İshal

Oxuma vaxtı: 10 dəq Oxunma sayı: 1157

ishal nədir?İshal (diareya) – tez-tez təkrarlanan, sulu nəcis ifrazıdır. Diareya adətən qarında ağrı, tenezm və köplə müşayiət olunur. İshal bağırsağın infeksion-iltihabi xəstəliklərinin, disbakteriozun və nevrogen pozğunluqların əlaməti ola bilər.  Bu səbəbdən ağırlaşmaların profilaktikasında əsas xəstəliyin diaqnostika və müalicəsi mühüm rol oynayır. Profuz ishal zamanı iri həcmdə maye itkisi su-duz balansının pozulmasına gətirib çıxarır. Belə hallarda ürək və tənəffüs çatışmazlığı yarana bilər.  

  • İshalın səbəbləri
  • Təsnifatı
  • Klinik xüsusiyyətləri
  • Diaqnostikası
  • İshalın müalicəsi
  • Profilaktikası

İshal haqqında ümumi məlumat

ishalın səbəbləriİshal – bağırsaqda su və elektrolitlərin sorulma prosesinin pozulmasından xəbər verən əlamətdir. Qidalanma xüsusiyyətlərindən asılı olaraq, yetkin insan normada  gün ərzində 100-300 qram nəcis ifraz edir. Bağırsaq motorikası gücləndikdə nəcis yumşala və defekasiya tezliyi arta bilər. Nəcisin miqdarı norma həddində qaldıqda təşvişə əsas yoxdur. Nəcis kütlələrinin həcmi 60-90% yüksəldikdə belə vəziyyətlər ishal kimi qiymətləndirilir.  

Diareyanın kəskin (2-3 həftədən çox çəkməyən) və xroniki forması vardır. Xroniki ishal dedikdə vaxtaşırı normadan artıq (sutkada 300 qramdan çox) nəcis ifrazına meyillik nəzərdə tutulur.  

İshalın yaranma səbəbləri

ishalın müalicəsiİfadəli intoksikasiya zamanı bağırsaq mənfəzinə çoxlu miqdarda su ifraz olunur. Bu da nəcisi durulaşdırır. Sekretor ishal bağırsaq infeksiyalarında (enteroviruslar, vəba), bəzi dərman preparatlarını və bioloji aktiv əlavələri qəbul etdikdə əmələ gəlir. Osmolyar ishal malabsorbsiya sindromu, osmotik aktiv maddələrin (işlədici duzlar, sorbitol, antasidlər və s.) izafi istifadəsi ilə əlaqədar yaranır. Belə hallarda diareyanın inkişaf mexanizminin əsasında bağırsaq mənfəzində osmotik təzyiqin yüksəlməsi və osmotik qradiyent üzrə mayenin diffuziyasının artması dayanır.  

Diareyanın formalaşmasında bağırsaq motorikasının pozulması (hipokinetik və hiperkinetik ishal) və nəticədə bağırsaq möhtəviyyatının hərəkət sürətinin dəyişməsi mühüm əhəmiyyət kəsb edir. Motorikanın güclənməsinə işlədici vasitələr, maqnezium duzları səbəb olur. Motor funksiyanın pozulmasına (peristaltikanın sürətlənməsi və zəifləməsi) qıcıqlanmış bağırsaq sindromunda rast gəlinir, bu forma funksional ishal adlanır.  

Bağırsaq divarının selikli qişası zədələndikdə həmin hissədən bağırsaq mənfəzinə sü, elektrolit və zülal qarışığı yığılır. Eksudativ ishal enterit, enterokolit,  bağırsağın vərəmi, kəskin bağırsaq infeksiyalarında (salmonelyoz, dizenteriya) yaranır. Bu tip hallarda çox vaxt nəcisdə qan və irin aşkarlanır.  

Həmçinin ishal dərman vasitələrinin (işlədicilər, bəzi antibiotiklər, sulfanilamidlər, antikoaqulyantlar və s.) qəbulu nəticəsində meydana çıxa bilər.  

İshalın növləri

İshalın 6 forması vardır: 

  • infeksion (dizenteriya, salmonelyoz, amöbiaz, qida toksikoinfeksiyaları, enterovirus mənşəli) 
  • dispeptik (həzm sistemi orqanlarının: qaraciyər, mədəaltı vəzi və mədənin sekretor funksiyalarının çatışmazlığında, eləcə də nazik bağırsaqda ferment sekresiyası zəiflədikdə baş verir)  
  • alimentar (qidalanma pozğunluqları və ya qida məhsullarına qarşı allergiya ilə əlaqəli olur) 
  • toksiki (civə ilə zəhərlənmə və yaxud uremiya zamanı müşahidə edilir) 
  • medikamentoz (dərman preparatlarının istifadəsi, medikamentoz disbakteriozla bağlı olur)
  • neyrogen (psixo-emosional sarsıntı səbəbindən sinir tənzimi pozulduqda motorika dəyişir, nəticədə ishal ortaya çıxır).  

İshalın klinik xüsusiyyətləri

Kəskin ishal

Kəskin ishalın başlıca səbəbləri bağırsaq infeksiyaları və dərman vasitələridir. İshalın bu növü 2-3 həftədən çox çəkmir. Kəskin formada nəcis duru konsistensiyalı, bəzən selik və qan qarışıqlı olur. Əksər hallarda ishal qarında köp, ağrı, ürəkbulanma və qusma ilə müşayiət olunur. Xəstələrdə iştah zəifləyir, çəki azalır. Tez-tez təkrarlanan duru nəcis ifrazı orqanizmin dehidratasiyasına gətirib çıxarır: dəri örtükləri, selikli qişalar quruyur, zəiflik, yorğunluq müəyyən edilir. Bağırsaq infeksiyaları adətən qızdırma ilə gedir.   

Nəcisdə qan izlərinin olması bağırsağın selikli qişasının zədələnməsindən xəbər verir. Belə vəziyyətlərə əsasən kampilonakteriyalar və yaxud enteropatogen bağırsaq çöplərinə yoluxduqda, o cümlədən Kron xəstəliyində, xoralı kolitdə rast gəlinir.  

Xroniki ishal

3 həftədən çox davam edən ishal xroniki forma kimi qiymətləndirilir. Onun səbəbləri müxtəlifdir. Anamnestik məlumatlar, klinik əlamətlər, fiziki müayinə xroniki ishalın etiologiyasını üzə çıxarmağa imkan verir.  

Nəcisin xarakterinə (defekasiya tezliyi, sutkalıq dinamika, rəng, konsistensiya, qan, selik və yağın olması) xüsusi diqqət yetirilir. Sorğu əsnasında yanaşı simptomlar (yalançı defekasiya çağırışları, qarın ağrısı, meteorizm, ürəkbulanma, qusma) üzə çıxarılır.

Nazik bağırsaq patologiyaları külli miqdarda sulu və yaxud yağlı nəcislə təzahür edir. Yoğun bağırsağın patologiyaları üçün daha az miqdarda nəcis xarakterikdir. Nəcis kütlələrində irin, qan və ya selik izlənilə bilər.  

İshalın diaqnostikası

Kəskin ishal zamanı nəcislə çoxlu maye və elektrolit itirilir. Baxış və fiziki müayinə əsnasında susuzlaşma əlamətləri: dəri örtüklərinin quruluğu, turqorunun azalması, nəbzin tezləşməsi və arterial təzyiqin enməsi qeydə alınır. İfadəli kalsium defisitində qıcolmalar baş verə bilər.  

İshal hallarında proktoloji baxış məqsədəuyğundur. Anal çat, fistula, paraproktitin aşkarlanması Kron xəstəliyindən şübhələnməyə əsas verir. İshalın istənilən formasında həzm traktı kompleks şəkildə müayinə olunur. İnstrumental endoskopik üsulların (qastroskopiya, kolonoskopiya, irriqoskopiya, rektoromanoskopiya)  köməyilə mədə-bağırsaq traktının daxili divarları yoxlanılır, selikli qişanın zədələnmələri, iltihab əlamətləri, xoralar, törəmələr aşkar edilir.    

Kəskin ishalın diaqnostikasında xəstənin şikayətləri, fiziki müayinə və nəcis analizinin (koproqramma) məlumatları kifayət edir. Bundan əlavə nəcisin qurd yumurtalarına görə yoxlanılması, bakterioloji əkilməsi lazım gəlir.   

Xroniki ishalın diaqnostikasında ilk növbədə bağırsağın parazitar və yaxud bakterial zədələnməsi araşdırılır. Qarın boşluğu orqanlarının USM-də həzm traktının iltihabi xəstəlikləri, sekretor fəaliyyətin funksional pozğunluqları müəyyənləşdirilir.   

Nəcisin mikroskopiyasında leykosit və epitel hüceyrələrinin çoxluğu həzm traktının selikli qişasının iltihabına dəlalət edir. Yağ turşularının həddindən artıq olması yağların sorulma prosesinin pozulmasının nəticəsidir. 

Disbakteriozla əlaqədar qıcqırma prosesləri pozulduqda bağırsağın normal turşu-qələvi balansı dəyişir. Belə halları təyin etmək üçün bağırsaq pH-ı yoxlanılır (normada pH=6,0)  

Davamlı sekretor ishal həm də hormon sintez edən şişlərlə (məsələn, viloma) bağlı oal bilər. Qanın laborator müayinəsi xroniki ishala səbəb ola biləcək iltihab əlamətlərinin, qaraciyər markerlərinin, hormonal pozğunluqların aşkarlanmasına yönəldilir.

İshalın müalicəsi

İshal bir çox xəstəliklərin əlaməti olduğundan həkim taktikasında əsas patologiyanın müalicəsi başlıca rol oynayır. İshalın növündən asılı olaraq, pasiyent qastroenteroloq, infeksionist və yaxud proktoloq tərəfindən müalicə edilir. İshal 4 gündən çox davam etdikdə və yaxud nəcisdə qan, selik izlənildikdə mütləq həkimə müraciət olunmalıdır. İshal qida zəhərlənməsi ilə əlaqədar yarana bildiyindən hər bir halda peşəkar yardımı gecikdirmək olmaz.

Müalicə sxemi ishalın növündən asılıdır. Bura pəhriz, antibakterial terapiya, patogenetik müalicə, elektrolit balansının bərpası, rehidratasiya daxildir.

İshal zamanı gündəlik rasiona peristaltikanı azaldan, bağırsaq mənfəzinə su sekresiyasını zəiflədən məhsullar qatılır. Kəskin ishalda xlorid turşusunun sintezini sürətləndirən və qidanın bağırsaqda hərəkətini tezləşdirən məhsullar rasiondan çıxarılır.  

Antibiotiklərin köməyilə bağırsaqda normal eubioz bərpa edilir, patoloji flora məhf olunur. İnfeksion ishalda geniş spektrli antibiotiklər, sulfanilamid və nitorfuranlar təyin edilir. Bağırsaq infeksiyalarında mikrobiosenoza mənfi təsir göstərməyən vasitələrə (kombinəolunmuş preparatlar, nifuroksazid) üstünlük verilir. Diareya əlamətləri söndükdən sonra bağırsaq florasını normaya salmaq məqsədilə eubiotiklər məsləhət görülür.  

Simptomatik vasitələr qismində adsorbentlər, üzvi turşuları neytrallaşdıran büzücü və bürüyücü preparatlar istifadə olunur. Bağırsaq motorikasını tənzimləmək üçün Loperamid tövsiyə edilir. Bu dərman nazik bağırsağın opiat reseptorlarına birbaşa təsir göstərir, enterositlərin sekretor funksiyasını zəiflədir, sorulma prosesini yaxşılaşdırır. Sekretor funksiyaya təsir edən somatostatin güclü ishal əleyhinə dərmandır.

İnfeksion ishal zamanı bağırsaq peristaltikasını azaldan dərmanlar içilmir. Uzunmüddətli ishalla əlaqədar maye və elektrolit itkisi rehidratasiya tədbirlərinin görülməsini tələb edir. Əksər xəstələrə oral rehidratasiya təyin edilir. 5-15% hallarda elektrolit məhlullarının venadaxili yeridilməsinə ehtiyac yaranır.  

İshalın profilaktikası

İshalın profilaktikasına qidalanma və bədən gigiyenasına riayət aiddir. Yeməkdən əvvəl əllər, eləcə də çiy meyvə-tərəvəzlər yaxşıca yuyulmalıdır. Bu, bağırsaq infeksiyalarının qarşısını almağa kömək edir. Həmçinin şübhəli və tanış olmayan qidaları yemək məsləhət görülmür. 

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: