Kürək ağrısı

Oxuma vaxtı: 3 dəq Oxunma sayı: 1112

Kürək ağrısının səbəbləriKürək ağrısı – kürək sümüklərinin arasında və aşağı hissəsində, onurğa sütununda, oma-büzdüm nahiyəsində yaranan ağrı hissidir. Bu əlamət həmin sahələrdə problemin olmasından xəbər verir. Kürək ağrısı zəif və güclü; lokal və yayılmış; qısa və yaxud uzunmüddətli; artan, azalan və dalğavari; daimi və tutmaşəkilli olur. Ağrı müəyyən şəraitdə (eyni vəziyyətdə çox qaldıqda, həddindən artıq fiziki işlə məşğul olduqda) və yaxud xarici amillər iştirak etmədən baş verir.  

Kürək ağrısı haqqında ümumi məlumat

Kürək ağrısı haqqındaAğrının səbəbini aydınlaşdırmaq üçün həkim pasiyentə müəyyən suallar verir. Bundan sonra fiziki müayinə, instrumental və laborator üsullardan istifadə edilir. Diaqnostikanın ilkin mərhələsində adətən rentgenoqrafiya aparılır. Sonra isə ehtiyac yarandıqda sonoqrafiya, maqnit-rezonans və yaxud kompüter tomoqrafiya icra edilir. Bəzən kürək ağrısı daxili orqanların zədələnmələrində ağrı impulsunun irradiasiyası səbəbindən baş verir. Bununla əlaqədar bir qrup pasiyentlərdə somatik patologiyanı inkar etmək məqsədilə klinik-laborator müayinələr yerinə yetirilir.  

Ağrı əsasən şiddətli və ya küt olur. Patofizioloji mexanizminə görə ağrı nosiseptiv (sinir reseptorlarının qıcıqlanması nəticəsində yaranan) və nevropatik (sinir liflərinin qıcıqlanması ilə əlaqədar əmələ gələn) formaya bölünür. Birinci tipə mialgiya və fəqərələrin zədələnməsi zamanı meydana çıxan ağrı hissi aiddir. İkinci tipə isə travma və sinir kökcüyünün sıxılması səbəbindən formalaşan ağrı sindromunu misal göstərmək olar.  Etioloji faktora əsasən kürək ağrısı aşağıdakı növlərə ayrılır:  

  • Miofassial ağrı. Fiziki gərginlikdən sonra yaranan kəskin və ya trigger nöqtələrinin (ocaqlar) formalaşması ilə müşayiət olunan miofassial sindrom çərçivəsində müşahidə edilən xroniki forma.  
  • Sinir kökcüyü sindromu. Onurğanın degenerativ xəstəliklərində sinir kökcüyünün sıxılması zamanı meydana çıxır.  
  • Travma mənşəli. Kürək nahiyəsində yumşaq toxumaların və sümük strukturlarının açıq və yaxud qapalı travması nəticəsində baş verir.  
  • Yayılmış ağrı. Daxili orqanların bəzi kəskin və xroniki xəstəliklərində (məsələn, ürəyin işemik xəstəliyimiokard infarktı) müşahidə edilir.
  • İltihab mənşəli. Bu halda iltihabi dəyişikliklər və toxumaların ödemi kürək ağrısı törədir. Ona kəskin xarakterli ümumi infeksiyalar, yerli iltihabi və infeksion proseslər, autoimmun patologiyalar və şiş xəstəliklərində rast gəlinə bilər.  

Kürək ağrısı ilə gedən xəstəliklərin siyahısı çox genişdir. Ağrı sindromunun səbəbini dəqiqləşdirmək və müalicəyə başlamaq üçün mütləq travmatoloq və ya nevroloqa müraciət olunmalıdır. Müalicə üsulu ağrının səbəbinə uyğun seçilir.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: