Uşaqlıq yolundan ağ axıntı

Oxuma vaxtı: 8 dəq Oxunma sayı: 19267

Uşaqlıq yolundan ağ axıntının müalicəsiUşaqlıq yolundan ağ axıntı — cinsi yarıqdan külli miqdarda ağ rəngli, qatı konsistensiyalı ifrazatın xaric olmasıdır. Bir sıra hallarda axıntı turş iyli olur. Bu əlamət əksərən aralıqda diskomfort və intensiv qaşınma, eləcə də cinsi akt zamanı ağrı ilə müşayiət olunur. Uşaqlıq yolundan ağ axıntı həm fizioloji amillərlə, həm də vaginal kandidoz və disbiozla bağlı ola bilər. Səbəbi üzə çıxarmaq üçün ginekoloji kresloda baxış, çanaq orqanlarının USM, laborator analizlər lazım gəlir. Axıntını törədən əsas xəstəlik aradan qaldırıldıqda bu narahatlıq da keçib gedir.  

  • Uşaqlıq yolundan ağ axıntının səbəbləri
  • Diaqnostikası
  • Müalicəsi

Uşaqlıq yolundan ağ axıntının səbəbləri

Fizioloji faktorlar

Uşaqlıq yolundan ağ axıntının səbəbləriNormada uşaqlıq yolunun dəhlizində və uşaqlıq boynunda yerləşən vəzilər az miqdarda, spesifik iysiz, şəffaf selik ifraz edirlər. Cinsi hormonların təsirindən seliyin rəngi və konsistensiyası dəyişir – axıntı süd rəngində və dartılan olur. Belə hallar daimi xarakter aldıqda və yaxud ağ axıntı xoşagəlməz qoxulu olduqda ginekoloqa müraciət etmək lazımdır. Umümilikdə uşaqlıq yolundan ağ axıntının ən çox yayılmış təbii səbəbləri aşağıdakılardır:

  • Aybaşı siklinin ikinci yarısı. Aybaşıdan bir neçə gün əvvəl yapışqana bənzər, qatı, iysiz, açıq süd rəngli azacıq axıntı müşahidə olunur.  
  • Cinsi akt. Cinsi həzz zamanı çoxlu miqdarda dartılan, ağ selik ifraz olunur. Onun özünəməxsus iyi olur.   
  • Hamiləlik. 12-13-cü həftədən sonra reproduktiv orqanların selikli qişasında dəyişikliklər baş verir, epitel toxuması yenilənir. Bununla əlaqədar ağ ifrazatlar yaranır. Turş qoxu patoloji səbəblərə işarə edir.  

Vaginal kandidoz

Uşaqlıq yolundan ağ axıntı nədir?Uşaqlıq yolunun kandidozunda bol miqdarda, qeyri-həmcins konsistensiyalı,  turş iyli selik nəzərə çarpır. İfrazatlar xarici görünüşcə kəsmiyi xatırladır. Cinsi əlaqə və su prosedurlarından sonra axıntının miqdarı artır. 

Xroniki kandidozda pasiyentlər aybaşıdan təxminən 1 həftə əvvəl kiçik həcmdə kəsmiyəbənzər ifrazatın axmasından şikayətlənirlər. Aybaşı başlandıqda ağ axıntı da kəsilir. Adətən bu əlamət böyük və kiçik cinsiyyət dodaqlarının dərisinin hiperemiyası, aralığın qaşınması, sidik ifrazının ağrılı olması ilə birgə rast gəlinir.  

Genital vərəm

Uşaqlıq yolundan zəif iyli, ağ rəngli axıntı uşaqlıq borularının və cinsiyyət siseminin digər hissələrinin Kox çöpləri ilə zədələnməsindən xəbər verə bilər. Bu zaman axıntı qatı və az miqdarda olur. Onun yaranması aybaşı sikli ilə əlaqəli olmur. Əksər qadınlarda aybaşıarası interval uzanır. Cavan pasiyentlər hamilə qala bilmədiklərini vurğulayırlar. Genital vərəmdə ağ axıntı subfebril qızdırma və qarnın aşağı hissəsində qeyri-intensiv, dartıcı ağrılar fonunda müşahidə olunur.  

Farmakoterapiyanın fəsadları

Xoşagəlməz iyli ağ axıntının ən çox rast gəlinən səbəbi uşaqlıq yolunda yerli immuniteti zəiflədən dərman preparatlarının (antibiotiklər, kortikosteroidlər) qəbuludur. Vaginal axıntılara antibakterial terapiyaya başladıqdan 5-7 gün sonra təsadüf olunur. Ağ ifrazatlarla yanaşı xəstlərdə uşaqlıq yolunda və aralıqda qaşınma da əmələ gəlir. Patoloji axıntı vaginal floranın pozulması və patogen mikroorqanizmlərin intensiv formada çoxalması ilə bağlıdır. Qlükokortikoidlərlə müalicə zamanı ağ axıntıya immunosupressiya və şərti-patogen floranın aktivləşməsi səbəb olur.  

Uşaqlıq yolundan ağ axıntının diaqnostikası

Uşaqlıq yolundan turş iyli, ağ selik ifraz olunduqda ginekoloqun qəbuluna yazılmaq lazımdır. Axıntının səbəbini üzə çıxarmaq üçün cinsiyyət yollarının fiziki və instrumental müayinəsi, həmçinin laborator üsullara ehtiyac yaranır:  

  • Ginekoloji müayinə. Reproduktiv orqanların selikli qişasının vəziyyətinin öyrənilməsinə yönəldilir. Baxış zamanı hiperemiya sahələri və ya epitelin destruksiyası, iltihabi haşiyə ilə əhatə olunmuş kəsmiyəbənzər ərp müəyyən edilir. Vaginal güzgülərlə baxış uşaqlıq yolunun barmaqla müayinəsi ilə tamamlanır.
  • Endoskopik üsullar. Kolposkopiya əsnasında uşaqlıq boynunun selikli qişasının epitel toxuması vizualizasiya olunur. Onun köməyilə eroziyalar və digər şübhəli dəyişikliklər aşkar edilir. Axıntının səbəbini dəqiqləşdirmək üçün Şiller və sirkə sınaqları aparılır. Uşaqlığın zədələnmələrində histeroskopiya tələb olunur.  
  • Sonoqrafiya. Kiçik çanaq orqanlarının USM — standart, qeyri-invaziv üsul olub, uşaqlıq və onun artımlarındakı iltihabi proseslərin əlamətlərini, həcmli törəmələri effektiv şəkildə müəyyən edir. Şübhəli hallarda diaqnostik laparoskopiya təyin oluna bilər.  
  • Laborator analizlər. Skrininq qismində axıntının bakterioloji əkilməsi və mikrofloraya görə analiz məsləhət görülür. Turş iyli, kəsmiyəbənzər axıntılara rast gəlindikdə göbələklərin aşkarlanması üçün yaxma mikroskop altında yoxlanılır. Vərəm infeksiyasından şübhələndikdə mikobakteriyalara görə spesifik analizlər verilir.  

Kompleks ginekoloji müayinəyə həm də aybaşı siklinin müxtəlif günlərində qanda estrogen və progesteron səviyyəsinin yoxlanılması daxildir.  

Uşaqlıq yolundan ağ axıntı zamanı müalicə

Diaqnoz qoyulana qədər yardım

İysiz, kiçik həcmli, ağ axıntı fizioloji sayıldığından medikamentoz müalicə tələb olunmur. Sadəcə qadınlara gigiyena qaydalarına riayət etmək, soyuqdan qorunmaq və dar, sintetik alt paltarı geyinməmək məsləhət görülür. Axıntının miqdarı artdıqda, qoxusu üfunətli olduqda düzgün müalicə almaq üçün ginekoloqa müraciət etmək lazımdır.  

Konservativ terapiya

Uşaqlıq yolundan axıntı ilə müşayiət olunan xəstəliklər medikamentoz üsullar və fizioterapiya ilə müalicə edilir. Etiotrop və patogenetik terapiya aşağıdakı qrup preparatlarla aparılır:  

  • Göbələkəleyhinə dərmanlar. Şam formasında dərmanlar göbələk infeksiyasını ən qısa zamanda məhv edir. Ağır hallarda şamla yanaşı daxilə qəbul üçün antifunqal preparatlar təyin edilir.  
  • Antiseptiklər. Xlorheksidin və analoji təsirli dərman vasitələrindən hazırlanan şamlar uşaqlıq yolunu patoloji mikroorqanizmlərdən təmizləməyə kömək edir. Antiseptik məhlullar və bitki dəmləmələri ilə şırınqalama müsbət nəticə göstərir.  
  • Laktobakteriyalar. Axıntının patogenetik mexanizminə təsir göstərmək üçün müalicə sxeminə faydalı bakteriyalarla zəngin vaginal şamlar daxil edilir. Burada məqsəd mikrofloranı bərpa etməkdən ibarətdir.
  • Vərəməleyhinə preparatlar. Kox çöpləri cinsi yolları zədələdikdə spesifik etiotrop müalicə gərəkdir. Adətən bir neçə farmasevtik qrupdan olan antibakterial preparatlardan istifadə edilir.

Xəstə həkimin təyinatlarına düzgün əməl etdikdə tez bir zamanda ağ ifrazatlar kəsilir. Gələcəkdə bu halın təkrarlanmaması üçün vaginal floranın tərkibini pozan preparatları ehtiyatla qəbul etmək lazımdır. Həmçinin immuniteti möhkəmlətmək – normal qidalanmaq, yetərincə istirahət etmək, stress vəziyyətlərdən qaçmaq tövsiyə olunur.  

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: