Hamiləlik pozan dərmanlar

Oxuma vaxtı: 5 dəq Oxunma sayı: 69293

Hamiləlik pozan dərmanlar hansılardır?Hamiləlik pozan dərmanlar – mayalanmadan sonra erkən dövrlərdə (hamiləliyin 5-6-cı həftəsinə qədər) istifadə olunur. Hamiləliyin bu üsulla dayandırılması qeyri-cərrahi metod olub, medikamentoz abort adlanır. Belə hallarda sintetik hormonal preparatlar – antiprogestinlər (Mifegin, Mifeproston, Penkroftan) qəbul edilir. Adı çəkilən dərmanlar yalnız ginekoloqun təyinatı və nəzarəti altında içilməlidir. 

Hamiləlik pozan dərmanlar üçün göstərişlər

Hamiləlik pozan dərmanlar nələrdir?Medikamentoz abortun instrumental üsuldan başlıca üstünlüyü cərrahi müdaxilənin və onunla bağlı fəsadların (uşaqlıq boynu və uşaqlığın travması, hormonal stress, infeksiyalaşma, ikincili sonsuzluq və s.) olmamasıdır. Doğuş keçirməyən cavan qadınlarda hamiləlik pozan dərmanlar məqsədəuyğundur. 

Medikamentoz yolla hamiləliyin sonlandırılması aybaşı gecikməsindən 42 gündən artıq keçmədikdə icazəlidir. Bu dövrdə hələ döl yumurtası uşaqlığın divarına zəif yapışır, qadın orqanizmində güclü hormonal dəyişikliklər baş vermir.

Hamiləlik pozan dərmanlar və onların effektivliyi

  • hamiləliyin 2-3-cühəftəsində – 98%;
  • 5-ci həftədə – 93%;
  • 6-cı həftədə – 89%.

Həmin preparatların təsir mexanizmi antiprogesteron effektə əsaslanır: progesteronun əzələ qişası, desidual qişa və trofoblastın reseptorları səviyyəsində blokada olunması; trofoblastın inkişafının dayanması; desidual toxumanın qopması. Bu proseslər klinik olaraq, aybaşıyabənzər uşaqlıq qanaxmaları və hamiləliyin sona çatması ilə təzahür edir.  

Hamiləlik pozan dərmanlar üçün əks-göstərişlər  

  • uşaqlıqdan kənar hamiləlikdən şübhələnmə;
  • anemiya və qanın laxtalanmasının pozulması;  
  • iri ölçülü fibromioma;
  • böyrəküstüvəzi, böyrək və qaraciyər çatışmazlığı;  
  • şəkərli diabet, bronxial astma və digər ağır xəstəliklər;  
  • kəskin iltihabi proseslər;
  • kortikosteroid hormonların uzunmüddətli qəbulu.

Nisbi əks-göstərişlərə isə uşaqlığın çapığı, uşaqlıqdaxili spiral fonunda hamiləlik aiddir.  

Hamiləlik pozan dərmanlar necə içilir?

Pasiyent hamiləliyi medikamentoz üsulla pozmaq üçün həkimə müraciət etdikdə ilk növbədə ginekoloji baxış keçirilir. Sonra isə bəzi müayinələr (USM, vaginal yaxmanın floraya görə analizi) aparılır. 

Heç bir əks-göstəriş olmadıqda hamilə qadın ginekoloqun yanında dərman (məsələn Mifepriston) qəbul edir. Hamiləliyi dayandırmaq üçün Mifepriston 1 neçə qaydada içilir:  

  • monoterapiya  — bir dəfəyə 3 tablet (600 mq);
  • prostaqlandinlərin analoqu ilə kompleks şəkildə — 3 tablet (600 mq) Miferistonun qəbulundan 48 saatdan sonra 400 mkq Mezoprostol içilir.  

1-1,5 saat ərzində həkim pasiyentin vəziyyətinə nəzarət edir. Hər şey qaydasında olduqda onu evə buraxır.  

Hamiləlik pozan dərmanlar necə təsir edir?

Hamiləlik pozan dərmanlarin təsiriPreparatın təsiri klinik olaraq, 24-48 saatdan sonra özünü büruzə verir: uşaqlıq yolundan adi aybaşı intensivliyində qan axmağa başlayır. Dinamik baxış və prostaqlandin (Mezoprostol) qəbulu üçün 2 sutkadan sonra qadın yenidən ginekoloqun yanına gəlməlidir. Dərmanın təsirindən uşaqlıq əzələləri yığılır, döl yumurtası ana bətnindən xaric olur. Qanaxma ağrı hissi ilə müşayiət oluna bilər.   

Hamiləliyin müddətindən asılı olaraq, qanaxma 10-14 gün davam edir. Müddət nə qədər çox olarsa, qanaxmanın intensivliyi bir o qədər güclü olur. Bəzi hallarda hemostatik terapiya və ya uşaqlıq boşluğunun qaşınması tələb oluna bilər. 10-14 gündən sonra kontrol baxış zamanı USM aparılır. Onun köməyilə döl yumurtasının tam xaric olduğu yoxlanılır. Natamam abortlarda döl qalıqlarının vakuum aspirasiyası icra olunur.  

Hamiləlik pozan dərmanlardan sonra

Medikamentoz abortdan sonra 2 həftə ərzində qadın öz halına diqqət yetirməlidir. Qızdırma, güclü ağrı və gur qanaxma olduqda mütləq ginekoloqla əlaqə saxlamalıdır. Bərpa dövründə stress, soyuqdəymə və fiziki yüklənmələrdən uzaq durmaq lazımdır.  

14 gün müddətində uşaqlıq yolunu şırınqa ilə yumaq, vanna qəbul etmək, su hövzələrində çimmək qadağandır. Növbəti aybaşıya qədər cinsi əlaqədə olmaq məsləhət görülmür. Bu dövrdə hamiləlikdən qorunma vasitəsi seçilməlidir. Medikamentoz abortdan sonra 3 aybaşı sikli ərzində ginekoloqun müayinəsi tövsiyə olunur. 

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: