Arıqlama
Arıqlama — qısa zaman ərzində bədən çəkisinin 5-15% azalmasıdır. İnsan öz istəyi ilə və yaxud həzm traktı, infeksion, psixiatrik, nevroloji xəstəliklər fonunda arıqlaya bilər. Çəki itkisinin səbəbini aydınlaşdırmaq üçün qan analizi, sonoqrafiya, rentgenoqrafiya, nevroloji müayinələr aparılır. Maddələr mübadiləsini yaxşılaşdırmaq və normal çəkini qaytarmaq məqsədilə yüksək kalorili rasion və medikamentoz terapiya məsləhət görülür.
Arıqlamanın səbəbləri
Az yemək
Arıqlamanın ən çox rast gəlinən səbəbləri könüllü şəkildə qida qəbulunu azaltmaq və fiziki yüklənməni artırmaqdır. Bu hal ağır pəhrizlərlə ideal bədən quruluşuna malik olmağa can atan cavan və orta yaşlı qadınlara xasdır. Sürətli arıqlama zamanı insan 1 ay ərzində 5-10 kiloqram çəki itirə bilər. Belə vəziyyətlər xarici görünüş və sağlamlıqla bağlı problemlər törədir: saçlar tökülməyə başlayır, dırnaqlar soyulur, dəri sallanır, striyalar (çatlar) əmələ gəlir. Ümumi zəiflik, halsızlıq, apatiya, daimi yuxululuq müşahidə olunur.
Yaşlı şəxslərdə arıqlama adətən həyat tərzinin sosial-ekonomik xüsusiyyətləri: rasionda ün məmulatları, yarma kimi məhsulların üstünlük təşkil etməsi, ət və balığın isə azlığı ilə əlaqəlidir. Nəticədə piy və əzələ toxumalarının nisbəti azalır, bədən sanki «quruyur», qabırğalar, çanaq sümükləri aydın şəkildə gözə çarpır. Dəri solğunlaşır, saralır və sallanır. Qida maddələrinin çatışmazlığı daxili orqanların fəaliyyətində problemlərə səbəb olur. Yaşlılar kəskin zəiflik və başgicəllənməsindən şikayətlənirlər.
Depressiya ilə əlaqədar arıqlama
Depressiv vəziyyətlər hadisələrə marağın itməsi və iştahsızıqla təzahür edir. Xəstələrin bir qrupu qidadan tam şəkildə imtina edirlər. Pasieyntlərdə 10-15% çəki itkisi qeydə alınır. Arıqlama zəiflik və yuxululuqla müşayiət olunur. Bəzi insanlar günün 14-16 saatını yatsa da özlərini yorğun hiss edirlər. Onların xarici görünüşü pozulur – dəri quruyur, solğunlaşır, saçlar tökülür, dırnaqlar laylanır və qırılır. Belə vəziyyətlərdə mütləq peşəkar həkim yardımı gərəkdir.
Stomatoloji problemlər
Diş xəstəliklərində (karies, pulpit), ağız boşluğunun selikli qişasının travmatik və yaxud infeksion patologiyalarında qida qəbulu zamanı kəskin ağrı və yeməkdən əvvəl qorxu yaranır. Geniş həcmli patoloji proseslərdə qidadan imtina olunduğundan çəki itkisi baş verir. Ağrı infeksion mənşəli olduqda adətən bədən temperaturu yüksəlir, əzginlik yaranır. Yaşlılarda bəzi dişlər töküldüyündən çeynəmə funksiyası pozulur, qida mədəyə tam işlənmiş şəkildə daxil olmur. Bununla əlaqədar qida maddələrinin mənimsənilməsi zəifləyir və insan arıqlayır.
Pankreatobiliar sistemin zədələnməsi
Qaraciyər, öd yolları və mədəaltı vəzin patologiyalarında (hepatit, xolesistit, pankreatit və s.) kəskin arıqlama ferment çatışmazlığı ilə izah olunur. Bu zaman qidanın böyük bir hissəsi parçalanmır və nazik bağırsaqda sorulmur. Başlanğıcda iştah pozğunluğu olmur, sadəcə xəstələr əvvəlki qaydada yesələr də çəki itirirlər. Qida qəbulundan sonra qarında ağrı və ağırlıq hissi yaranır. Sonrakı mərhələlərdə iştah zəifləyir, daimi ürəkbulanma və köp meydana çıxır. Qəbul olunan məhsulların miqdarı 2-3 dəfə aşağı düşür, bədən kütləsi 10 kiloqrama qədər azalır. Xəstələrdə ishalla qəbizlik növbələnir, periodik tenezmlər müşahidə edilir.
Mədə-bağırsaq traktının xəstəlikləri
Bağırsaq divarının istənilən növ iltihabi və yaxud destruktiv patologiyalarında qida maddələrinin sorulması zəifləyir. Çəki tədricən itirilir. Simptomatika təkcə orqanizmin tükənməsinə və əmək qabiliyyətinin məhdudlaşmasına səbəb olan kalori azlığı ilə deyil, həm də vitamin defisiti ilə bağlıdır. Avitaminoz dəri və saçların xarici görünüşünün korlanması, dilin al-qırmızı və parlaq şəkil alması ilə özünü büruzə verir. Arıqlamanın əsas qastroenteroloji səbəbləri aşağıdakılardır:
- İltihabi proseslər: qastroenterit, duodenit, kolit
- Funksional pozğunluqlar: pilorospazm, qastroptoz, dispepsiya
- Bağırsağın xroniki iltihabi xəstəlikləri: Kron xəstəliyi, qeyri-spesifik xoralı kolit
- Pankreatik fermentlərin çatışmazlığı.
İnfeksiyalar səbəbindən arıqlama
istənilən infeksion proses orqanizmin intoksikasiyası, qızdırma, əzginlik ilə müşayiət olunur. Bu proseslər fonunda iştah azalır və insan arıqlayır. Uzunmüddətli virus və yaxud bakterial xəstəliklərdə çəki əhəmiyyətli dərəcədə azalır. Dəri avazıyır, gözlər daxilə batır, bədən sümükləri aydın nəzərə çarpır. İştah pozğunluğu avitaminoza gətirib çıxarır: saçlar və dırnaqlar qırılır. Güclü iştah fonunda arıqlama helmintozlar və protozoy invaziyaları üçün patoqnomikdir.
Endokrin patologiyalar
Hormonal və metabolik pozğunluqlar əksər hallarda çəki itkisi ilə nəticələnir. Müəyyən hormonların defisiti və yaxud artıqlığı bütün metabolik prosesləri pozur, katabolizm sintez üzərində dominantlıq edir. Zülal, yağ və karbohidratların parçalanması piy toxumasının və əzələ liflərinin həcmini azaldır. Nəticədə arıqlama baş verir. Çəki bərabər formada azaldığından bədən nisbəti dəyişmir. Xəstələrdə həmçinin spesifik əlamətlər qeydə alınır. Çəki itkisinin başlıca endokrin səbəbləri aşağıdakılardır:
- Şəkərli diabet. Arıqlama əsasən uşaqlar və cavanlarda 1-ci tip şəkərli diabet zamanı baş verir. İnsulin çatışmazlığı sayəsində katabolik reaksiyalara cavabdehlik daşıyan kontrinsulyar hormonlar aktivləşir. İştahın güclənməsinə baxmayaraq, insan 5-10 kiloqram arıqlayır. Eləcə də ümumi halsızlıq, baş ağrıları, susuzluq hissi, sidik ifrazının tezləşməsi müşahidə olunur.
- Hipertireoz. Qanda tiroksinin artması nəticəsində əsas mübadilənin səviyyəsi yüksəlir. İştah patoloji şəkildə güclənir, xəstələr daim yemək istəsələr də çəki sürətlə azalır. Sonralar qida qəbulu məhdudlaşır. Bu isə qalxanabənzər vəzinin böyüməsi səbəbindən udqunmanın çətinləşməsi ilə əlaqədardır. Dəri Dəri uzun müddət çəhrayı və nəm qalır.
- Hipopituitarizm. Hipofiz hormonlarının sintezinin kəskin dərəcədə azalması və yaxud tamamən kəsilməsi bütün növ metabolik prosesləri pozur, çəki xeyli azalır. Hipofizar amillər yağların parçalanmasını və əzələ toxumasının zülallarının destruksiyasını sürətləndirir. Əzələ tonusu və gücü azalır, daxili orqanların fəaliyyəti pozulur. Dəri quruyur, nazilir, qol, qarın və bud nahiyəsində sallanır.
Farmakoterapiyanın fəsadları
Arıqlama həm də şiş patologiyalarının və ağır dərəcəli kollagenozların müalicə prosesində istifadə olunan sitostatiklərlə bağlıdır. Bu preparatlar MBT funksiyasını pozur, bütün həzm kanalının epitel toxumasının destruksiyasına səbəb olur. Nəticədə iştah itir, nazik bağırsaqda qida maddələrinin sorulması zəifləyir.
Eləcə də antibakterial preparatlar bağırsaq mikroflorasını pozur, disbakterioz törədir. Bundan savayı arıqlama işlədici, neyroleptik və trankvilizatorların mütəmadi qəbulu ilə əlaqədar baş verir.
Arıqlamanın digər səbəbləri
- Onkoloji xəstəliklər: leykoz, limfoma, istənilən lokalizasiyalı xərçəng və sarkoma
- Oynaq xəstəlikləri: revmatoid artrit, osteoartroz
- Degenerativ nevroloji proseslər: senil demensiya, dissirkulyator ensefalopatiya, insultun fəsadları
- Kardioloji patologiyalar: dekompensasiya mərhələsində olan ürək çatışmazlığı, miokardit, endokardit.
Arıqlamanın diaqnostikası
Çəki itkisinin səbəbini üzə çıxarmaq üçün kompleks müayinə aparılır:
- Qan analizi. Qanın standart ümumi və biokimyəvi analizində iltihabi prosesin qeyri-spesifik əlamətləri (leykositoz, C-reaktiv zülalın və sial turşularının artması) izlənilir. MBT patologiyalarını inkar etmək üçün əsas həzm enzimlərinin səviyyəsi yoxlanılır. Revmatoid faktorun konsentrasiyası müəyyən edilir.
- Hormonal analizlər. 1-ci tip şəkərli diabet diaqnozunu təsdiq etmək üçün qanda sərbəst insulin və C-peptid səviyyəsi yoxlanılır. Arıqlama tireotoksikoz əlamətləri ilə müşayiət olunduqda hipofizin tireotrop hormonlarının, eləcə də tireoliberinin miqdarı təyin edilir.
- Ultrasəs müayinəsi. Çəki itkisinin qastroenteroloji səbəblərinin inkar və təsdiq olunması üçün qarın boşluğunun USM aparılır. Müayinə prosesində bağırsağın quruluş anomaliyalarına və parenximatoz orqanların exogenliyinin diffuz dəyişikliklərinə diqqət yetirilir. Hipertireozdan şübhələndikdə qalxanabənzər vəzin USM yerinə yetirilir.
- İnstrumental müayinələr. USM-də patoloji əlamətlər aşkarlandıqda qastroskopiya, kolonoskopiya və yaxud həzm traktının kontrast rentgenoqrafiyası məsləhət görülür. Hipofizin zədələnməsinə şübhə yarandıqda türk yəhərinin hədəfli rentgenoqramması, baş beynin MRT və yaxud KT-si təyin edilir.
- Əlavə üsullar. Diş ağrılarında stomatoloqun konsultasiyası, çənənin rentgenoqrafiyası göstərişdir. Arıqlama psixi pozğunluqlarla müştərək formada rast gəlindikdə nevroloji və psixiatrik müayinələr tələb olunur. Arıqlamanın infeksiya mənşəli olduğunu təsdiq etmək üçün nəcisin bakterioloji əkilməsi, seroloji reaksiyalar aparılır.
Arıqlama zamanı müalicə
Diaqnoz qoyulana qədər yardım
Həddindən çox çəki itirildikdə özünü müalicə ilə məşğul olmaz qadağandır. Belə ki, bu tip arıqlama orqanizmdə ciddi pozğunluqların olmasına işarə edir. İnsan əvvəlki çəkisinin 15%-dən çox hissəsini itirdikdə və ya arıqlama ümumi vəziyyətin kəskin pozulması ilə müşayiət olunduqda təcili tibbi yardım gərəkdir. Arıqlamanın dəqiq səbəbi araşdırılana qədər yüksək kalorili qidalanma, qeyri-spesifik simptomatik preparatlar təyin edilir. Qarın və ya baş ağrılarında analgetiklər göstərişdir. Bədən temperaturu febril göstəricilərə qədər yüksəldikdə QSİƏP qəbul edilir.
Konservativ terapiya
Həkim taktikası çəki itkisinə səbəb olan konkret xəstəlikdən asılıdır. Ancaq bütün hallarda orqanizmə kifayət qədər qida maddələrinin daxil olmasını təmin etmək lazımdır. Pasiyent sərbəst şəkildə qidalana bildikdə yüksək kalorili və vitaminlərlə zəngin qida rasionu təyin edilir. Ağır vəziyyətdə olan xəstələr isə zond vasitəsilə qidalandırılır və ya onlara venadaxili qlükoza, zülal məhlulları köçürülür. Yüksək kalorili rasionla yanaşı pasiyentlərə etiotrop və patogenetik təsirə malik preparatlar məsləhət görülür:
- Qeyri-steroid iltihabəleyhinə vasitələr. Geniş spektrli xəstəliklərdə – bağırsaq patologiyaları, stomatit və gingivitlərdə istifadə olunur. Onların MBT-nin selikli qişasına neqativ təsirini azaltmaq məqsədilə SOG-2 selektiv inhibitorlarına üstünlük verilir.
- Antibiotiklər. İstənilən lokalizasiyalı bakterial infeksiyalarda effektivdir. Konkret preparat yalnız bakterioloji əkilmə və floranın həssaslıq testinin nəticələrinə əsasən seçilir.
- Antiseptiklər. Ağız boşluğunun xlorheksidin, miramistin məhlulları ilə yaxalanması nəticəsində patogen mikroorqanizmlər və diş ərpi aradan qalxır. Bu, stomatit, periodontit və gingivitin sağalma prosesini tezləşdirir.
- Hormonlar. Qalxanabənzər vəzin xəstəliklərində arıqlama tiroksin antaqonistləri ilə müalicə olunur. Onlar bu hormonun sintezini inhibə edirlər. Ağır formalı şəkərli diabetdə qısa və uzunmüddətli (prolonq) təsirli insulin inyeksiyalarından istifadə olunur.
- Fermentlər. Xroniki pankreatitdə ferment preparatları və öd turşuları qəbul edilir. Onlar həzm proseslərini və qida maddələrinin sorulmasını yaxşılaşdırırlar. Fermentlər uzunmüddətli kurslarla təyin edilir.
- Antidepressantlar. Depressiv əlamətlər fonunda çəki itkisi serotonin reseptorlarının spesifik aqonistlərinin qəbuluna göstərişdir. Preparatlar emosional sahəni normaya salır, həyata maraq törədir.