Hamiləlikdə ishal

Oxuma vaxtı: 13 dəq Oxunma sayı: 11780

Hamiləlikdə ishalın müalicəsiHamiləlikdə ishal – hestasiya dövrünün patoloji vəziyyəti olub, formalaşmamış nəcis kütlələrinin tezləşmiş ifrazı ilə xarakterizə edilir. Nəcis ifrazının pozulması ağırısız gedə və ya gəyirmə, ürəkbulanma, qusma, ağızda xoşagəlməz dad, abdominal ağrılar, defekasiyaya imperativ çağırışlar, bədən hərarətinin yüksəlməsi, çəkinin azalması, halsızlıq, yorğunluqla müşayiət oluna bilər. İshalın səbəbini müəyyən etmək üçün nəcis və qanın klinik, bakterioloji, biokimyəvi analizi, zondlanma, rektoromanoskopiya tələb olunur. Müalicə adətən konservativ yolla: medikamentoz preparatlar, pəhrizlə həyata keçirilir.  

  • Yaranma səbəbləri
  • Patogenez
  • Təsnifat
  • Əlamətləri
  • Ağırlaşmalar
  • Diaqnostika
  • Müalicə
  • Proqnoz və profilaktika

Hamiləlikdə ishal barədə ümumi məlumat

İshal (diareya) – defekasiya aktının gün ərzində 4 dəfədən çox baş verməsidir. Bu zaman duru və ya sıyığabənzər ifrazatların həcmi 200-300 ml-dən çox olur. Diareya müstəqil xəstəlik deyil. Bu hal hər hansı bir orqan və ya sistemin fəaliyyətinin və yaxud anatomik strukturunun pozulması nəticəsində yaranır. Bəzən ishal hamiləliyi ağırlaşdıran patologiyanın ilk əlaməti kimi təzahür edir. Ginekologiyada rast gəlinən diareyaların tezliyi 34%-dir. Qəbizliyə nisbətən ishala daha çox təsadüf olunur. Ona əsasən 35 yaşdan böyük və çox gənc (< 19 yaş) analar meylli olur. İshal adətən yüngül formada gedir, hamilələr tez sağalır. Ağır formalar isə ana və dölün həyatı üçün təhlükə sayılır. İshaldan əziyyət çəkən hamilə qadınların 1,5%-i stasionarda intensiv terapiya alır.  

Hamiləlikdə ishalın yaranma səbəbləri

Hamiləlikdə ishalın səbəbləriHamiləlik dövründə ishal əksərən həzm, endokrin, sinir sistemlərində gedən fizioloji dəyişikliklərdən meydana çıxır. Digər geniş yayılmış səbəb qidalanma pozğunluğudur. İshal həm də mayalanmadan əvvəl və ya hamiləlik dövründə baş verən xəstəliklərin təzahürü sayılır. Hamilə qadınlarda ishalın başlıca səbəbləri aşağıdakılardır:  

  • Həzm sisteminin qeyri-infeksion xəstəlikləri. Hestasiva dövründə mədə sekresiyasının fizioloji azalması, eləcə də patologiyalar: disbioz, xolestatik hepatoz, hipoasid qastrit, xoralı kolit, Kron xəstəliyi, xroniki pankreatit, şişlər ishalla müşayiət olunur.   
  • Qidalanma xüusiyyətləri. Qəhvə alüdəçiliyi, yağlı, kəskin, ədəvalı xörəklərin, şirniyyatların, qida lifləri ilə zəngin məhsulların (meyvə, tərəvəz, dənli bitkilər) həddindən artıq qəbulu ishala gətirib çıxara bilir. Bundan əlavə balanslaşdırılmamış rasionla əlaqədar hamilələrdə hipovitaminoz halları ishalla birgə müşahidə olunur.   
  • Bəzi qidalara qarşı yüksək həssaslıq. Allergik reaksiyalar (sitrus meyvələri, giləmeyvələr, yumurta, şokolad) və ya ferment çatışmazlığı ilə bağlı qida idiosinkraziyası (məsələn, laktulozanın az sintez olunması səbəbindən süd məhsullarının həzm olunmaması) ishal törədir. Bu tip hipersebsibilizasiya çox vaxt ilk dəfə hamiləlik dövründə üzə çıxır.  
  • Neyrogen faktorlar. Hamiləliyin sonuncu trimestrində baş beyin qabığında oyanma prosesləri tormozlanma mexanizmlərinə üstün gəlir. Ona görə də qıcıqlanmış bağırsaq sindromunun yaranma ehtimalı yüksəlir. Neyrogen ishalın digər amillərinə uzunmüddətli psixoemosional stress, neyropatiya aiddir.  
  • İnfeksiya və invaziyalar. Bakteriya, virus, protozoy mənşəli kəskin bağırsaq infeksiyaları ishala səbəb olur. Qeyri-spesifik infeksiyalar hamiləlikdə immunitetin zəifləməsi ilə əlaqədar şərti-patogen floranın çoxalması nəticəsində yaranır. Bir sıra hallarda diareya qriplə müştərək formada qeydə alınır. Helmintlər arasında ən çox askaridlər ishal törədir.
  • Dərman preparatlarının qəbulu. Maqnezium duzları, antibiotiklər, antasidlər, işlədicilər, dəmir preparatları, bioloji aktiv əlavələr MBT-nın fəaliyyətini pozaraq, ishal yaradır.  

Az hallarda diareya metabolik-endokrin pozğunluqlar (şəkərli diabet, hipertireoz, amiloidoz), cərrahi patologiyalar (kəskin appendisit, bağırsaq keçməməzliyi, mezenterial damarların emboliyası) fonunda baş verir. Bəzən qəbizlik özü də ishal törədir; nəcis kütlələrinin uzunmüddət bağırsaqda qalması orqanın divarını qıcıqlandırır, selik ifrazını artırır, ifrazatların duru konsistensiya almasına səbəb olur.   

Hamiləlikdə ishalın patogenezi

Hər gün bağırsağın mənfəzinə təxminən 9 litr maye daxil olur. Onun 22%-ni su təşkil edir. Suyun bir qismi qida qəbulundan alınır, digər hissəsi isə həzm sistemi orqanlarının sekresiyası nəticəsində əmələ gəlir. Mayenin orta hesabla 89%-i nazik, 10%-i – yoğun bağırsaqda sorulur. Yalnız 1,1%-i (təqribən 100 ml) nəcislə xaric olur. Mayenin həddindən artıq olması (əsasən bağırsaq hipersekresiyası ilə əlaqədar) və yaxud sorulma prosesinin zəifləməsi ishala gətirib çıxarır. Nazik bağırsağın hipersekresiyası patogen mikroorqanizmlərlə infeksiyalaşma, qıcıqlandırıcı təsirli işlədicilərin qəbulu ilə bağlıdır. Bağırsağın aşağı hissələrinin sekresiyası  adətən öd turşularının zəif sorulması zamanı artır.

Nazik bağırsaqda sorulma prosesinin pozulmasına ferment çatışmazlığı və möhtəviyyatın bu hissədən sürətlə keçməsi səbəb olur. Bu zaman onun mənfəzində absorbsiya olunmamış maddələr toplanır. Onlar osmotik təsirləri hesabına suyu ləngidirlər. Aşağı şöbələrdə sorulmanın zəifləməsi qalça bağırsaqdan mayenin artıq miqdarda daxil olması, epitel qatın zədələnməsi, yoğun bağırsağın motorikasının pozulması, karbohidratları fermentləşdirən bakteriyaların çatışmazlığı ilə əlaqədardır. Ağır formalı ishal zamanı hipovolemiya, asidoz, qida maddələrinin, vitamin və mineralların çatışmazlığı baş verir. Yoğun bağırsağın qıcıqlanması uşaqlığın tonusunun yüksəldir, iltihabla bağlı aktiv maddələrin qana ifrazı ilə bu təsiri gücləndirir.  

Hamiləlikdə ishalın təsnifatı

Gedişinə görə ishalın 2 forması ayırd edilir: kəskinxroniki. Kəskin forma 3 həftədən çox davam etməyən parlaq simptomatika ilə xarakterizə edilir. Xroniki gediş üçün əlamətlərin zəif, lakin uzun müddətli olması səviyyəvidir. Pozğunluqların patogenetik mexanizminə əsasən ishal 4 tipə bölünür:  

  • Sekretor. Diareyanın bu tipi patogen mikroorqanizmlərin, onların toksinlərinin təsiri, eləcə də öd turşularının çoxluq təşkil etməsi ilə əlaqədar bağırsaqda maye və elektrolitlərin sekresiyasının artması nəticəsində yaranır.
  • Hiperosmolyar. Həzm və sorulma proseslərinin pozulması (xroniki pankreatit, disbioz, enterit, amiloidoz, öd yollarının obstruksiyası zamanı), həddindən artıq duzlu və ya şirin qidaların qəbulu nəticəsində bağırsaqda osmotik aktiv maddələrin toplanması səbəbindən suyun yığılması ilə bağlı baş verir.  
  • Hipereksudativ. Diareya sindromuna bağırsaq şişləri, autoimmun xəstəliklər, bəzi infeksiyalar (dizenteriya, salmonellyoz, bağırsaq vərəmi, kampilobakterioz) zamanı zədələnmiş selikli qişadan eksudatın sızması səbəb olur.  
  • Motor (diskinetik). Bağırsaq motorikası pozulduqda ximus tranzitinin sürətinin artması və ya azalması ishal törədir. Sinir sarsıntıları, nevroz, neyropatiya, hipertireoz, işlədicilərin qəbulu hiperkinetik diareya ilə müşayiət olunur. Hipokinetik tip nazik bağırsağın obstruksiyası ilə bağlıdır.  

Hamiləlikdə ishalın əlamətləri

Hamiləlikdə ishalın əlamətləriHamiləlik dövründə ishalın əlamətləri onun səbəbindən, tipindən, zədələnmənin lokalizasiyasından, təzahürlərin intensivliyindən asılıdır. Enterit heç bir qarışığı olmayan külli miqdarda duru nəcis ifrazı ilə özünü büruzə verir. Bağırsağın boşalması çox vaxt «bomba» xarakterli olur. Kolitlər üçün qəfil tenezmlər (gün ərzində 30 dəfəyə qədər), defekasiya aktının tezləşməsi, selik, qan və irin qarışıqlı az miqdarda ifrazatlar xarakterikdir. Kəskin diareyada nəcis ifrazının tez-tez təkrarlanması halsızlıq, zəiflik törədir. Xroniki ishal tez yorulma, bədən kütləsinin azalması ilə səciyyələnir.  

Sekretor diareyaya qarında güclü ağrı ilə müşayiət olunmayan açıq rəngli, sulu və ya köpüklü gur nəcis xasdır. Pozğunluq dietadan asılı olmur, aclıqla keçib getmir. Osmolyar ishal həzm olunmamış qida qalıqlarından (hepatobiliar sistemin patologiyalarında açıq rəngli, xəmirəbənzər; mədəaltı vəzin hipofunksiyasında kəskin iyli boz) ibarət çoxlu miqdarda nəcis ifrazı ilə təzahür edir; aclıq etdikdə ishal keçib gedir. Eksudativ tipdə nəcis kütlələri qan və irin qarışıqlı olur. Hiperkinetik diareyanın fərqləndirici xüsusiyyəti sarı və yaxud yaşıl rəngli duru nəcisin gündəlik miqdarının azacıq artmasıdır. Motor funksiyanın zəifləməsi nəticəsində ishal baş verdikdə nəcisdə adətən selik izlənilir.  

İshal digər patoloji əlamətlərlə müşayiət oluna bilər. İnfeksion və autoimmun enterokolitlər qızdırma ilə gedir. Qıcıqlanmış bağırsaq sindromu, su və elektrolitlərin çox itirilməsi tərləmə və taxikardiya ilə müştərək formada olur.  Qıcıqlanmış bağırsaq sindromunda diareya qəbizliklə növbələnir, epiqastral nahiyədə diskomfort yaranır; cərrahi patologiyalara xas olan kəskin qarnın klinik şəklini xatırladan intensiv ağrılar baş verir. Epiqastral diskomforta həmçinin qaraciyər, mədəaltı vəzin patologiyaları, disbiozla bağlı  diareyalarda rast gəlinir. Xolestatik diareya sarılıq, autoimmun kolit və amiloidozun törətdiyi ishal isə oynaqların iltihabı ilə müşayiət olunur. Addison xəstəliyi, şəkərli diabet ilə assosiasiyalı diareyalarda dəridə piqmentasiya müşahidə olunur..

Hamiləlikdə ishalın ağırlaşmaları

İshalın ən geniş yayılmış və eyni zamanda təhlükəli fəsadı hamiləliyin sonlanmasıdır. 30-44% hallarda hamiləliyin spontan pozulmasının səbəbi ishalla gedən mədə-bağırsaq xəstəlikləridir. Ağır formalı diareyada çoxlu miqdarda maye itirildiyindən kollaps və şok riski artır. Belə hallar çox vaxt ölümlə nəticələnir. Ana və uşaq üçün təkcə nəcis ifrazının pozulması deyil, onun səbəbi də təhlükə daşıyır. Məsələn, bağırsaq infeksiyası ilə əlaqədar qadında irinli-iltihabi ginekoloji ağırlaşmalar (ən qorxulusu mamalıq sepsisi), döldə isə bətndaxili infeksiyalaşma səbəbindən fetal patologiyalar əmələ gələ bilər. 

Hamiləlikdə ishalın diaqnostikası

Müayinə üsulları ishalın səbəbinin (alimentar faktor, daxili xəstəliklər, endokrin, nevroloji və ya ginekoloji patologiyalar) üzə çıxarılmasına istiqamətləndirilir. İlkin səbəbi müəyyən etmək üçün əksər hallarda mama-ginekoloqun konsultasiyası kifayət edir. Differensial diaqnostika anamnestik məlumatlar (defekasiyanın həcmi və tezliyi, qidalanma xüsusiyyətləri, ümumi somatik xəstəliklər) və obyektiv müayinənin nəticələri (yanaşı simptomların qiymətləndirilməsi) əsasında aparılır. Diaqnozu dəqiqləşdirmək üçün dar ixtisaslı mütəxəssislər (qastroenteroloq, endokrinoloq, infeksionist) cəlb oluna bilər. Müayinə prosesində aşağıdakı instrumental və laborator üsullar tətbiq edilir:   

  • Nəcis analizi. Bakterioloji əkilmə infeksiya hallarında törədicini aşkar etməyə və müalicə üçün antibiotik seçməyə imkan verir. Koproqrammanın nəticələrinə əsasən mədə, həzm sisteminin vəziləri, bağırsaq patologiyalarını təsdiq və ya inkar etmək, həmçinin gizli qana görə selikli qişaların tamlığının pozulmasından şübhələnmək mümkündür. Nəcisdə helmint yumurtalarının tapılması qurd invaziyasını təsdiqləyir.
  • Qan analizi. Qanın ümumi analizinin nəticələrinə görə diareyanın iltihabi, allergik xarakteri müəyyən edilir. Biokimyəvi müayinələr sayəsində hepatobiliar sistemin, mədəaltı vəzin patologiyaları, şəkərli diabet üzə çıxarılır.
  • Endokskopik müayinələr. Kolit və şişləri aşkar etmək üçün rektoromanoskopiya aparılır. Mədə və duodenal zondlanma ilə mədə şirəsinin pH-nın azalması, öd turşularının konsentrasiyasının artması, mədəaltı vəzinin ekzogen funksiyasının pozulması təyin edilir.   

Hamiləlikdə ishalın müalicəsi

Hamiləlik dövründə ishal mama-ginekoloqun nəzarəti altında müalicə olunur. Yüngül hallarda su-duz balansının korreksiyasına və intoksikasiyanın aradan qaldırılmasına yönəldilən etiotrop və simptomatik terapiya təyin olunur. Bu məqsədlə enterosorbentlərdən, oral rehidratasiya vasitələrindən istifadə edilir. Qidalanma rasionuna xüsusi diqqət yetirilir: qəbul olunan məhsullar MBT-nin selikli qişasını qıcıqlandırmamalı, peristaltikanı artırmamalı, qıcqırma törətməməlidir. Rasiondan qənnadı məmulatları, kələm, dənli bitkilər (lobya, mərci, noxud), soğan, sarımsaq, yağlı bulyon, ədəvalar, qızardılmış və hisə verilmiş ərzaqlar, qazlı içkilər çıxarılmalıdır. İfadəli dehidratasiya zamanı intensiv terapiyaya ehtiyac yaranır. Xroniki, kəskin gedişli ağır formalarda əsas xəstəliyə müvafiq spesifik müalicə aparılır.  

Hamiləlikdə ishalın proqnoz və profilaktikası

Proqnoz bağırsaq pozğunluğunun səbəblərindən asılıdır. Alimentar ishal, neyrogen diareya, yüngül gedişli infeksiyalarda sağalma tez baş verir, ağırlaşmalar olmur. Xroniki ishalla təzahür edən proqressiv patologiyalar və ağır infeksiyalarda proqnoz qeyri-qənaətbəxş olur.  

Profilaktik tədbirlərə hamiləlikdən əvvəl xroniki xarakterli daxili xəstəliklərin diaqnostika və müalicəsi, hestasiya dövründə mütəmadi şəkildə ginekoloqun konsultasiyası, gigiyena qaydalarına riayət, balanslaşdırılmış qidalanma aiddir. Dərman vasitələrinin nəzarətsiz qəbuluna yol verilməməlidir.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: