Qıcqırma

Oxuma vaxtı: 7 dəq Oxunma sayı: 1119

Qıcqırma nədən baş verir?Qıcqırma — döş sümüyü arxasında yaranan yanğı hissidir. Bu əlamət epiqastral nahiyədən yuxarıya doğru yayılır. Sağlam insanlarda qidalanma tərzinin pozulması və yaxud spirtli içkilərin həddindən artıq qəbulu qıcqırma ilə nəticələnə bilər. Lakin qıcqırmaya daha çox qastroezofageal reflüks, mədə xorası və onikibarmaq bağırsağın xora xəstəliyində rast gəlinir. Qıcqırma bəzən infeksion və nevroloji patologiyalar, eləcə də MBT-nin digər xəstəlikləri fonunda meydana çıxır. Qıcqırmanın səbəbini aşkarlamaq məqsədilə qastroskopiya, qida borusu və mədədaxili pH-metriya, mədə şirəsini təhlil edən testlər, qarın boşluğunun USM, mikrobioloji müayinələr aparılır. Yanğı hissini aradan qaldırmaq üçün qidalanma tərzi normaya salınmalı, siqaret və spirtli içkilərdən imtina edilməlidir. Xəstələrə antasidlər (mədədə xlorid turşusunu neytrallaşdıran dərmanlar) məsləhət görülür.  

Qıcqırma haqqında ümumi məlumat

Qıcqırmanın səbəbləriQıcqırma qida borusu boyunca istilik və yaxud yanğı kimi hiss olunur. Çox zaman turş möhtəviyyatlı gəyirmə və öskürəklə müşayiət olunur. Qıcqırma epiqastral nahiyədə yaranaraq, döş sümüyü arxasına yayılır. Bir sıra hallarda boyun və boğaza irradiyasiya edir. Əksər insanlarda yanğı qida qəbulundan 30 dəqiqə sonra əmələ gəlir. Sağlam şəxslərdə qıcqırmaya adətən izafi yemək, qızardılmış, yağlı, hisə verilmiş qidalar, spirtli içkilər, tünd çay və qəhvə səbəb olur. Mədə-bağırsaq patologiyalarında mədə qıcqırması həm qıcıqlandırıcı, həm də adi məhsulları yedikdə baş verir.   

Horizontal vəziyyətdə istirahət, bədənin önə əyilməsi, qida qəbulundan dərhal sonra fiziki yüklənmə döş sümüyü arxasında yanğını gücləndirir. Qida borusunda yanğı hissindən sonra əksərən boğaz qıcıqlanmağa başlayır. Qıcqırma həftədə bir neçə dəfə təkrarlanarsa, öskürək və dispepsiyanın digər əlamətləri (turş və çürüntülü gəyirmə, ürəkbulanma) ilə müşayiət olunarsa qastroenteroloqa müraciət edilməlidir.   Qıcqırmanın qanlı qusma, tünd nəcis, kürək və döş qəfəsində intensiv ağrılarla müştərəkliyi təxirəsalınmaz tibbi yardım tələb edir.  

Qıcqırmasının inkişaf mexanizmi 

Qıcqırmanın müalicəsiAdətən qıcqırma qida borusunun selikli qişasına zədələyici təsir nəticəsində yaranır. Bu əlamət çox zaman mədə şirəsini və həzm olunan ximusun reflüksü səbəbindən meydana çıxır. Belə vəziyyətlərdə həm xlorid turşusu, həm də proteoloitik fermentlər selikli qişanı zədələyir. Qıcqırmanın olması adətən ezofagitdən xəbər verir. Ezofaqomanometrik müayinələr zamanı məlum olmuşdur ki, yeməkdən sonra döş sümüyü arxasında yanğı hiss edən əksər pasiyentlərdə kardial sfinkter boşalmış, qida borusunun distal hissəsində isə pH səviyyəsi 4,0-dan aşağıdır.  

Qıcqırmanın inkişafının reflüks mexanizmi həm qastroenteroloji xəstəliklər, həm də hamiləlik dövrü üçün xarakterikdir. Hamilə qadınlarda uşaqlığın böyüməsi ilə əlaqədar qarındaxili təzyiq artır. Bu isə kardial sfinkterin zəifləməsinə gətirib çıxarır. Hamilələrdə, eləcə də mədə və onikibarmaq bağırsağın xorası, hiperasid qastrit, helikobakteriozdan əziyyət çəkən pasiyentlərdə mədə şirəsinin turşuluğunun artması ilə əlaqədar onun aqressiv təsiri, mədənin hipermotorikası fonunda kardal çatışmazlığın güclənməsi qıcqırmanın yaranmasına təkan verir.  

Atrofik qastrit, pilorostenoz və mədə xərçəngində döş sümüyü arxasında yanğı hissi  qidanın tam həzm olunmaması, qıcqırma proseslərinin üstünlük təşkil etməsi, süd, yağ və digər üzvü turşuların həddindən artıq ifrazı ilə bağlıdır. Evakuasiyanın pozulması səbəbindən ximusun durğunluğu mədə divarı və kardial sfinkterin genişlənməsi, möhtəviyyatın qida borusuna atılması ilə müşayiət olunur. Total qastrektomiya aparılan xəstələrdə öd və pankreatik fermentlər anastomoz vasitəsilə  qida borusuna keçərək, onun selikli qişasını qıcıqlandırır.   

Bəzən mədənin kardial hissəsinin axalaziyası, həcmli törəmələr, strikturalar zamanı qida borusunun selikli qişasının gərilməsi qıcqırmaya şərait yaradır. Qida borusunun hipermotor diskineziyasında qıcqırmanın patogenezi də bu cürdür. Lakin belə hallarda ağırlaşdırıcı faktor qismində çox vaxt vegetativ pozğunluqlar fonunda həssaslıq həddinin azalması iştirah edir.  

Qıcqırmanın təsnifatı

Diskomfort hissinin lokalizasiyasından asılı olaraq, qıcqırma 2 qrupa ayrılır: sinə nahiyəsində və boğazda əmələ gələn. Simptomun ağırlıq dərəcəsini müəyyən edərkən onun yaranma şəraiti, tezliyi, intensivliyi, qida qəbulu ilə əlaqəsi nəzərə alınır. Bu yanaşma diaqnostika və müalicə prosesində böyük rol oynayır. Həmin meyarlara görə qıcqırmanın 3 ağırlıq dərəcəsi ayırd edilir:  

  • Yüngül. Döş sümüyü arxasında yanğı hissi ayda 1 dəfədən çox baş vermir. Əksər hallarda ona qidalanma tərzinin pozulması səbəb olur. Rasionu normaya saldıqda qıcqırma tez bir zamanda öz-özünə keçib gedir. Yüngül forma havalı və ya turş möhtəviyyatlı gəyirmə ilə müşayiət olunur. Ona kişilərin 51,4%-də, qadınların isə 48,5%-də təsadüf edilir. Bu insanların həzm orqanlarında heç bir xroniki patologiya olmur.
  • Orta. Xəstəni həftədə 1-3 dəfə narahat edir. Həm qıcıqlandırıcı, həm də adi məhsulları yedikdə yaranır. Əksərən ürəkbulanma, turş və çürüntülü gəyirmə ilə birgə gedir. Qıcqırmanın orta forması adətən qastroenteroloji patologiyalara dəlalət edir.  
  • Ağır. Demək olar ki, hər gün təzahür edir. Kişilərin 1,2%, qadınların isə  3,4%-də qeydə alınır. Ona gəyirmə, ürəkbulanma, bəzən isə qusma, nəcis ifrazının pozulması, qarın ağrısı ilə müştərək formada rast gəlinir. Çox zaman qida qəbulu ilə bağlı olsa da, acqarnına yarana bilir. Ağır formalı qıcqırma hallarında təcili şəkildə diaqnostika aparılmalı, onu törədən səbəb aşkara çıxarılmalıdır. 

Qıcqırma problemi ilə qastroenteroloq məşğul olur. Müalicə sxemi yanğı hissinə gətirib çıxaran səbəbə uyğun tərtib edilir.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: