Göz qapaqlarının piy yırtıqları

Oxuma vaxtı: 10 dəq Oxunma sayı: 5911

göz qapaqlarının piy yırtıqlarının korreksiyasıGöz qapaqlarının piy yırtıqları – göz yuvası daxilindəki piyin qabarması, əzələ karkasının zəifliyi, dərinin elastikliyinin azalması nəticəsində yuxarı və aşağı göz qapaqları nahiyəsində toxumaların ptozudur. Piy yırtıqları göz altında torbacıqlar əmələ gətirir, xarici görünüşü korlayır, insanı yaşlı göstərir, görmə funksiyasını pozur. Mikrocərəyan terapiyası, termoliftinq, ultrasəslə liftinq, fraksion termoliz, periorbital zonanın lazerlə cavanlaşdırılması və terapevtik kosmetologiyanın digər üsulları piy yırtıqlarının formalaşmasını ləngidir. Göz qapaqlarının aradan qaldırılmasının radikal üsulu blefaroplastikadır.

  • Göz qapaqlarının piy yırtıqlarının yaranma səbəbləri
  • Göz qapaqlarının piy yırtıqlarının xarakteristikası
  • Göz qapaqlarının piy yırtıqlarının aradan qaldırılma üsulları

Göz qapaqlarının piy yırtıqları barədə ümumi məlumat

Göz qapaqlarının piy yırtıqları – gözətrafı piy toxumasının yuxarı və ya aşağı göz qapağı nahiyəsində  qabarmasıdır.  Plastik cərrahiyyədə yuxarı (ağır, sallanmış göz qapaqları) və aşağı göz qapaqlarının piy yırtıqları (gözaltı torbacıqlar) qeydə alınır. Piy yırtıqları periorbital nahiyənin toxumalarının yaşla əlaqədar dəyişikliklərinin təzahürüdür. Qapaqlar nahiyəsində dərinin yaşlanmasının ilk əlamətləri 25-30 yaşlarda nəzərə çarpır. Göz qapaqlarının zərif dərisi elastiklik və tonusunu itirir, gərilir, nazilir. Nəticədə mimik qırışlar, gözaltı kölgələr, piy yırtıqları əmələ gəlir, qaşlar aşağı enir.

Gənc yaşlarda göz yarığının uzunluğu 28-32mm, eni isə 10-13mm təşkil edir. Göz qapağının xarici kənarı daxili kənardan 2-4mm hündürdə yerləşir. Yaş artdıqca göz qapağının xarici bucağı enir, göz yarığı qısalır, göz almasının konturları aydın görünür, yuxarı və aşağı göz qapaqları nahiyəsində piy yırtıqları yaranır. Nəticədə gözlər qəmgin və yorğun ifadə alır, insasının estetik görünüşü pozulur. Tünd gün eynəyi və ya dekorativ makiyajla piy yırtıqlarını gizlətmək olar, lakin bu üsullar müvəqqəti xarakter daşıyır, problemi kökündən həll etmir. Göz qapaqlarının piy yırtıqları yalnız plastik cərrahiyyənin köməyilə aradan qaldırıla bilər.

Göz qapaqlarının piy yırtıqlarının yaranma səbəbləri

Hətta periorbital nahiyənin dərisinə müntəzəm qulluq göstərildikdə belə piy yırtıqlarının qarşısını almaq mümkün olmur. Gün ərzində gözün çoxsaylı qırpılması ilə əlaqədar onun dairəvi əzələsi və bağ aparatı, eləcə də göz qapaqlarının dərisi tez zəifləyir və tonusunu itirir. Nəticədə gözətrafı piy toxuması yuxarı və ya aşağı göz qapaqlarının müəyyən sahələrində qabarmağa başlayır. Periorbital nahiyədə mikrosirkulyasiyanın pozulması və limfostaz göz qapaqları dərisinin gərilməsini daha da artırır. Gözətrafı zonada piy vəzilərinin sayı az olduğundan burada dəri quruluğu ilə seçilir. Göz qapaqlarının piy yırtıqlarının yaranması toxumaların yaşla bağlı dəyişiklikləri, genetik və konstitutsional xüsusiyyətlərlə bağlıdır.

Yuxu azlığı, stress, hormonal dəyişikliklər, spirtli içkilərin qəbulu, ultrabənövşəyi şüalanma, dekorativ kosmetikadan istifadə, siqaret çəkmə piy yırtıqlarının formalaşmasını müəyyən qədər tezləşdirir. Göz qapaqlarının piy yırtıqlarını böyrək, ürək-damar və görmə sisteminin xəstəlikləri ilə əlaqədar göz altında yaranan torbacıqlardan fərqləndirmək lazımdır. Onların differensiasiyası üçün nefroloq, kardioloq, oftalmoloqun konsultasiyası tələb oluna bilər.

Göz qapaqlarının piy yırtıqlarının xarakteristikası

Piy yırtıqları yuxarı və ya aşağı göz qapağı nahiyəsində əmələ gələ bilər. Yuxarı göz qapağında yırtıqlar gözün daxili bucağında lokalizasiya olunur, göz qapağının sallanması ilə müşayiət edilir. Aşağı qapağında piy toxuması əsasən kirpiklərin kənarı ilə yanaqlar arasında qabarır, bu halda piy yırtıqları göz altı torbacıq və ödem ilə təzahür edir. Göz qapaqlarının piy yırtıqları tədricən böyüyərək, insanı olduğundan yaşlı göstərir.

Piy yırtıqları estetik qüsurla yanaşı funksional pozğunluqlara: gözün yaşarması, görmə sahəsinin məhdudlaşması və s. səbəb ola bilər. Göz qapaqlarının piy yırtıqları əksər hallarda qaşların ptozu, gözaltı kölgələr və torbacıqlar,  dərin burun-göz yaşı şırımı ilə birgə müşahidə olunur.

Yumşaq toxumaların yaşla əlaqədar dəyişikliklərinin ifadəliliyindən asılı olaraq, göz qapaqlarının ptozunun 4 dərəcəsi ayırd edilir:

  • I dərəcə – yalnız aşağı göz qapağı dəyişikliyə uğrayır (gözaltı kölgələr);
  • II dərəcə – aşağı və yuxarı göz qapaqlarında dəyişikliklər qeydə alınır (gözün dairəvi əzələsinin tonusunun azalması, göz qapağı ilə yanaq arasında dəqiq sərhədin yaranması və ya yanaq nahiyəsinin yumşaq toxumalarının cüzi sallanması);
  • III dərəcə – göz qapaqlarını əhatə edən bütün toxumaların dəyişməsi (qaşlar, yanaq və almacıq nahiyəsinin toxumalarının sallanması, burun-dodaq büküşlərinin dərinləşməsi);
  • IV dərəcə – göz qapaqlarının ətrafında olan toxumaların ifadəli dəyişiklikləri (burun-göz yaşı şırımının dərinləşməsi, gözün xarici bucağının sallanması, gözaltı torbacıqların formalaşması, skleranın açılması.

Göz qapaqlarının piy yırtıqlarının aradan qaldırılma üsulları

Göz qapaqlarının piy yırtıqlarının formalaşması geridönməyən prosesdir, lakin müasir kosmetologiyada periorbital zonanın toxumalarının möhkəmləndirilməsi və liftinqi hesabına gözlərin cavanlığını qoruyan müxtəlif üsullar mövcuddur. Göz qapaqlarının qeyri-invaziv dartılma üsullarına mikrocərəyan terapiyası, termoliftinq, ultrasəslə liftinq aiddir. Gözün dairəvi əzələsinə təsir etməklə periorbital nahiyənin dərisi dartılır, yuxarı göz qapağının sallanması və aşağı göz qapağının artıq dərisi aradan qaldırılır. Üzün 3D-mezosaplarla dartılması (tredliftinq) ifadəli cavanlaşdırıcı effektə malikdir. Gözətrafı zonanın fraksion termolizi, lazerlə cavanlaşdırma, yumşaq kimyəvi pilinq, mezoterapiya, plazmoliftinq, göz yaşı şırımının kontur plastikası, kosmetik maskalar qırışlar, piqmentasiya və göz qapağı dərisinin digər qüsurlarını korreksiya edir. Konservativ terapiya ilə piy yırtıqlarından azad olmaq mümkün deyil, sadəcə bu üsulların tətbiqindən sonra onlar vizual olaraq daha az nəzərə çarpır.

Göz qapaqlarının piy yırtıqlarının cərrahi korreksiya üsulları

Göz qapaqlarının piy yırtıqları cərrahi yolla – blefaroplastikanın müxtəlif variantları ilə aradan qaldırılır. Əməliyyatdan əvvəl pasiyent hərtərəfli müayinə olunur. Göz və göz qapaqlarının vəziyyətinin qiymətləndirilməsinə xüsusi diqqət yetirilir, bu səbəbdən plastik cərrahdan əlavə okulistin konsultasiyası da tələb olunur. Bəzi ümumi xəstəliklər (arterial hipertenziya, şəkərli diabet, hipo- və ya hipertireoz, ağır ürək-damar patologiyası), eləcə də oftalmoloji patologiya (quru göz sindromu, qlaukoma, torlu qişanın ayrılması və s.) blefaroplastikanın aparılmasına əks-göstəriş sayılır.

Cərrahi üsul bir sıra amillər nəzərə alınmaqla seçilir: göz qapaqlarında artıq dərinin miqdarı, ptozun ifadəliliyi, dərinin teksturası və qırışların dərinliyi, göz qapaqları qığırdağının tonusu, piy qabarlarının lokalizasiyası və ölçüsü, dairəvi əzələnin funksional vəziyyəti.

Göz qapaqlarının piy yırtıqlarının lokalizasiyasından asılı olaraq, yuxarı və ya aşağı blefaroplastika icra edilir. İndividual xüsusiyyətlərlə bağlı aşağı blefaroplastika zamanı piy toxumaları xaric edilir (klassik, ənənəvi aşağı blefaroplastika) və ya göz yuvası daxilinə yayılır (piy toxuması saxlanılmaqla aşağı blefaroplastika). Aşağı göz qapaqlarında əməliyyat transskinal və ya transkonyunktival yolla aparılır. Yuxarı blefaroplastika yuxarı göz qapağının ptozunun korreksiyası, alın və qaşların dartılması ilə birgə icra oluna bilər. Aşağı blefaroplastika əksər hallarda almacıq nahiyəsi, burun-dodaq büküşləri daxil olmaqla, üzün orta 1/3 hissəsinin liftinqi ilə həyata keçirilir. Hər iki göz qapağının piy yırtıqlarını aradan qaldırmaq məqsədilə dairəvi blefaroplastika tətbiq olunur.

Piy yırtıqlarının cərrahi korreksiyasının nadir rast gəlinən ağırlaşmalarına laqoftalm (gözü bağlamağın mümkün olmaması), göz qapağının çevrilməsi, gözün yaşarması, diplopiya, retrobulbar hematoma, patoloji çapıqların formalaşması və s. aiddir. Müasir cərrahi üsullar, xüsusən onların aparat və inyeksion prosedurlarla müştərəkliyi göz nahiyəsini xeyli cavanlaşdırır. Blefaroplastikadan sonra estetik effekt orta hesabla 7-10 il müddətində saxlanılır.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: