Diş ağrısı
Diş ağrısı – diş xəstəliyi sayılan karies, pulpit və yaxud periodontitin əlamətidir. Karies zamanı ağrı soyuq, isti, şirin və turş qidaların qəbulundan yaranır. Qıcıqlandırıcı aradan qalxdıqda diş ağrısı keçib gedir. Pulpit üçün üçlü sinir boyunca gicgah və qulaq nahiyəsinə yayılan tutmaşəkilli ağrı xarakterikdir. Periodontit isə daimi, lokal, pulsasiyaedici ağrı ilə müşayiət olunur. Belə hallarda xəstə dişə toxunduqda ağrı daha da güclənir. Diş ağrısı əhval-ruhiyyəni korlayır, əmək qabiliyyəti, qidalanma və yuxu rejiminə mənfi təsir göstərir.
Diş ağrısı haqqında ümumi məlumat
Diş ağrısı – diş və ya onun yaxınlığındakı toxumalarda yerləşən sinirin zədələnməsi nəticəsində baş verir. Ağrı qəfil formalaşaraq, adətən uzunmüddətli olur. İsti və ya təzyiq diş ağrısının formalaşmasına təkan verir.
Diş ağrısının səbəbləri
Diş toxumalarının infeksiyalaşması ilə gedən dərin kariesdə xəstə kəskin ağrıdan şikayətlənir. Ağrı yalnız qıcıqlandırıcının təsirindən meydana çıxır. Dişin çatlaması, düzgün qoyulmamış plomb, dişin boyun hissəsində dentinin üzərinin açılması – diş ağrısının əsas səbəblərindəndir.
Pulpit zamanı diş ağrısı öz-özünə baş verir. Ağrı yemək vaxtı, qıcıqlandırıcıların zədələnmiş dentinə təsirindən yarandığı kimi, sakitlik halında, xüsusən gecə saatlarında da əmələ gəlir. Ağrı daimi sızıltı və ya tutma şəklində olur. Pulpit ağrısının xarakterik cəhəti onun gicgah və ya qulağa yayılmasıdır. Belə ağrıya uzun müddət dözmək mümkün deyil.
Diş zirvəsini əhatə edən toxumaların iltihabı – parodontit sızıltılı və ya şiddətli ağrı törədir. Diş ağrısı əksərən pulsasiyaedici olur. Dişə toxunduqda ağrı güclənir. Diş əti şişir və iltihablaşır. Diş tərpənir.
Diş ağrısının klinik təzahürləri
Kəskin diş ağrısı adətən pulpitə işarə edir. Bu xəstəlik karioz boşluqdan pulpaya keçən streptokokk və onun toksinləri tərəfindən yaranır. Pulpit zamanı tutmaşəkilli ağrılar axşam və gecə saatlarında baş verir. Gündüz vaxtı isə ağrıya zədələnmiş dişin üzərindən basılması gətirib çıxarır.
Diş ağrısı periodontit mənşəli olduqda intensiv xarakter daşıyır. Belə ki, iltihabi prosesə nəinki dişin özü, həm də onun kök hissəsinin zirvəsini əhatə edən sümük toxuması qoşulur. Ağrıya səbəb sinir uclarının tədricən dağılması və bağ aparatının dağılmasıdır. Belə vəziyyətlərdə diş hərəkətli olur, yüngül toxunuşdan kəskin ağrı yaranır. Xəstə dişin üzərini döyəclədikdə ağrı xeyli artır.
Ağrı dişin absesi ilə əlaqəli olduqda, başlıca əlamət ağız boşluğunda məhdud irinlik və pulsasiyaedici şişkinlik sayılır. Şişkin hissədə güclü ağrı müşahidə edilir.
Sinir məhv olduqda ağırlaşmalar inkişaf edir. Bu zaman ağrı hissi olmur, lakin iltihabi proses davam edir. Ən çox rast gəlinən fəsadlara abses, fleqmona və osteomielit aiddir.
Diş ağrısının diaqnostikası
Diaqnoz pasiyentin şikayətləri, subyektiv və obyektiv müayinə əsasında qoyulur. Əlavə olaraq, zədələnmiş dişin rentgenoqrafiyası və radiovizioqrafiyası aparılır.
Adi diş ağrısını digər xəstəliklərlə differensiasiya etmək lazımdır. Çənə şişləri və haymor boşluğunun iltihabı – haymorit karies və periodontitdəki ağrıya bənzər narahatlıq törədə bilir.
Diş ağrısının müalicəsi
Müalicə taktikası ağrının səbəbindən asılıdır. Diş ağrısı pulpit səbəbindən baş verdikdə, pulpa xaric edilir, kanallar plomblanır.
Diş ağrısı gecə yaranarsa və stomatoloqun qəbuluna getmək mümkün olmazsa, o zaman ağrını aradan qaldırmaq lazımdır.
İlk növbədə dişlər fırçalanmalı, karioz boşluqlar qida qalıqlarından təmizlənməlidir. Qida qəbulunu təxirə salmaq məsləhətdir, çünki bu, diş ağrısının yenidən baş qaldırmasına səbəb ola bilər. Stomatoloqlar ilıq soda məhlulu ilə zədələnmiş dişi yumağı tövsiyə edirlər. İbuprofen, natrium metamizol və digər analgetiklərin daxilə qəbulu ağrını kəsir. Bu tabletləri dişin üzərinə qoymaq olmaz. Əks halda selikli qişanın kimyəvi yanığı baş verə bilər.
Müəyyən səbəblərdən həkimə getməyə imkan olmadıqda müalicəvi bitkilərin faydalı təsirlərinə əsaslanan xalq təbabəti vasitələri müvəqqəti formada ağrını yox edir. Məsələn, bağayarpağının kökünü dişin üzərinə qoysanız, ağrının azaldığını hiss edəcəksiniz. Yadda saxlayın ki, spirtli içkilər analgetik sayılmır. Onların dərman vasitələri ilə birgə qəbulu vəziyyəti ağırlaşdıra bilər.
Nöqtəvi masaj və ya akapunktura qısa zaman ərzində ağrını aradan qaldırır. Bunun üçün burunla üst dodaq arasındakı çuxuru basmaq lazımdır. Amma unutmayın ki, ağrı itsə də, əsas səbəb qalır. Bu səbəbdən müəyyən müddətdən sonra diş ağrısı qayıdır. Karioz boşluq böyüdükcə ağrının intensivliyi də artır. Periodontitdə isə analgetikin təsir müddəti bitdikdə diş ağrısı yenidən meydana çıxır. Buna əsaslanaraq, sadalanan tədbirlər sadəcə kəskin diş ağrısında təcili yardım məqsədi daşıyır. Sonrakı taktika əsas xəstəliyə nəzərən seçilir.