üsulu cərrahi müdaxilədir (cırılmanın tikilmısi, subtotal və ya total histerektomiya).
Uşaqlığın fistulaları
Periton-uşaqlıq fistulaları uşaqlıq boşluğunu qarnın ön divarı ilə birləşdirir. Xarici fistulalara aiddir. Fistula yolunun xarici dəliyi əksər hallarda tikiş və ya postoperasion çapıq nahiyəsinə açılır. Fistulanın olması fistula yolunun iltihabi ilfiltrasiyası tərəfindən təmin olunur. Fistulanın dəri dəliyindən vaxtaşırı qan və irinin ifrazı ilə təzahür edir. Fistulalar baxış və histeroskopiyanın aparılması zamanı aşkarlanır. Müalicə fistula yolunun kəsilməsi və uşaqlığın tikilməsi ilə icra edilir.
Sidik kisəsi-uşaqlıq fistulasının əsas əlamətlərinə siklik menouriya (Yussif simptomu), uşaqlıq yolundan sidiyin ifrazı, sidik kisəsində qan laxtalarının toplanması ilə əlaqədar sidik ifrazının çətinləşməsi, ikincili amenoreya aiddir. Sidik axarı-uşaqlıq fistulaları uşaqlıq yolundan sidiyin axması, beldə ağrılar, hidroureteronefrozun səbəb olduğu qızdırma ilə təzahür edir. Urogenital fistulalar vaginal müayinə, sistoskopiya, histeroqrafiya zamanı müəyyən edilir. Müalicə: fistulaların cərrahi yolla bağlanması (fistuloplastika), sidik axarının plastikası.
Uşaqlıq-bağırsaq fistulaları bağırsağın zədələnməsi ilə müşayiət olunan uşaqlığın perforasiyası, konservativ miomektomiya və ya Qeysəriyyə əməliyyatından sonra yaranan absesin bağırsağa açılması nəticəsində əmələ gələ bilər. İltihabi mənşəli uşaqlıq-bağırsaq fistulaları residivləşən gedişə malik olur. İrinciyin yoğun bağırsağa açılmasından əvvəl qarnın aşağı hissəsində ağrı, hipertermiya, titrətmə, tenezmlər intensivləşir. Nəcisdə selik və irin izlənilir. Absesin boşalmasından sonra xəstənin vəziyyəti yaxşılaşır. Fistula dəliyinin qısa zaman ərzində obliterasiyası ilə əlaqədar absesin boşluğunda yenidən irin toplanır, xəstəlik yenidən kəskinləşir.
Diaqnostik məqsədlə vaginal müayinə, kombinəolunmuş ginekoloji USM, rektovaginal müayinə, rektoromanoskopiya, fistuloqrafiya, kiçik çanağın KT və MRT tətbiq olunur. Bu tip patologiyaların müalicəsi ancaq cərrahi yolla aparılır; «bağırsaq» və «ginekoloji» mərhələlərdən ibarət olur. Müdaxilənin detalları əməliyyat edən ginekoloq və proktoloq tərəfindən müəyyənləşdirilir. Adətən nekrotik toxumaların kəsilməsi və bağırsağın tamlığının bərpası uşaqlığın supravaginal amputasiyası və ya ekstirpasiyası ilə müştərək şəkildə aparılır.
Uşaqlığın kimyəvi və termiki zədələnmələri
Uşaqlığın bu cür zədələnmələrindən sonra kəskin dövrdə endomiometritin klinikası inkişaf edir. Bədən hərarəti yüksəlir, qarnın aşağı hissəsində ağrı yaranır, bəzən uşaqlığın nekrozlaşmış selikli qişasının ayrılması ilə əlaqədar qanlı ifrazatlar müşahidə olunur. Belə travmalar peritonit və sepsislə ağırlaşa bilər. Termiki və kimyəvi zədələnmələrin sağalmasından sonra uşaqlıq boynunun çağıq deformasiyaları, servikal kanalın atreziyası, uşaqlıqdaxili sinexiyalar formalaşa bilər. Uzaq dövrlərdə hipomenstrual sindrom və ya amenoreyanın, sonsuzluğun inkişafı mümkündür.
Diaqnostika anamnezin dəqiqləşdirilməsinə (uşaqlıq yoluna isti məhlullar və ya kimyəvi vasitələrin yeridilməsi faktının aşkar edilməsinə), vaginal müayinə və ginekoloji USM nəticələrinə əsaslanır. Müalicə – dezintoksikasion və antibakterial terapiya. Peritonitin inkişafı zamanı laparotomiya, qarın boşluğunun sanasiyası və drenajlanması; uşaqlığın geniş əhatəli nekrotik zədələnmələrində orqanın ekstirpasiyası icra edilir. Gələcəkdə servikal kanalın keçiriciliyinin bərpası məqsədilə onun bujlanması aparılır. Aşerman sindromunda sinexiyaların histeroskopik ayrılması göstəriş hesab olunur.