Üz ağrısı
Üz ağrısı — üz nahiyəsində yaranan bütün ağrı sindromlarını özündə birləşdirən klinik termindir. Ona tibbdə prozopalgiya deyilir. Üz ağrısı nevrogen, damar, simptomatik, miogen, psixogen və atipik xarakter daşıya bilər. Diaqnostika prosesində ağrı fenomeninin xüsusiyyətinə əsasən prozopalgiyanın növü təyin edilir; onun səbəbini üzə çıxarmaq üçün oftalmoloji, otolarinqoloji, nevroloji, stomatoloji, psixoloji müayinələr aparılır. Üz ağrısının etiologiya və tipindən asılı olaraq, iltihabəleyhinə, antihistamin, kortikosteroid, sedativ və psixotrop preparatlarla müalicə aparılır.
- Yaranma səbəbləri
- Təsnifatı
- Klinik xüsusiyyətləri
- Diaqnostikası
- Müalicəsi
Üz ağrısının səbəbləri
Üz ağrısının etioamilləri qismində iltihabi reaksiya iştirak edə bilər. İltihab mənşəli prozopalgiyaya adətən sinusitlərdə rast gəlinir. Ona həmçinin otit, oftalmoloji patologiyalar (iridosiklit, uveit, konyunktivit, keratit, buynuz qişanın xorası) və diş xəstəliklərində (pulpit, periodontit) təsadüf olunur. Əksər hallarda dil-udlaq və yaxud üçlü sinirin nevralgiyası, dizəbənzər düyünün qalqlionevriti, qanad-damaq düyününün qanqlioniti zamanı nevrogen üz ağrısı iltihabla bağlı olur.
Digər tərəfdən nevrogen prozopalgiya kompression genezli ola bilər. Belə vəziyyətlərdə üz nahiyəsinin anatomik strukturlarının qarşılıqlı vəziyyətinin dəyişməsi, sümük və əzələdaxili sinir kanallarının daralması, şiş törəmələrinin inkişafı ilə əlaqədar sinir kötüklərinin və yaxud düyünlərinin sıxılması nəticəsində ağrı meydana çıxır. Eləcə də damar mənşəli prozopalgiya kompression etiologiyaya malik ola bilər. Buna yuxu arteriyasının sıxılması zamanı karotidiniya misaldır.
Ağrı sindromunun reflektor mexanizmi cox vax odontogen və nevrogen üz ağrılarında reallaşır. Belə hallarda prozopalgiyaya xroniki infeksiya ocaqlarından gələn patoloji reflektor impulsasiya səbəb olur.
Reflektor genezli miogen üz ağrısı boyun nahiyəsinin və çiyin qurşağının miofassial sindromlarında yaranır. Miogen prozopalgiyanın digər səbəblərinə gicgah-çənə oynağının disfunksiyası (Kosten sindromu), bruksizm aiddir.
Psixogen üz ağrısı əsasən emosional sferası labil olan insanlarda yorğunluq, xroniki psixoemosional diskomfort və yaxud kəskin stress vəziyyəti ilə əlaqədar baş verir. Əksərən psixogen prozopalgiya isterik nevroz, nevrasteniya, depressiv nevroz fonunda qeydə alınır. Ona həmçinin şizofreniya, psixopatiya, maniakal-depressiv psixoz fonunda rast gəlinə bilər.
Bəzən üz ağrısı yatrogen xarakter daşıyır: dişin çıxarılması və digər stomatoloji müdaxilələr dental pleksiya və yaxud atipik odontalgiya törədə bilər. Nevrogen üz ağrısının digər səbəbi üz nahiyəsində əməliyyat apararkən sinirlərin zədələnməsidir.
Bir sıra üz ağrıları naməlum mənşəli olur. Onlara atipik prozopalgiya, xroniki paroksizmal hemikraniya aiddir.
Üz ağrısının təsnifatı
Üz ağrısı adətən inkişaf mexanizminə görə təsnif edilir:
- damar mənşəli
- nevrogen
- miogen
- psixogen
- simptomatik
- atipik
Damar mənşəli üz ağrısının formaları:
- klaster sefalgiya
- paroksizmal hemikraniya
- Xorton xəstəliyi
- qəfil idiopatik sefalgiya (ISH)
- SUNCT-sindromu
Neyrogen üz ağrısının növləri:
- üçlü sinirin nevralgiyası
- dil-udlaq sinirinin nevralgiyası
- üz nahiyəsinin sinir düyünlərinin qanqlionit və qanqlionevritləri.
Simptomatik üz ağrısı etiologiyasından asılı olaraq, aşağıdakı formalara bölünür:
- oftalmogen
- odontogen
- otorinogen
- visserogen
Atipik prozopalgiyaya üz ağrısının yuxarıda qeyd olunan heç bir növünün klinikasına uyğun gəlməyən formalar aiddir. Onların əsasında çox zaman bir neçə patogenetik mexanizmin müştərəkliyi dayanır. Atipik ağrılar adətən psixogen komponentə malik olur.
Üz ağrısının klinik xüsusiyyətləri
Müxtəlif mənşəli üz ağrıları klinik xüsusiyyətlərinə, davametmə müddətinə, xarakterinə görə fərqlənirlər. Bu xüsusiyyətlər, eləcə də yanaşı gedən əlamətlər nevroloqa prozopalgiyanın növünü təyin etməyə və düzgün müalicə aparmağa imkan verir.
Permanent (daimi) üz ağrısı daha çox miogen, psixogen və simptomatik prozopalgiyalar üçün xarakterikdir. Bu tip ağrılar zamanla arta və yaxud azala bilir. Nevrogen və damar mənşəli prozopalgiyalarda intensiv ağrı tutmaları ilə gedən paroksizmal ağrı fenomeni, tutmalar arasında ağrının itməsi müşahidə olunur.
Damar mənşəli prozopalgiyanın özəlliklərinə ifadəli vegetativ komponent aiddir: paroksizm zamanı dərinin hipermiyası, şişkinlik, gözlərin yaşarması, rinoreya, burnun tutulması, konyunktivanın qızarması izlənilir.
Simptomatik, miogen və psixogen prozopalgiyalar adətən ikitərəfli olur. Psixogen üz ağrısı üz yarım hissələrində ağrı fenomeninin asimmetrikliyi ilə seçilə bilər. Damar, nevrogen və atipik prozopalgiyalar əsasən üzün bir tərəfində əmələ gəlir.
Ağrının irradiasiyası daha çox nevrogen və damar mənşəli prozopalgiyalarda müşahidə edilir. Lakin ona simptomatik üz ağrılarında da təsadüf oluna bilər. Bundan əlavə simptomatik prozopalgiya əksərən reflektor xarakter daşıyır. Buna Zaxarin-Hed zonalarında (aşağı çənə, burun-dodaq, yuxarı çənə, alın-burun, gicgah, dilaltı, çənə, udlaq) ağrının yaranması ilə gedən odontogen prozopalgiyanı misal göstərmək olar. Hər bir zonadakı ağrı müəyyən bir diş patologiyasının əksi sayılır. Bu zaman diş ağrısı olmaya bilər.
Üz ağrısının diaqnostikası
Əksər hallarda üz ağrısı özlüyündə diaqnoz deyil, sindrom olur. Bununla əlaqədar prozopalgiyanı törədən əsas xəstəliyin aşkarlanması mühüm əhəmiyyət kəsb edir. Diaqnostika prosesində nevroloq ağrı fenomeninin xarakteristikasını aydınlaşdırır, üz əzələlərini palpasiya edir, trigger nöqtələrini (intensiv ağrı sahələrini) aşkara çıxarır. Üz ağrısının simptomatik xarakterinin təsdiq/inkar olunması oftalmoloq, stomatoloq, otolarinqoloqun iştirakı ilə aparılır.
Ehtiyac yarandıqda dişin rentgenoqrafiyası, ortopantoqramma, burunətrafı ciblərin və gicgah-çənə oynağının rentgenoqrafiyası, otoskopiya, farinqoskopiya yerinə yetirilir, gözdaxili təzyiq ölçülür, göz strukturlarına baxış keçirilir.
İltihabi dəyişiklikləri üzə çıxarmaq üçün qanın klinik analizi təyin edilir. Psixogen və atipik prozopalgiya psixiatr və yaxud psixoterapevtin konsultasiyasına göstəriş sayılır.
Üz ağrısının müalicəsi
Üz ağrısının terapiyası onun etiologiyasından asılıdır. Simptomatik prozopalgiyada ilk növbədə əsas xəstəliyin (otit, sinusit, pulpit və s.) müalicəsi tələb olunur. İltihab genezli nevrogen, miogen və damar mənşəli prozopalgiyalarda iltihabəleyhinə dərmanlardan (diklofenak, indometasin, ibuprofen, nimesulid və s.) istifadə olunur.
Trigger nöqtələrdə ağrını yox etmək üçün kortikosteroidlərin və yerli anestetiklərin yeridilməsi ilə müalicəsi blokadalar edilir. Üçlü sinirin nevralgiyasında karbamazepin, qanqlionitlərdə – qanqlioblokatorlar (pentamin, benzogeksonium), Xorton xəstəliyində isə kortikosteroidlər (prednizolon) effektivdir.
İltihabəleyhinə təsir göstərmək üçün yanaşı olaraq, fizioterapevtik üsullar: elektroforez, maqnitoterapiya, hidrokortizonla ultrafonoforez tətbiq edilir.
Kompression genezli üz ağrısının terapiyasına iltihabəleyhinə müalicədən savayı vazodilatatorlar (nikotin turşusu, eufillin), ödeməleyhinə vasitələr (antihistamin, sidik qovucu preparatlar), vitamin qrupları daxil edilir. Konservativ terapiya effekt vermədikdə cərrahi müalicə aparılır (məsələn, üçlü sinirin dekompressiyasının mikrocərrahiyyəsi).
Davamlı prozopalgiya ilə gedən qanqlionevritlərdə zədələnmiş qanqliya xaric edilir. Triheminal nevralgiyalarda isə belə hallarda ağrının müvəqqəti aradan qalxması üçün üçlü sinir kökcüyünün radiotezlikli destruksiyası aparılır.
Əksər hallarda üz ağrısının müalicəsinin mütləq komponenti sedativ dərmanlar sayılır. Onlara sakitləşdirici bitki qarışıqları, yumşaq təsirli trankvilizatorlar (mebikar), antidepressantlar (sertralin, fluvoksamin) misaldır. Zərurət olduqda vegetotrop vasitələr (xanımotu ekstraktı+fenobarbital, belladonna ekstraktı) təyin edilir.
Psixogen prozopalgiyalarda psixoterapiya və klinik xüsusiyyətlərə görə seçilən psixotrop preparatlar: neyroleptiklər, trankvilizatorlar, antidepressantlar məsləhətdir.