Hamiləlik haqqında

Oxuma vaxtı: 7 dəq Oxunma sayı: 3509

Hamiləlik haqqında hər şeyAna olmağa hazırlaşan qadınları hamiləlik haqqında bir sıra məqamlar maraqlandırır. Bu məqalədə ginekoloqlara ən çox verilən sualların cavabını Sizə təqdim edirik.

Hamiləlik üçün optimal yaş dövrü hansıdır?  

Dünyaya uşaq gətirmək üçün ən münasib yaş dövrü 20-35 hesab olunur. Bu müddətdən tez və yaxud gec hamilə qaldıqda qadın ciddi şəkildə həkim nəzarəti altında olmalıdır. Müntəzəm müayinələr hamiləlik ağırlaşmalarının qarşısını alır, uşağın sağlam doğulmasına şərait yaradır.  

Doğuşlar arasında nə qədər fasilə verilməlidir?

Hamiləlik haqqında sual cavabGinekoloqlar doğuşarası intervalın ən azı 2-2,5 olmasını optimal sayırlar. Bu, qadın orqanizminin güc toplamasına, ananın və gələcək uşaqların sağlamlığını qorumağa imkan verir.  

Hamiləlik əlamətləri hansılardır?  

Qadınların hamiləlik haqqında verdiyi ən məşhur suallardan biri də budur: hələ test etmədən mayalanmanın baş tutduğunu necə bilmək olar? Ümumiyyətlə, hamiləlik əlamətləri arasında aybaşı gecikməsi ön sırada dayanır. Lakin hər gecikmə hamiləlikdən xəbər vermir. Ona stress, səyahət, dərman preparatları və bir sıra xəstəliklər səbəb ola bilər.   

Hamiləlikdə qadın orqanizmi necə dəyişir? 

Hamiləlik haqqındaHamilələrdə yumurtalıq hormonlarının sintezində yaranan dəyişikliklər bir çox fizioloji proseslərlə nəticələnir. Belə ki, estrogen reproduktiv toxumaların artmasına, o cümlədən uşaqlıq əzələlərinin böyüməsinə, bu orqanın selikli qişasının qalınlaşmasına, onun qan dövranının yaxşılaşmasına səbəb olur.

Həmçinin estrogen süd vəzilərinin inkişafını stimulə edir, onları laktasiyaya hazırlayır. Qadın cinsi hormonunun səviyyəsinin yüksəlməsi orqanizmdə mayenin ləngiməsinə, dərialtı piyin toplanmasına və dərinin piqmentasiyasına təsir göstərir. 9 ay ərzində qadın orta hesabla 11-14 kq çəki qazanır.  

Hamiləlik dövründə nəinki fizioloji, həm də psixoemosional səviyyədə dəyişikliklər gedir. Bununla əlaqədar qadın yaxın adamlarının dəstəyinə hər zaman ehtiyac duyur.  

Hamiləlik neçə həftə sürür?  

Hamiləlik mayalanma anından sonra orta hesabla 40 həftə davam edir. Bu dövr 3 trimestrə bölünür. Onların hər biri 3 təqvim ayından ibarətdir.   

1-ci trimestr: 1-13 həftə. Bu mərhələdə döl intensiv inkişaf edir, onun bütün orqan və sistemlərinin əsası qoyulur.  

2-ci trimestr – 14-28 həftə. Formalaşmış orqanlar böyüyür, dölün hərəkətliyi artır.  

3-cü trimestr – 29-40 həftə. Döl orqanizmi xarici mühitdə sərbət yaşamağa hazırlaşır. 

Hamiləlikdə hansı hallarda təcili şəkildə ginekoloqla əlaqə saxlanılmalıdır?  

  • uşaqlıq yolundan qanaxma;
  • qarında güclü ağrı;
  • dölyanı mayenin axması;
  • yüksək qızdırma, halsızlıq;
  • dölün tərpənişlərinin azalması və ya tamamən dayanması;
  • 24 saat ərzində dölün tərpənməməsi;
  • tez-tez təkrarlanan qusma, çəki itkisi;
  • üz, əl, ayaq və qarın nahiyəsinin kəskin ödemi.

Hamiləlik dövründə təbii su hövzələrində (dəniz, çay, göl) cimmək olar?  

Buna hamiləliyin 7-ci ayına qədər yalnız aşağıdakı şərtlər daxilində icazə verilir:

  • hamiləlik ağırlaşmasız keçirsə;
  • qadında heç bir kəskin və xroniki xəstəlik yoxdursa;
  • su çox soyuq deyilsə və təbii ki, ekoloji cəhətdən təmizdirsə. 

Hamilə qadınlar necə qidalanmalıdır?  

Normal hamiləlik dövründə sutkalıq rasion 2400-2700 kkal təşkil etməlidir: 

110 qram zülal. Ana olmağa hazırlaşan qadının yeməyi zülalla zəngin olmalıdır. Çünki zülal böyüyən döl üçün “tikinti materialı” rolunu oynayır. Əsas zülal mənbəyi ət, balıq, toyuq, yumurta, dənli bitkilər, qozdur. Bundan əlavə qadınlar hər gün kəsmik, xama, süd və pendir yeməlidir.  

75 qram yağ. Yağlar enerji mənbəyi olmaqla yanaşı, həm də ürək-damar, həzm sisteminə, doğuş fəaliyyətinə təsir göstərən prostaqlandinlərin sintezində iştirak edirlər. Yağlar daha çox bitki yağlarında olur. Hamilənin rasionundakı yağların 40%-i bitki mənşəli olmalıdır.  

350 qram karbohidrat. Karbohidratlar maddələr mübadiləsində istifadə olunan əsas enerji mənbəyidir. Onlar çatışmadıqda zülallar sərf olunur. Nəticədə bu maddələr dölə az daxil olur və uşağın inkişafı zəifləyir. Həmçinin orqanizmin müqaviməti azalır, sinir sisteminin işi pozulur. Karbohidratları çörək, meyvə və tərəvəzlərin tərkibində qəbul etmək məsləhətdir.  

Hamiləlik dövründə nümunəvi menyu

Səhər: süddə bişirilmiş kaşa və ya qaynadılmış yumurta (qayğanaq), yağ-pendirlə çörək, çay.  

Günorta: salat, toyuq bulyonunda vermişelli sup, qaynadılmış kök və toyuqla düyü, kompot.

Arada: kəsmik, meyvə, qatıq, yoqurt.

Nahar: qaynadılmış və yaxud qızardılmış balıqla kartof püresi, çüğundur və qara gavalıdan salat.  

Axşam yatmazdan əvvəl: 1 stəkan qatıq və ya yoqurt.  

Hamiləlik dövründə cinsi əlaqə icazəlidir?

Uşaq dölyanı maye, döl kisəsi tərəfindən qorunsa da bəzi tibbi göstərişlər zamanı intim yaxınlıqdan çəkinmək lazımdır. Belə hallara düşük və vaxtından əvvəl doğuş təhlükəsi, qanaxma, qıcolma aiddir.  

O cümlədən kişidə cinsi infeksiyalar varsa, onun müalicə olunması və yaxud cinsi əlaqə zamanı kontraseptiv vasitələrlə qorunmaq məsləhət görülür.

Dölün inkişafına ətraf mühüt necə təsir göstərir?  

Hamiləlik dövründə uşağın beyninin inkişafında təkcə genlər deyil, anadan aldığı informasiya da mühüm rol oynayır. Xarici mühütdən informasiya uşağa ananın hissi orqanları ilə daxil olur. Bu səbəbdən hamilə qadının təmiz hava ilə nəfəs alması, təbiət qoynunda olması, neqativ emosiyalardan uzaqlaşması çox vacibdir. Ana həm də uşağı ilə tez-tez danışmalı, onun inkişafına stimul verməlidir.  

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: