Boyun ağrısı
Boyun ağrısı (servikalgiya) — boyun nahiyəsində müxtəlif xarakter və intensivlikdə törənən ağrı hissidir. Bu əlamət başgicəllənmə, əllərin və başın arxa hissəsinin keyiməsi, dərinin lokal qızarması və şişkinliyi ilə müşayiət olunur. Boyun ağrısı bu nahiyənin infeksion-iltihabi xəstəliklərində, onurğanın travma və degenerativ proseslərində, narahat vəziyyətdə uzun müddət qaldıqda yaranır. Ağrının səbəbini müəyyən etmək üçün KT, MRT, USM, laborator analizlər təyin olunur. Onu analgetiklər, QSİƏP, fizioterapiya üsulları ilə aradan qaldırmaq mümkündür.
Boyun ağrısı haqqında ümumi məlumat
Uşaqları çıxmaq şərtilə dünya əhalisinin 70%-i mütəmadi olaraq, boyun ağrısı ilə qarşılaşır. Bu simptom bəzən qısamüddətli diskomfort şəklində meydana çıxır. Bəzi hallarda isə gündəlik fəaliyyətə mane olan güclü ağrı sindromu müşahidə edilir. Ağrı əksərən onurğanın boyun hissəsində və yaxud ön-yan tərəfdə formalaşır. Pasieyntlər adətən qəfil yaranan sancmanın üzücü ağrı sindromu ilə əvəz olunduğunu qeyd edirlər. Ağrı pulsasiyaedici, sıxıcı, deşici xarakter daşıya bilər. Boyun ağrısı bir sıra hallarda çiyin, kürək və ənsə nahiyəsində yayılır.
Başı hərəkət etdirdikdə xoşagəlməz hissiyyat gücləndiyindən, insan bütün korpusu ilə çevrilməyə məcbur qalır. Əksər hallarda boyun narahat vəziyyətdə (məsələn, kompüter arxasında) uzun müddət işlədikdə ağrıyır. Bir çox xəstələr servikalgiyanı soyuqlama ilə əlaqələndirirlər. Boyun ağrısı güclü olduqda, o cümlədən başgicəllənmə, qulaqda küy, başın arxa hissəsində keyimə ilə müşayiət edildikdə ixtisaslaşmış tibbi yardım almaq lazımdır.
Boyun ağrısının növləri
Ağrının davametmə müddətindən asılı olaraq, kəskin (10 günə qədər sürən) və xroniki (daimi və ya residivləşən) formalar ayırd edilir. Etiopatogenetik təsnifatda servikalgiyanın 2 növü qeyd edilir:
- Vertebrogen boyun ağrısı. Onurğanın boyun şöbəsinin sümük-qığırdaq toxumasının birincili zədələnməsi nəticəsində əmələ gəlir. Bu qrupa spondilogen servikalgiya (onurğa beyninin sıxılması və sümüklərin zədələnməsi ilə əlaqədar) və diskogen (fəqərəarası disklərin deformasıyası nəticəsində yaranan) boyun ağrısı aiddir.
- Qeyri-vertebrogen boyun ağrısı. Ağrının digər səbəblərini özündə birləşdirir. Bu forma əzələ-bağ aparatının iltihabı, daxili orqanların – qırtlaq, qalxanabənzər vəzi, limfa düyünləri və ağız suyu vəzilərinin patologiyalarında əmələ gəlir.
Lokalizasiyasına görə boyun ağrısı 2 formaya bölünür: boynun ön və yaxud yan hissələrində; onurğa sütününda yaranan. Qonşu sahələrə yayılan boyun ağrısı servikokranialgiya (ənsə nahiyəsinə irradiasiya edən) və servikobraxialgiyaya (boyun-çiyin sindromu) ayrılır.
Boyun ağrısının səbəbləri
Boynun ön hissəsində ağrının səbəbləri
Ağrı çənənin altında, məhdud sahədə hiss oluna bilər. Lakin əksər hallarda xəstələri yayılmış, güclü ağrılar narahat edir. Udqunduqda, başı yanlara çevirdikdə ağrı daha da artır. Boyun ağrısı aşağıdakı hallarda müşahidə edilir:
- Qalxanabənzər vəzin patologiyaları: kəskin və yarımkəskin tireoidit, diffuz toksiki zob, Haşimoto tireoiditi.
- Travmalar: əzələ liflərinin gərilmə və çırılması, boyun nahiyəsinə zərbə.
- İltihabi proseslər: miozit, nevrit, tendinit.
- İrinli xəstəliklər: irinləyən boyun kistası, paratonzilyar abses.
- Limfa sisteminin patologiyaları: limfadenit, limfangit.
- Kompression boyun sindromu: kökcük, fəqərə arteriyasına aid.
- Qonşu orqanların xəstəlikləri: ezofagit, traxeit.
- Stenokardiya tutması.
Onurğanın boyun hissəsindəki ağrının səbəbləri
Pasiyentlər adətən boynun arxa hissəsindəki ağrı səbəbindən həkimə müraciət edirlər. Ağrı hissi intensiv və daimi olur. Bununla əlaqədar xəstə baş və çiyin qurşağını tərpətməməyə çalışır. Onurğanın boyun şöbəsindəki ağrı aşağıdakı patoloji vəziyyətlərin əlaməti sayılır:
- Onurğanın degenerativ xəstəlikləri: boynun osteoxondrozu, osteoartroz, fəqərəarası diskin prolaps və ya yırtığı.
- Sümüklərin travması: boyun fəqərələrinin kompression sınıqları, onurğa beyninin sıxılması, fəqərə qövsünün və çıxıntılarının sınıqları.
- Digər strukturların zədələnməsi: onurğanın sümüküstü və sümükarası bağlarının çırılması, fəqərələrarası əzələlərin zədələnməsi.
- Birləşdirici toxumanın sistem xəstəlikləri: Bexterev xəstəliyi (ankilozlaşan spondiloartit), artritlər (revmatoid, psoriatik), Reyter sindromu.
- İnfeksion proseslər: osteomielit, fəqərələrin vərəmi.
- Nadir səbəblər: ikitərəfli patoloji boyun fəqərələri, Klippel-Feyl sindromu.
Boynun yan hissəsindəki ağrının səbəbləri
Boynun yan tərəfindəki intensiv ağrılar adətən çiyin və yaxud qulağa irradiasiya edir. İnsan bu nahiyədə yanğı və pulsasiya hiss edir. Güclü diskomfort fonunda ikincili əyriboyun yaranır. Belə hallarda baş daima xəstə, çənə isə sağlam tərəfə əyilir. Yan tərəfli boyun ağrısı aşağıdakı səbəblərdən əmələ gəlir:
- Qan damarlarının patologiyaları: boyundakı venaların varikoz genişlənməsi, iri baş beyni qidalandıran iri boyun arteriyalarının aterosklerozu.
- Narahat vəziyyət: kompüter arxasında başı daim önə əymək, narahat balışda yatmaq və s.
- Əzələ spazmları: başı qəfil çevirdikdə, fiziki işlə intensiv məşğul olduqda, soyuqladıqda.
- Udlaqarxası abses.
- Onkoloji xəstəliklər: qalxanabənzər və qalxanabənzər ətraf vəzilərin şişləri, udlaq və qırtlağın yan səthinin törəmələri.
- Anadangəlmə xəstəliklər: Qrizel sindromu, Şereşevski-Terner anomaliyasında qanadabənzər boyun.
- Nadir səbəblər: subaraxnoidal qansızma, meningitin ağırlaşmaları.
Boyun ağrısının diaqnostikası
Boynu ağrıyan insan adətən nevroloqa müraciət edir. Ağrının səbəbini üzə çıxarmaq üçün laborator və instrumental üsullardan istifadə edilir:
- Sonoqrafiya. Boynun və digər nahiyələrin ultrasəs müayinəsi boyun strukturlarının qeyri-invaziv vizualizasiyasına, ağrını törədə biləcək daxili orqanların patologiyalarının aşkarlanmasına imkan verir. Xəstələrdə qalxanabənzər vəzin hədəfli USM aparılır. Dupleks skanlama ilə iri damarlarda qan cərəyanı nəzarət edilir.
- Rentgenoloji üsullar. Onurğanın boyun şöbəsinin icmal rentgenoqrafiyasında sümük strukturlarının deformasiyaları, fəqərələrin yerdəyişməsi müəyyən edilir. Onurğanın kompüter tomoqrafiyası daha informativ üsuldur. Onun köməyilə vertebral pozğunluqların xarakter və dərəcəsi qiymətləndirilir. Bağ aparatının vəziyyətini yoxlamaq üçün MRT məsləhət görülür.
- Funksional diaqnostika. Boyun ağrısı əzələ aparatının zədələnməsi ilə bağlı ola bilər. Bu faktı inkar və ya təsdiq etmək üçün elektromioqrafiya zəruridir. Ağrının kökcük mənşəli olmasından şübhələndikdə elektroneyroqrafiya göstərişdir. Ağrı sindromunun dərəcəsi Mak-Gill sorğusu ilə təyin edilir.
- Laborator üsullar. Boyunda ağrıya səbəb ola biləcək kəskin iltihabi prosesləri inkar etmək məqsədilə qanın ümumi və biokimyəvi analizi aparılır. Həmçinin qanda tireoid hormonların səviyyəsi yoxlanılır. Ümuminfeksion sindrom zamanı əsnəkdən yaxmanın və yaxud bəlğəmin bakterioloji əkilməsi, seroloji reaksiyalar (İFR, İFA, PZR) tələb olunur.
Boyun ağrısının müalicəsi
Diaqnoz qoyulana qədər yardım
Boynu kəskin hərəkət etdirmək, yelçəkəndə oturmaq qadağandır. Müayinələrin nəticəsi hazır olana qədər boyuna yun şarf bürüməklə, ağrını yüngülləşdirmək mümkündür. Ağrı güclü olduqda QSİƏP məsləhət görülür. Lakin bu preparatları həkim nəzarəti olmadan uzun müddət içmək icazəli deyil. Belə ki, onların sistemsiz qəbulu mədə-bağırsaq qanaxmalarına və xoralaşmaya gətirib çıxara bilər.
Konservativ terapiya
Həkim taktikası ağrı hissinin intensivliyindən və xəstəliyin səbəbindən asılıdır. Əksər hallarda medikamentoz müalicə fizioterapiya ilə kombinə edilir. Boyun ağrısını törədən asas patologiyanı, o cümlədən ağrını aradan qaldırmaq üçün aşağıdakı preparatlardan istifadə edilir:
- Qeyri-steroid iltihab əleyhinə vasitələr. Bu dərmanlar iltihabi prosesi və ağrını effektiv şəkildə yox edir. Mədə-bağırsaq traktının selikli qişasını qorumaq üçün SOG-2-nin selektiv inhibitorlarının qəbulu tövsiyə olunur.
- Miorelaksantlar. Onlar qısa zamanda əzələ spazmını geridə qoyur. Əzələlər boşaldıqda boyun daha az ağrıyır. İlk iynədən effekt hiss olunur. Nəticəni möhkəmləndirmək üçün miorelaksantlar kurs şəklində tətbiq edilir.
- Anestetiklər. Dözülməz ağrılarda istifadə edilir. Onlar ağrıyan nahiyəyə inyeksiya (blokada) şəklində yeridilir. Yerli anestetiklərin uzunmüddətli təyini arzuolunan deyil.
- Antibiotiklər. Bu preparatlar boynun bakterial və irinli proseslərində göstəriş sayılır.
- Vitaminlər. B qrup vitaminlər, xüsusən tiamin boyun ağrısı xroniki xarakterli olduqda tövsiyə edilir. Onlar onurğa beyni kökcüklərinin və sinirlərinin qidalanmasını yaxşılaşdırırlar.
Fizioterapiya
Boyunda ağrı törədən əzələ gərginliyini aradan qaldırmaq üçün Şants boyunluğundan istifadə edilir. Onu 2-3 həftə taxmaq lazımdır. Yerli isidici prosedurlardan (palçıq vannaları, kompress, anestetiklərlə elektrofarez) sonra boyun ağrısı xeyli azalır. Fəqərə və disklərin anatomik vəziyyətini bərpa etmək üçün manual terapiya aparılmalıdır. Maqnitoterapiya, iynərefleksoterapiya xroniki ağrılara qarşı effektivdir. Kəskin ağrı yoxa çıxdıqdan sonra masaja keçilir. Bu zaman fizioterapiya müalicəvi bədən kompleksləri ilə tamamlanır.
Cərrahi müalicə
Boyun ağrısı ilə gedən onurğa sütünün patologiyalarında cərrahi müadaxilə mütləqdir. Sinir kökcüklərinin sıxılmasını azaltmaq məqsədilə diskektomiya, foraminotomiya və laminektomiya aparılır. Yırtıq aşkarlandıqda müvafiq əməliyyatlar icra edilir. Boynun şişləri cərrahi yolla çıxarılır. Boyunda ağrı irinlik və kista mənşəli olduqda, onlar yarılır, drenajlanır və boşluq antibiotiklərlə yuyulur.