Ürəkbulanma

Oxuma vaxtı: 12 dəq Oxunma sayı: 13960

Ürəkbulanma nədən yaranır?Ürəkbulanma — döş sümüyü arxasında, epiqastral nahiyə, boğaz və ağız boşluğunda spesifik diskomfort hissidir. Ona əsasən qusmadan əvvəl rast gəlinir. Ürəkbulanma ağız suyunun axması, hiperhidroz, zəiflik və başgicəllənmə ilə müşayiət oluna bilər. Bu əlamət adətən həzm və mərkəzi sinir sisteminin xəstəliklərində, intoksikasiya hallarında meydana çıxır. Ürəkbulanmanın səbəbini dəqiqləşdirmək üçün endoskopik, rentgenoloji, ultrasəs, elektrofizioloji və laborator müayinə üsullarından istifadə olunur. Diaqnoz qoyulana qədər diskomfort hissini aradan qaldırmaq üçün prokinetiklər, enterosorbentlər və sedativ fitopreparatlar qəbul edilir.  

Ürəkbulanma haqqında ümumi məlumat

Ürəkbulanma əleyhinə dərmanXəstələr ürəkbulanmanı ağız, boğaz, qida borusu və mədə boyunca yaranan, qusma istəyi törədən xoşagəlməz hiss kimi xarakterizə edirlər. Yanaşı olaraq, tüpürcək ifrazının güclənməsi, ətrafların soyuması, ağızda qeyri-adi dad, tərləmə, pəncə və ovucların hiperhidrozu baş verir. Bir sıra hallarda ürəkbulanma qida qəbulu ilə əlaqəli olur.  

Qidalanma pozğunluqları, yüngül zəhərlənmə, müəyyən qastroenteroloji patologiyalarda xəstənin vəziyyəti öz-özünə və yaxud qusma aktından sonra düzələ bilər. 2 gündən artıq davam edən daimi ürəkbulanma qastroenteroloqun konsultasiyasına göstəriş sayılır. Ürəkbulanmanın torakal, abdominal və baş ağrıları, qanlı qusma, qara nəcis, qızdırma (38°С-dən yüksək), qıcolma ilə müşayiət olunması təxirəsalınmaz tibbi yardım üçün ciddi səbəb sayılır.   

Ürəkbulanmanın yaranma mexanizmi

Ürəkbulanmanın səbəbləriBu əlamətin əsasında qusma refleksinin sinir qövsünün aktivləşməsi dayanır. Əksərən reflektor reaksiyaya həzm traktının və bəzi orqanların periferik reseptorlarının qıcıqlanması səbəb olur. Bir sıra vəziyyətlərdə refleks qusma mərkəzinin oyanması, 4-cü beyin mədəciyinin dibindəki reseptiv zonaya toksiki maddələr və yaxud metabolitlərin təsiri nəticəsində aktivləşir.  

Yaranma səbəbindən asılı olmayaraq, ürəkbulanmanın formalaşma mexanizmi vahid patofizioloji prosesə əsaslanır. Qusma mərkəzi aktivləşdikdə mədənin əzələ qişasının tonusu azalır, onun peristaltikası zəifləyir və ya tamamən dayanır. Eyni zamanda nazik bağırsağın proksimal hissəsinin və onikibarmaq bağırsağın tonusunun artması duodenoqastral refleks törədir. Mədə ximusunun həcminin artması kardial hissənin reflektor boşalmasına, antral zonanın, diafraqma və qabırğaarası əzələlərin yığılmasına gətirib çıxarır. Bu isə qusmaya təkan verir.

Ürəkbulanmanın növləri

Ürəkbulanma hissini təsnif edərkən onun davametmə müddəti və inkişaf mexanizmi nəzərə alınır. Davamlılığına görə epizodik və daimi formalar ayırd edilir. Epizodik ürəkbulanma qəflətən baş verir, adətən qidalanma pozğunluqları, zəhərlənmə və digər kəskin vəziyyətlərdə müşahidə edilir. Müxtəlif intensivlikli daimi ürəkbulanma isə daha çox mərkəzi sinir sisteminin zədələnmələri və xroniki xəstəliklər üçün xarakterikdir. 

Patogenezinə görə ürəkbulanmanın aşağıdakı növləri qeydə alınır:

  • Mərkəzi (beyin mənşəli) ürəkbulanma. Sinir sisteminin patologiyalarında qusma mərkəzinin oyanması zamanı əmələ gəlir. Ona baş beyin qişalarının iltihabi və şiş xəstəliklərində, kəllə-beyin travmalarında, hipertonik krizlərdə təsadüf olunur. Qusma aktı vəziyyəti yaxşılaşdırmır, əksinə çox vaxt ürəkbulanmanı daha da artırır.   
  • Toksiki ürəkbulanma. IV mədəciyin dib hissəsindəki xemoreseptor zonanın ekzo və endotoksinlərlə qıcıqlanması nəticəsində qusma mərkəzinin aktivləşməsi ilə bağlıdır. Bu formaya dərman preparatları, zəhərli maddələr, toksiki metabolitlərlə zəhərlənmə zamanı rast gəlinir. Onun intensivliyi intoksikasiyanın ağırlıq dərəcəsindən asılıdır.  
  • Reflektor ürəkbulanma. Qusma refleksinin sinir zəncirinin reseptor aparatının qıcırlanması səbəbindən yaranır. Ürəkbulanmanı stimulə edən sinir ucları dilin kökündə, udlağın arxa divarında, mədədə, ileosekal zonada, bağırsaqda, mədəaltı vəzidə, hepatobiliar sistemdə və digər orqanlarda yerləşir. Ürəkbulanmanın bu növü adətən qida qəbulu ilə əlaqəli olub, mədə-bağırsaq xəstəliklərinin əlaməti kimi təzahür edir.  
  • Vestibulyar (hərəki) ürəkbulanma. Bədən vəziyyətini, hərəkətin istiqamət və sürətini dəyişdikdə baş verir. Onun əsasında vestibulyar aparatın qıcıqlanması və qusma mərkəzinin oyanması dayanır. Sağlam şəxslərdə maşında gedərkən və ya fırlandıqda ürəkbulanma ilə özünü büruzə verir. Hərəki forma daxili qulağın, körpü-beyincik bucağının və vestibulyar kötük nüvələrinin zədələnməsi ilə gedən beyin patologiyaları üçün səciyyəvidir.   
  • Psixogen ürəkbulanma. Dayanıqlı şərti refleksin realizasiyası zamanı müşahidə edilir. Ürəkbulanmanın triggerləri qismində ikrah və yaxud xoşagəlməz emosiyalar törədən görmə və iybilmə hissi iştirak edir. Əksər hallarda nevrotik və nevrozabənzər vəziyyətlərdə, psixogeniya, yorğunluq və mübahisə zamanı əmələ gəlir. Ürəkbulanma həmçinin depressiya və psixogen pozğunluqların somatoform təzahürü ola bilər.  
  • Metabolik ürəkbulanma. Vitamin, mineral və endokrin çatışmazlıqlar fonunda qida maddələrinin fizioloji çevrilmə proseslərinin pozulması nəticəsində yaranır. Ona uzunsov beynin reseptor zonasına metabolitlərin təsiri və mədə-bağırsaq traktının ikincili zədələnmələrində sinir uclarının aktivləşməsi səbəb olur. Metabolik forma əsasən hipotireoz, qalxanabənzər vəzilərin hiperfunksiyası, predmenstrual sindrom zamanı meydana çıxır. 

Qida qəbulundan sonra ürəkbulanma

Pasiyentlərin bir qismində ürəkbulanma fizioloji olub, həddindən artıq qidalanma, pəhriz və hamiləlik dövrü ilə əlaqədar yaranır. Yeməkdən sonra ürəkbulanmanın patoloji səbəbləri aşağıdakılardır:  

  • Mədə xəstəlikləri: kəskin qastrit, atoniya, törəmələr
  • Qida allergiyası
  • Orqanizmin intoksiyasiyası: qida toksikoinfeksiyaları, bitkilərlə zəhərlənmə, dərman preparatlarının doza həddinin aşılması   
  • Pankreato-duodenal zonanın xəstəlikləri: duedeno-qastral reflüks, duodenostaz, xroniki pankreatit  
  • Hepatobiliar sistemin patologiyaları: xroniki xolesistit və xolangit, öd yollarının diskineziyası, qaraciyərin exinokokkozu  
  • İnfeksion proseslər: rotavirus və norovirus infeksiyaları, eşerixioz, salmonelyoz  
  • Cərrahi müdaxilənin fəsadları: dempinq-sindrom, postxolesistektomik sindrom. 

Ac qarnına ürəkbulanma

Sağlam şəxslər yeməkdən əvvəl bəzi dərman vasitələrini (dəmir preparatları, vitaminlər) qəbul etdikdə, ürəkbulanma yarana bilər. Əksər hallarda bu əlamət MBT xəstəliklərindən, bəzən isə digər patoloji vəziyyətlərdən xəbər verir. Ac qarnına ürəkbulanmanın səbəbləri:  

  • Mədə-bağırsaq traktının xəstəlikləri: qida borusunun eroziyası, qastrit, xora, qıcıqlanmış bağırsaq sindromu   
  • Parazitar invaziyalar: lyamblioz, toksoplazmoz, askaridoz   
  • Endogen zəhərlənmələr: uremiya, xroniki böyrək çatışmazlığı, xərçəng intoksikasiyası   
  • Miqren
  • Hamiləlikdə erkən toksikoz
  • Təxirəsalınmaz vəziyyətlər: hipertonik kriz, «kəskin qarın» sindromu (appendisit, peritonit).

Hamilələrdə ürəkbulanma

Ürəklbulanma — hamilə qadınları tez-tez narahat edən simptomdur. Onun yaranması hamiləlik dövründə orqanizmin mürəkkəb dəyişiklikləri ilə bağlıdır. Bəzən isə ürəkbulanma patoloji səbəblərdən baş verir. Hamiləlikdə ürəkbulanma törədən amillər:  

Ürəkbulanmanın diaqnostikası

Ürəkbulanmadan şikayət edən pasiyentlər adətən qastroenteroloqa müraciət edir. Bu halın səbəbini üzə çıxarmaq üçün həkim laborator və instrumental müayinələr təyin edir:  

  • Ultrasəs müayinəsi. Qarın boşluğunun USM – təhlükəsiz və qeyri-invaziv üsul olduğundan onu bütün xəstələrdə, hətta hamilələrdə də aparmaq mümkündür. Sonoqrafiyanın köməyilə həkim MBT və biliar sistemin üzvi dəyişikliklərini: orqan divarlarının qalınlaşmasını və ya deformasiyasını, həcmli törəmələri aşkarlayır.  
  • Rentgenoloji müayinə. Ürəkbulanma qida borusu və duodeno-qastral zonanın xəstəliklərinin başlıca əlamətidir. Onları müəyyən etmək üçün barium məhlulu ilə kontrast rentgenoqrafiya icra olunur.  
  • Endoskopik müayinə. Qastroskopiyanın köməyilə MBT-nin yuxarı şöbələrinin vəziyyəti qiymətləndirilir: selikli qişaya baxılır, iltihab və destruksiya əlamətləri üzə çıxarılır, şübhəli sahələrdən bioptat götürülür.  
  • Nəcis kütlələrinin müayinəsi. Ürəkbulanma ilə müşayiət olunan MBT patologiyalarının xarakter əlamətlərini aşkar etmək məqsədilə koproqramma məsləhət görülür. Bağırsaq infeksiyalarının əlamətləri ilə qarşılaşdırda nəcisin bakterioloji əkilməsi gərəkdir. Bu üsulla mikroorqanizmlər müəyyən edilir. Əlavə olaraq, fekal elastazanın səviyyəsi yoxlanılır.  
  • Laborator analizlər. Diaqnozu dəqiqləşdirmək üçün qanın biokimyəvi analizi – qaraciyər sınaqları, kəskin faza göstəricilərinin miqdarının təyini göstəriş sayılır. Seroloji reaksiyalarla bağırsaq infeksiyalarının törədiciləri, helikobakterioz aşkar edilir. Metod spesifik tənəffüs testləri ilə tamamlanır.   

Diaqnostikada çətinlik yarandıqda qarın boşluğunun KT və yaxud MRT, duodenal zondlanma ilə ödün bakterioloji əkilməsinə ehtiyac yaranır. Qastroenteroloji patologiyalar inkar olunduqda nevroloji müayinə və digər mütəxəssislərin konsultasiyası mütləqdir.  

Ürəkbulanmanın müalicəsi

Diaqnoz qoyulana qədər yardım

Ürəkbulanmanın intensivliyini azaltmaq üçün zəncəfilli və ya nanəli çay içmək, limon dilimi yemək tövsiyə olunur. Qida kiçik porsiyalarla qəbul edilməli, hisə verilmiş və acı ədviyyatlı məhsullardan imtina edilməlidir. Yeməkdən sonra horizontal vəziyyət almaq məsləhət görülmür.  

Konservativ terapiya

Müalicə sxemi ürəkbulanmanın səbəbi aşkarlandıqdan sonra fərdi şəkildə tərtib olunur. Dərman preparatları ilə yanaşı, dietoterapiya, psixoterapiya tətbiq edilir. Bu üsullar həzmin funksional pozğunluqlarında və hamilələrdə xüsusən effektivdir. Etiotrop və patogenetik terapiya əsas xəstəliyin və onun inkişaf mexanizminin ayrı-ayrı zəncirlərinin aradan qaldırılmasına yönəldilir. Həmçinin xəstələrə xoşagəlməz simptomatikanı yox edən dərmanlar yazılır. Adətən aşağıdakı farmasevtik qruplardan istifadə olunur:   

  • Sedativ fitopreparatlar. Yüngül formalı ürəkbulanmaya qarşı bitki tərkibli vasitələr (pişikotu, damotu) effektivdir. Onlar həzm traktının vegetativ sinir sistemi tərəfindən tənzimini normaya salır. Bəzən kombinəolunmuş dərmanlar, bromidlər tövsiyə edilir.  
  • Antihistamin preparatlar. Bu vasitələr qida məhsullarına allergik reaksiya kimi yaranan ürəkbulanmanı götürür. Sistem allergiyasında əlavə olaraq, qlükokortikoidlərlə qısa müalicə kursu təyin edilir.
  • Prokinetiklər. Həzm traktının peristaltikasını stimulə edir, qida borusu və mədə sfinkterlərinin tonusunu normallaşdırır. Ürəkbulanmanı yox etmək üçün çox zaman prokinetiklər enterosorbentlətlə kombinə edilir.   
  • Antisekretor vasitələr. Proton pompa inhibitorları və H2-reseptorlarının blokatorları mədə turşuluğunun artması nəticəsində əmələ gələn ürəkbulanma zamanı göstərişdir. Yeni sinif dərmanlar – prostaqlandinlər yüksək effektivliyə malikdir.  
  • Serotonin inhibitorlarının antaqonistləri. Onlar güclü təsirləri ilə seçilir. Belə ki, bu dərmanlar baş beyindəki reseptorlara birbaşa təsir göstərir. Ürəkbulanma digər vasitələrlə aradan qalxmadıqda, bu qrup preparatlar qəbul edilir.  
  • Antibiotiklər. Ürəkbulanma bağırsaq infeksiyaları ilə bağlı olduqda, antibakterial preparatlar tətbiq olunur. Parazitar invaziyalarda antihelmint və antiprotozoy preparatlar göstərişdir.  
Bu yazını paylaşın:
Yazını qiymətləndirin: