Ayaq ağrısı
Ayaq ağrısı – aşağı ətrafda yaranan xoşagəlməz hissdir. Müxtəlif intensivlikli ağrılar müəyyən xəstəliklərdən xəbər verir. Ayaq ağrısı lokal və yaxud yayılmış olur. Ona çanaq sümükləri, bud, baldır, daban, pəncə və ayaq barmaqlarında rast gəlinir. Ağrı bəzən yüngül diskomfort şəklində, digər hallarda isə dözülməz formada təzahür edir. Xarakterinə əsasən sızıltılı, sıxıcı, kəskin və pulsasiyaedici ağrılar ayırd olunur. Zaman faktoruna görə (yaranma vaxtı, davamiyyəti, simptomun dinamikası) qısa və ya uzunmüddətli, tutmaşəkilli, dalğavari, artan, azalan olur.
Ayaq ağrısı haqqında ümumi məlumat
Ağrının yaranma səbəbi xəstəyə ümumi baxış, laborator və instrumental üsulların köməyilə aşkarlanır. Diaqnostika prosesində rentegnoqrafiya, USM, MRT, KT, qanın ümumi analizi, histoloji müayinə, xəstədən götürülmüş toxumalarda törədicinin müəyyən edilməsi üçün spesifik testlər aparılır.
Aşağı ətrafda anatomik dəyişikliklərin getməsindən asılı olaraq, funksional (anatomik pozğunuq baş vermir) və üzvi (travma, iltihab, degenerasiya, şiş və s.) ağrılar qeydə alınır. Etioloji faktor nəzərə alınmaqla, ayaq ağrısının səbəbləri aşağıdakı qruplara bölünür:
- Travmatik zədələnmələr. Yara, əzilmə, sınıq, əzələ, bağ və vətərlərin dartılması və yaxud cırılması
- İltihabi proseslər. Miozit, nevrit, tendinit, periostit, osteit. Bu qrupda irinli iltihab xüsusilə vurğulanılır. Onun gedişi ağır olub, osteomielit, nekrozlaşan fassiit, abses, fleqmona və s. kimi təhlükəli fəsadlarla sonlanır.
- Həcmli törəmələr. Xoş və bədxassəli şişlər, sümük kistaları
- Qan və limfa dövranının pozulması. Venaların varikoz genişlənməsi, tromboz, obliterasiyaedici endarteriit, limfedema.
Ayrıca qrupa ayağın bu və ya digər hissəsini innervasiya edən sinirin sıxılması qeyd olunur. Bu tip ağrılar degenerativ xəstəliklər (məsələn, osteoxondroz) zamanı meydana çıxır. Həmçinin ayaq ağrısı ətrafın uzunluğunun və dayaq qabiliyyətinin, oynaqların funksiyalarının anadangəlmə və yaxud qazanılmış pozğunluqları ilə əlaqədar yarana bilər.
Ağrını aradan qaldırmaq üçün onu törədən xəstəlik müalicə olunmalıdır. Əks halda qəbul edilən ağrıkəsici preparatların təsiri müvəqqəti olacaq.