Qabırğa ağrısı

Oxuma vaxtı: 12 dəq Oxunma sayı: 44369

Qabırğa ağrısının müalicəsiQabırğa ağrısı – sümük strukturlarında, yaxınlıqdakı yumşaq toxumalarda, onurğanın döş şöbəsində və sinirlərdə gedən patoloji proseslərlə əlaqədar yaranır. Ağrı kəskin, küt, zəif, intensiv, daimi, qısamüddətli, sızıltılı, deşici, sıxıcı ola bilər. Dərindən nəfəs aldıqda və yaxud bədən vəziyyətini dəyişdikdə qabırğa ağrısı daha da güclənir. Diaqnoz anamnestik məlumatlar, fiziki baxış, rentgenoqrafiya, KT və digər müayinələrin nəticələrinə əsasən qoyulur. Ağrı sindromu analgetiklər və fizioterapevtik müalicə üsulları ilə aradan qaldırılır.

  • Yaranma səbəbləri
  • Diaqnostika
  • Müalicə 

Qabırğa ağrısının səbəbləri  

Travmatik zədələnmələr

Qabırğa ağrısı nədən yaranır?Qabırğanın əzilməsi mülayim ağrı, şişkinlik, bəzən isə dərinin göyərməsi ilə özünü büruzə verir. Zədələnmiş nahiyəyə toxunduqda və dərindən nəfəs aldıqda ağrı artır. Zədə zonasından uzaqda qabırğanın üzərindən basdıqda və döş qəfəsinə ön-arxa istiqamətdə təzyiq göstərdikdə ağrı olmur. Bu, qabırğanın tamlığının saxlanılmasından xəbər verir. Ağrı 1-2 həftədən sonra keçib gedir.

Qabırğa sındıqda ağrı kəskin və intensiv olur. Öskürdükdə, danışdıqda, hətta cüzi hərəkət etdikdə ağrı artır, oturduqda isə azalır. Zədələnmiş hissəni əllədikdə kəskin ağrı, bəzən isə krepitasiya müəyyən edilir.  Döş qəfəsinə təzyiq və zədə zonasından bir qədər uzaq yerdə həmin qabırğanın palpasiyası sınıq olan sahədə kəskin ağrı törədir. Yan və ön hissələrin sınıqlarında tənəffüs pozulur. Çoxsaylı zədələnmələrdə ümumi vəziyyət pisləşir, bir sıra hallarda şok baş verir. Dərialtı toxumanın yüngül cırıltısı, artan təngnəfəslik ağciyərin cırılmasına dəlalət edir.  

İltihabi xəstəliklərdə qabırğa ağrısı

Qabırğa ağrısının əlamətləriQabırğa ağrısı bəzən soyuqlama və yaxud fiziki gərginliklə əlaqədar qabırğaarası əzələlərin miozitində müşahidə olunur. Belə vəziyyətlərdə ağrı qeyri-intensiv, küt olub, dərindən nəfəs alma və kəskin hərəkət zamanı güclənir. Palpasiyada ağrı azacıq güclənir, qabırğaarası sahədə bir qədər şişkinlik aşkarlanır.  

Qabırğaların aseptik periostiti əsasən zədələnmə nəticəsində yaranır. Xəstəlik palpasiya zamanı artan, daimi xarakterli, lokal, sızıltılı ağrı və cüzi ödemlə gedir. Simptomlar adətən 5-7 gün ərzində itir. İltihabi ocaq və döş qəfəsinin yumşaq toxumalarının infeksiyalaşmış yaraları fonunda formalaşan irinli periostitdə ağrı kəskin və intensiv olur. Bu halda qabırğa ağrısı qəfil meydana çıxır, sürətlə artır, titrətmə və qızdırma ilə müşayiət olunur.

Qabırğanın osteomielitinə nadirən rast gəlinir. Patologiyaya açıq sınıqlar, odlu silah yaraları, əməliyyat, yumşaq toxumaların irinləməsindən sonra təsadüf olunur. Osteomielitin bu forması üçün şiddətli ağrı, qızdırma, yaranın dibinin boz ərplə örtülməsi və yaxud oradan külli miqdarda irinli ifrazatın axması xarakterikdir. Fistula formalaşdıqdan sonra ağrı xeyli azalır.  

Plevritdə ağrı sindromu plevra boşluğunda əmələ gəlir. Onu bəzən yanlış olaraq, qabırğa ağrısı kimi qələmə verirlər. Eksudativ plevrit yayılmış küt ağrı, yan tərəfdə ağırlıq hissi, təngnəfəslik, öskürək və qızdırma ilə təzahür edir. Quru plevritdə ağrı deşici olub, hərəkət və tənəffüs zamanı güclənir, zədələnmiş tərəfdə uzandıqda zəifləyir.  

Onkoloji xəstəliklərdə qabırğa ağrısı

Xondroma adətən bədənin yuxarı hissəsindəki qabırğalarda, sümük-qığırdaq keçidində inkişaf edir. Qabırğa ağrısı sümükdə sərt qabarıqlığın formalaşmasından bir neçə ay və ya il keçdikdə meydana çıxır. Ağrı lokal, mülayim, küt, sızıltılı olur. Xoşxassəli olmasına baxmayaraq, xondroma plevraya sirayət edə bilər. Belə vəziyyətlərdə ağrının intensivliyi artır, dərindən nəfəs alma güclü ağrı ilə müşayiət olunur.

Xondrosarkoma zamanı klinik şəkil törəmənin bədxassələşmə dərəcəsindən asılı olur. Yüksəkdifferensiasiyalı şişlərdə ağrı yungül olub, bir neçə il ərzində proqressivləşir, gecələr güclənir, qeyri-narkotik analgetiklərin qəbulundan sonra tam itməsə də azalır. Aşağıdifferensiasiyalı neoplaziyalarda ağrı 1-3 ay müddətində sürətlə artır, ağrıkəsicilərin təsirinə çətin tabe olur.

Yuinq sarkoması uşaqlarda və cavan şəxslərdə yaranır, zəif və yaxud mülayim xarakterli, dalğavari ağrılarla özünü büruzə verir. Ağrı daimi və intensiv olub, xəstəni gecə saatlarında da narahat edir, tənəffüs və hərəkəti məhdudlaşdırır. Tənəffüs çatışmazlığı və qanhayxırma mümkündür. Xondrosarkoma, eləcə də Yuinq sarkomasında qabırğa ağrısı ilə yanaşı, ümumi vəziyyətin pisləşməsi, arıqlama, halsızlıq, zədələnmiş hissədə venaların lokal genişlənməsi qeydə alınır.  

Nevroloji səbəblərdən qabırğa ağrısı

Qabırğa ağrısının bağlıca nevroloji səbəbi qabırğaarası nevralgiyadır. Ağrı qəfil yaranır, birtərəfli, kəskin xarakterli olur, onurğadan döş sümüyünə qədər yayılır. Başlanğıcda ağrı yüngül olsa da, 1 neçə saniyə və yaxud dəqiqə ərzində dözülməz həddə çatır.  

Qabırğa ağrısı ürəyə, kürək və epiqastral nahiyəyə irradiasiya edə bilər. Bəzən ağrı tutmasından sonra qabırğaarası sahədə “qarışqa gəzməsi” kimi hiss olur. Qabırğaarası nevralgiyaya aşağıdakı xəstəliklər və patoloji vəziyyətlərdə rast gəlinir:  

  • Soyuqlama, fiziki gərginlik. Nevralgiya narahat vəziyyətdə uzun müddət qaldıqda, yelçəkəndə oturduqda, fəsilə uyğun olmayan paltar geyindikdə, fiziki işlə məşğul olduqda meydana çıxır.  
  • Travma. Ağrı döş qəfəsinin əzilməsindən və ya qabırğanın sınmasından sonra yaranır, əsas patologiyanın təzahürləri ilə müşayiət olunur.  
  • Onurğanın xəstəlikləri. Qabırğaarası nevralgiya osteoxondroz, fəqərəarası yırtıq, onurğanın döş şöbəsinin spondilyozu, skolioz və kifoskolioz zamanı inkişaf edir.  
  • Kəmərləyici dəmrov. Nevralgiyanın bu formasının əsas fərqləndirici xüsusiyyəti ağrının başlanmasından 2-4 gün sonra dəridə çəhrayı ləkənin əmələ gəlməsidir. Ləkələr zamanla qovuqcuqlara çevrilir, onlar partladıqda sonra yerində qabıq formalaşır.  

Qabırğa ağrısının digər səbəbləri

Fibromialgiyada qabırğa ağrısı bədənin digər hissələrində xoşagəlməz və üzücü hissiyyatla müşayiət olunur. Pasiyentlər bədənin hər bir sahəsinin ağrımasından şikayətlənirlər. Ağrı daimi, yandırıcı, diffuz olub, keyimə, iynəbatırma hissi ilə tamamlanır. Qabırğa ağrısı həm fiziki gərginlik zamanı, həm də sakitlik vəziyyətində uzun müddət qaldıqda güclənir. Xəstələrin yuxusu pozulur, çox vaxt depressiya, generalizəolunmuş həyəcan pozğunluğu inkişaf edir.   

Algik senestopatiyalar depressiya, nevroz, ipoxondriya və digər psixi pozğunluqlarda izlənilir. Onlar həddindən artıq dəyişkən olub, müəyyən bir xəstəliyin klinik şəklinə sığmır. Pasiyentlərdə daimi və yaxud periodik, kəskin, yandırıcı, deşici ağrılar qeydə alınır.  

Qabırğa ağrısının diaqnostikası

Qabırğa ağrısı ilə adətən travmatoloq məşğul olur. Patologiyanın xarakterini təyin etmək üçün obyektiv üsullardan və əlavə müayinələrdən istifadə edilir:  

  • Sorğu. Həkim ağrı sindromunun yaranma vaxtını və şəraitini, davamiyyətini, dinamikasını, onun xarici amillərlə əlaqəsini dəqiqləşdirir. Həmçinin digər şikayətləri (tənəffüsün çətinləşməsi, zəiflik, qızdırma) aydınlaşdırır.
  • Fiziki müayinə. Bura xarici baxış, palpasiya, döş qəfəsinin perkussiya və auskultasiyası daxildir. Onların köməyilə ağrının lokalizasiyası, deformasiya, ödem, lokal hiperemiya, dəridə dəyişikliklər və digər pozğunluqlar müəyyən edilir. Tənəffüs aktı qiymətləndirilir,  ağciyərlərin sərhədləri yoxlanılır.
  • Qabırğaların rentgenoqrafiyası. Bu üsul qabırğanın travma və şişlərində göstərişdir. Onun nəticələrinə əsasən sınıqlar, sümüklərdəki dəyişikliklər təsdiqlənir. Döş qəfəsi orqanlarının zədələnmələrindən şübhələndikdə bu nahiyənin rentgenoqrafiyası aparılır. Həmin müayinə prosesində ağciyər və plevra boşluğundakı ocaqlı və diffuz patoloji proseslər üzə çıxarılır.
  • Nevroloji müayinə. Sinir mənşəli xəstəliklərdə tövsiyə olunur. Bu üsul ağrı impulsunun mənbəyini lokalizə etməyə, sinir və onurğa sütunu xəstəliklərini aşkarlamağa imkan verir.  

Kəmərləyici dəmrovda dermatoloqun baxışı, onkoloji xəstəliklərdə isə onkoloqun konsultasiyası mütləqdir. Rentgenoqrafiyanın kifayət qədər informativ olmadığı hallarda döş qəfəsinin KT və ya MRT-si təyin edilir.  

Qabırğa ağrısı zamanı müalicə

Diaqnoz qoyulana qədər yardım

Ağrı sindromu yüngül olduqda, ümumi vəziyyət pisləşmədikdə bir neçə gün ərzində fiziki aktivliyi məhdudlaşdırmaq, yerli ağrıkəsici, isidici və iltihabəleyhinə vasitələrdən istifadə etmək məsləhət görülür. Dəri zədələnmələrində gel və məlhəm çəkmək olmaz. Halsızlıq, qızdırma, kəskin ağrı, öskürək, təngnəfəslik, qanhayxırma hallarında təcili şəkildə həkimlə əlaqə saxlanılmalıdır.  

Konservativ terapiya

Konservativ müalicənin planı patologiyanın xarakterindən asılıdır. Əksərən sakitlik rejimi, tənəffüs gimnastikası və fizioprosedurlar məsləhət görülür. Bir çox xəstələrdə masaj və manual terapiya aparılır. Medikamentoz terapiya əsasən aşağıdakı vasitələrlə yerinə yetirilir:  

  • Analgetiklər. Mülayim ağrı sindromunda tablet formasında ağrıkəsicilər qəbul edilir. Ağrı güclü olduqda bu qrup dərmanlar əzələ daxilinə yeridilir. Onkoloji xəstəliklərin gecikmiş mərhələlərində narkotik preparatlar tələb olunur.  
  • Antibiotiklər. Plevrit, irinli periostit və osteomielit zamanı antibakterial terapiya göstərişdir. Başlanğıcda geniş təsir spektrinə malik dərmanlar tətbiq edilir, sonra törədicinin həssaslığını nəzərə alaraq, müalicə sxemi korreksiya olunur.  
  • Hormonal vasitələr. Qabırğaarası nevralgiyalarda ağrı kortikosteroidlərlə blokada hesabına aradan qaldırılır. Blokada digər üsullar nəticə vermədikdə edilir. Müalicə kursunda prepatatı 3 dəfədən artıq yeritmək olmaz.  
  • Sitostatiklər. Bədxassəli şişlərdə təyin edilir. Onlar xərçəng hüceyrələrini məhv edir, törəmənin böyümə sürətini zəiflədirlər.  

Cərrahi müalicə

Hemo və yaxud pnevmotoraksla fəsasdlaşan qabırğa sınıqlarında plevra boşluğunun punksiyası və yaxud drenajlanması həyata keçirilir. Çoxsaylı ikiqat sınıqlarda osteosintez göstəriş sayılır. İrinli periostitdə irinlik yarılır və drenaj qoyulur. Osteomielitdə qabırğanın rezeksiyası və ya sekvestrektomiya aparılır. Onkoloji xəstəliklərdə sümük, yumşaq toxumalar və limfa düyünlərinin çıxarılması ilə radikal cərrahi müdaxilələrə ehtiyac yaranır.  

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: