Böyrək ağrısı
Böyrək ağrısı – adətən iltihabi xəstəliklər: pielonefrit, qlomerulonefrit zamanı yaranır. Ağrı sindromuna həmçinin nefroptoz, sidik daşı xəstəliyi, təxirəsalınmaz hallarda (böyrəyin infarktı, böyrək venasının trombozu) rast gəlinir. Diaqnostika prosesində instrumental üsullar: USM, uroqrafiya, KT, eləcə də qan və sidiyin laborator analizləri köməyə gəlir. Diaqnozu dəqiqləşdirmək üçün böyrəyin biopsiyası aparılır. Konservativ müalicəyə antibiotiklər, kortikosteroidlər, diuretiklər və hipotenziv vasitələr daxildir. Göstərişlərə əsasən hemodializ və ya peritoneal dializ, cərrahi əməliyyat təyin edilir.
Böyrək ağrısının səbəbləri
Pielonefrit
Kəskin prosesdə bel ağrısı qəfildən meydana çıxır. Xoşagəlməz hissiyyat sidik axarı boyunca yayılır, bəzən isə qarnın ön divarına irradiasiya edir. Böyrək ağrısı əsasən soyuqladıqda, o cümlədən sidik kisəsi və uretra iltihablaşdıqda əmələ gəlir. Klinik şəkil qızdırma, titrətmə, halsızlıqla tamamlanır.
Xroniki pielonefritin residivləşən formasında bel nahiyəsində zəif, sızıltılı ağrılar müşahidə edilir. Bu əlamət qarında diskomfort, ağrılı sidik ifrazı və mütəmadi qızdırma ilə müşayiət olunur. Sadalanan klinik təzahürlər bir neçə ay davam edir. Pielonefrit üçün böyrək ağrısı və yüksək arterial təzyiqin müştərəkliyi xarakterikdir.
Qlomerulonefrit
Kəskin qlomerulonefrit beldə mülayim ağrılarla özünü büruzə verir. Buna böyrək kapsulunun gərilməsi səbəb olur. Ağrı hissi streptokokk və ya virus infeksiyasından 2-3 həftə sonra yaranır. Xəstələrdə səhər saatlarında bədəndə, xüsusən də üzdə şişkinlik izlənilir. Əksər insanlarda sutkalıq diurez azalır, bəzən sidik çəhrayırəngə boyanır.
Qlomerulonefritin xroniki formasında pasiyent böyrək proyeksiyasında qeyri-intensiv, epizodik ağrılardan şikayət edir. Arterial hipertenziya və onun sutka ərzində əhəmiyyətli dərəcədə sıçrayışları ön plana keçir. Kəskin formada olduğu kimi daimi ödem (xüsusən səhər oyandıqda) müşahidə edilir. Xəstələri təngnəfəslik və ürək çatışmazlığının digər əlamətləri narahat edir.
Sidik daşı xəstəliyi
Daşlar kiçik ölçülü olduqda xəstəlik uzun müddət simptomsuz gedir. Az hallarda zədələnmiş böyrək tərəfdə qeyri-intensiv ağrılar baş verir. Sidik axarı daşla tutulduqda böyrək sancısının tipik klinikasına təsadüf olunur. İntensiv ağrı sindromu bədən vəziyyətini dəyişməklə azalmır. Bir müddətdən sonra simptomatikaya hematuriya əlavə olunur.
Hidronefroz
Kəskin hidronefroz xəstə böyrək proyeksiyasında kəskin tutmaşəkilli ağrılarla təzahür edir. Ağrı sidik axarı boyunca yayılaraq, bud və aralığa irradiasiya edir. Bu xəstəlik üçün sidik ifrazının tezləşməsi və ağrılı olması, ürəkbulanma, qusma səciyyəvidir. İnfeksiyalaşmış hidronefrozda ağrı sindromu güclənir, bədən hərarəti xeyli yüksəlir.
Nefroptoz
Böyrək sallanması beldə birtərəfli dartıcı ağrı, qarın boşluğunda ağırlıq hissi ilə gedir. Diskomfort fiziki yüklənmə və önə əyilmə zamanı artır, horizontal vəziyyətdə isə azalır. Nefroptozun ağır dərəcəsində ağrı pozadan asılı olmayıb, daimi xarakter alır. Xəstəliyin fəsadlaşmış gedişində böyrək sancısını xatırladan ağrı tutması baş verir.
Böyrək infarktı
Ağrının intensivliyi orqanın zədələnmə sahəsindən asılıdır. Geniş ölçülü infarkt zamanı qəfildən güclü ağrı meydana çıxır. Onun intensivliyi böyrək sancısına bənzəyir. Ağrı bir tərəfdə hiss edilir. Xəstə heç cür rahat vəziyyət tapa bilmir. Ağrı sindromu hematuriya, yəni çəhrayı və yaxud qırmızı sidik ifrazı ilə müşayiət olunur.
Böyrək venasının trombozu
Bu patologiya təxirəsalınmaz vəziyyət sayılır. Tromboz böyrək proyeksiyası və qarnın yan tərəflərində kəskin ağrı ilə xarakterizə olunur. Xəstənin ümumi vəziyyəti pisləşir, intoksikasiya əlamətləri – ürəkbulanma, qusma, zəiflik və yuxululuq artır. Çox vaxt xəstəliyin sistem təzahürləri: aşağı ətraflarda ağrı və şişkinlik müşahidə edilir.
Törəmələr
Xoşxassəli törəmələr uzun müddət gizli qalır. Yalnız onların ölçüləri böyüdükdə, ətraf toxumalar və sinir lifləri sıxıldıqda böyrək ağrısı meydana çıxır. Ağrı hissi qasıq və buda yayılır. İri törəmələr irinlədikdə ağrı güclənir, titrətmə və qızdırma olur. Fiziki yüklənmənin törətdiyi güclü ağrı kistanın partlama təhlükəsindən xəbər verir.
Böyrək xərçəngində ağrı sindromu prosesin gecikmiş mərhələyə çatmasına dəlalət edir. Ağrı birtərəfli, küt və sızıltılı xarakter daşıyır. Onlara orqanın kapsulunun gərilməsi, şişin invaziv böyüməsi səbəb olur. Başlanğıc mərhələdə ağrıya rast gəlinmir. Böyrəyin bədxassəli törəmələrində əlamətlər xüsusi ardıcıllıqla təzahür edir: əvvəlcə sidikdə qan əmələ gəlir, sonra isə beldə ağrı yaranır. с
Böyrək ağrısı törədən nadir səbəblər
- Böyrək çatışmazlığı: kəskin və xroniki
- İnterstisial nefrit
- İrinli proseslər: apostematoz nefrit, böyrəyin karbunkulu, pionefroz
- Anadangəlmə anomaliyalar: yəhərəbənzər böyrək, böyrəyin aplaziya və yaxud displaziyası, polikistoz
- Nefropatiya: toksiki, paraneoplastik
- Hepatorenal sindrom
Böyrək ağrısının diaqnostikası
Anamnez toplayarkən həkim-nefroloq xəstəliyə təkan verən hadisələri və əlamətlərin baş vermə müddətini aydınlaşdırır. Fiziki müayinə əsnasında Pasternatski əlaməti yoxlanılır, ödemin olmasına fikir verilir. Ağrının dəqiq səbəbini üzə çıxaran ən informativ üsul laborator-instrumental müayinələrdir.
- Sidik analizi. Böyrək patologiyalarında spesifik dəyişikliklər: zülal, hüceyrəvi elementlər (eritrositlər, leykositlər), silindrlər müşahidə edilir. Konsentrasion funksiyasını qiymətləndirmək üçün Zimnitski sınağı aparılır. Hematuriya və ya leykosituriya isə Neçiporenko sınağı ilə təsdiqlənir.
- Qan analizi. Hemoqrammada leykositoz və EÇS-nin yüksəlməsi xəstəliyin iltihabi xarakterinə işarə edir. Qanın biokimyəvi analizində ümumi zülal, albumin və lipid səviyyəsinə diqqət yetirilir. Kreatinin, sidik cövhərinin miqdarı təyin edilir.
- Böyrəklərin USM. Sonoqrafiyanın köməyilə orqanın ölçüsü, böyrək parenximasının qalınlığı və sərhədləri müəyyən edilir. USM məlumatlarına əsasən kasa-ləyən sisteminin genişlənməsi, böyrək və ya sidik yollarında konkrementlər aşkar edilir. Doppleroqrafiya vasitəsilə böyrəkdə qan dövranı qiymətləndirilir.
- Ekskretor uroqrafiya. Bu üsul böyrək və sidik-ifrazat yollarının hərtərəfli vizualizasiyasını təmin edir. Onun nəticələrinə görə orqanın deformasiyası, ölçülərinin dəyişməsi üzə çıxarılır, böyrəyin ifrazat funksiyası yoxlanılır. Uroqrafiya digər müayinələrlə – KT, sintiqafiya ilə tamamlanır.
- Böyrəyin biopsiyası. Bu invaziv müayinədən xroniki qlomerulonefrit, böyrəyin autoimmun zədələnmələri və törəmələrinin differensial diaqnostikasında istifadə olunur. Bioptatların sitoloji müayinəsində atipik hüceyrələr və immun komplekslərinin olmasına fikir verilir.
Böyrək ağrısının aradan qaldırılması
Diaqnozun qoyulmasına qədər ilkin yardım
Kəskin nefritin simptomatikası və böyrək sancısı ilə qarşılaşdıqda xəstə dərhal stasionar müalicəyə yönəldilir. Yüngül və orta-ağır gedişlərdə ambulator terapiya mümkündür. Ağrı sindromunun səbəbi müəyyənləşənə qədər qoruyucu rejim, pəhriz təyin olunur. Pasiyentin vəziyyətini yüngülləşdirmək məqsədilə simptomatik terapiya aparılır.
Konservativ terapiya
Müalicə sxemi xəstəliyin klinik formasından və etioloji amildən asılıdır. Hər bir halda gün ərzində içilən mayenin miqdarına və diurezin həcminə ciddi nəzarət olunmalıdır. Bu, böyrəklərin ifrazat və konsentrasion funksiyalarını qiymətləndirməyə imkan verir. Bəzi nefroloji xəstəliklərdə zülal qəbulu məhdudlaşdırılmalıdır. Medikamentoz terapiya aşağıdakı qrup preparatlarla aparılır:
- Diuretiklər. Diurezi normaya salır, ödemi azaldır. Qanın elektrolit tərkibindən asılı olaraq, ilgək, tiazid və kalium qoruyucu diuretiklər tətbiq edilir. Sidik qovucu vasitələr yalnız sidik-ifrazat yollarının keçiriciliyi pozulmadıqda məsləhət görülür.
- Kortikosteroidlər. Bu preparatlar iltihabı sürətlə aradan qaldırır. Onlar həm də immunosupressiv xüsusiyyətə malikdir. Kortikosteroidlər xəstəliyin səbəbinə təsir göstərdiyindən böyrək ağrısı ən qısa zamanda itir. Hormonlar adətən qlomerulonefrit, interstisial nefritlərdə qəbul edilir.
- Antibiotikoterapiya. Etiotrop antibiotiklər pielonefrit və böyrəyin digər infeksion xəstəliklərində yeridilir. Həkimlər sefalosporin, flüorxinolon qrupundan olan antibiotiklərə üstünlük verirlər. Yüngül infeksiyalarda uroseptiklər effektivdir.
- Hipotenziv preparatlar. Böyrəyin xroniki xəstəlikləri hipertoniya ilə müşayiət olunur. Onların müalicəsində AÇF inhibitorları, angiotenzin-II reseptorlarının blokatorları təyin edilir. Arterial təzyiqi normaya salmaq üçün kalsium antaqonistləri tövsiyə olunur.
- Dezintoksikasiya edici vasitələr. Toksiki təsirlərin törətdiyi kəskin proseslərdə dezintoksikasion terapiya məqsədəuyğundur. Belə hallarda spesifik antidotlar yeridilir, infuzion terapiya, ekstrakorporal detoksikasiya üsulları aparılır.
Böyrəyin fəaliyyəti əhəmiyyətli dərəcədə pozulduqda əvəzedici terapiya – dializ və ya peritoneal dializ tələb olunur. Kreatitin səviyyəsinin qalxması, yumaqcıq filtrasiyasının sürətinin azalması, qanda kaliumun miqdarının dəyişməsi, həyat üçün təhlükləi ağırlaşmalar, böyrək çatışmazlığı dializə göstəriş sayılır.
Cərrahi müalicə
Klinik urologiyada cərrahi üsullar adətən sidik daşı xəstəliyində tətbiq olunur. Orta ölçülü daşlarda retroqrad nefrolitotripsiya, kontakt litotripsiya, iri konkrementlərdə isə nefrolitotomiya icra olunur. Ağır formalı inkişaf anomaliyaları, böyrəyin total zədələnməsi zamanı nefrektomiya həyata keçirilir. Böyrək çatışmazlığının terminal formasında böyrəyin transplantasiyası göstərişdir.