Kolposkopiya
Kolposkopiya – uşaqlıq boynunun binokulyar mikroskop – kolposkop vasitəsilə instrumental müayinə üsuludur. Kolposkopla həm də xarici cinsiyyət orqanlarını müayinə etmək mümkündür. Bu proses vulvoskopiya adlanır. Kolposkopiyanın aparılmasında məqsəd uşaqlıq boynunda gedən patoloji dəyişiklikləri, o cümlədən xərçəngönü və xərçəngin erkən mərhələlərini vaxtında aşkar etməkdən ibarətdir.
Kolposkopiya haqqında ümumi məlumat
Kolposkopiya proseduru uşaqlıq boynuna vaginal güzgülərlə baxış zamanı aşkarlanan patoloji dəyişikliklərin xarakterini dəqiqləşdirməyə imkan verir. Müasir kolposkoplar təsviri 7,5-30 dəfə böyüdür. Ümumiyyətlə, cinsi həyat sürən hər bir qadın profilaktik məqsədlə ildə 1 dəfə bu müayinədən keçməlidir. Onun aparılmasına heç bir əks-göstəriş yoxdur. Ən əsası prosedura xüsusi hazırlıq tələb olunmur.
Kolposkopiya zamanı uşaqlıq yolu və boynunun selikli qişasının vəziyyəti barədə dəqiq məlumat əldə edilir, patoloji ocaqlar üzə çıxarılır, xoş və bədxassəli şişlər differensial diaqnostika olunur, hədəfli biopsiya aparılır. Kolposkop vasitəsilə hətta vulva, uşaqlıq yolu və uşaqlıq boynunda selikli qişanın ən xırda defektlərini, eroziya, kista, polip, kondiloma, endometrioz, şiş törəmələrini aşkar etmək mümkündür.
Kolposkopiyanın aparılma qaydası
Aybaşı günlərini çıxmaq şərtilə kolposkopiya istənilən vaxt icra oluna bilər. Müayinə ginekoloji kresloda aparılır. Prosedur təmassız və ağrısız olduğundan anesteziyaya ehtiyac yoxdur. İlkin mərhələdə uşaqlığın boyun hissəsi vaginal güzgülərlə aralanır, onun divarları tamponla təmizlənir. Əslində kolposkopiyanın 2 növü mövcuddur: sadə və genişləndirilmiş. Sadə formada uşaqlıq boynuna kolposkopla baxılır, heç bir medikamentoz test yerinə yetirilmir.
Genişləndirilmiş kolposkopiya zamanı əlavə sınaqlar aparılır. Onlara uşaqlıq boynunun selikli qişasının 3%-li sirkə məhlulu və Lüqol məhlulu (Şiller testi) ilə işlənməsi aiddir. Bu sınaqlardan sonra yenidən selikli qişanın vəziyyəti kolposkopla müşahidə edilir. Sirkə turşusunun təsirindən selikli qişanın damarları qısamüddətli yığılır, uşaqlıq boynunun qanla təhcizatı zəifləyir. Bu test uşaqlıq boynunun xərçəngönü və xərçəng vəziyyətləri üçün xarakterik olan patoloji damar genişlənməsini izləməyə imkan verir. Uşaqlıq boynunun yodtərkibli Lüqol məhlulu ilə işlənməsi boyun hissəni örtən yastı epiteli tünd-qəhvəyi rəngə boyayır. Yastı epitelin patoloji sahələri rənglənməyib, tünd-qəhvəyi fonda ağ ləkələr şəklində seçilir.
Kolposkopiya zamanı selikli qişanın rəngi, damar şəkli, yastı epitelin səthi, törəmələrin kənarları (aydın və ya qarışıq) qiymətləndirilir. Bu üsulun effektivliyi 80%-dən yuxarıdır. Uşaqlığın boyun hissəsinə adi ginekoloji baxış zamanı aşkarlanmayan patoloji ocaqlar kolposkopiya prosesində dərhal üzə çıxır.