Estetik problemlər

Estetik problemlər

Plastik cərrahiyyə insan bədənində dəyişikliyə uğrayan toxuma, orqan və ya müəyyən bir hissənin cərrahi yolla forma və funksiyalarının bərpasına yönəldilmiş sahədir. «Plastik cərrahiyyə» anlayışı ilk dəfə 1798-ci ildə fransız cərrahi Dezolt tərəfindən elmə gətirilmişdir.  

Hazırda müasir texnologiyaların köməyilə xarici görünüşündən narazı qalan və ya funksional xarakterli problemlər yaşayan pasiyentlərin plastik problemələrini həll etmək mümkündür. Hər il üz, sinə, qarın, intim nahiyənin plastikası üzrə əməliyyatların sayının artması estetik və rekonstruktiv cərrahiyyəyə tələbatın yüksək olmasını sübut edir.  

Hər bir xalqın tarixi və coğrafi ənənələri ilə bağlı gözəllik idealı vardır. Bu sahədə müasir təsəvvürlər əsasən adət və dəbə uyğun formalaşmışdır. Keçmişdə olduğu kimi indiki dövrdə də insanlar dəblə ayaqlaşmaq üçün müxtəlif yollara əl atırlar.  

Şübhəsiz ki, hər bir insan Allahın ona bəxş etdiyi təbii gözəlliyə malikdir. Lakin bir çox insanlar xarici görünüşlərinə tənqidi yanaşırlar. Bu da onların şəxsi və iş həyatlarında uğur qazanmaqlarına mane olur.  

Estetik və rekonstruktiv cərrahiyyənin imkanları

İnsanın xarici görünüşündə olan problemləri kosmetik və ya estetik plastik cərrahiyyənin köməyilə aradan qaldırılır. Aparılan plastik əməliyyatların ⅓ hissəsi onun payına düşür. Estetik korreksiyalara burun (rinoplastika) və qulaq seyvanının formasının bərpası (otoplastika), qırışlara qarşı cavanlaşdırıcı əməliyyatları misal göstərmək olar.  

Plastik cərrahiyyənin əsas istiqamətlərinə anadangəlmə və ya qazanılma (travma) xarakterli qüsurların aradan qaldırılması yolu ilə orqanizmin normal fəaliyyətinin bərpası daxildir. Bu problemlərin həlli rekonstruktiv plastik cərrahiyyənin üzərinə düşür. Onun fəaliyyət sahəsi çoxyönlüdür. Bura dəri törəmələrinin orqanizmdən kənarlaşdırılmasından tutmuş dəri, əzələ və sümk toxumalarının rekonstruksiyası üzrə çox mürəkkəb əməliyyatlar daxildir.   

Estetik və rekonstruktiv cərrahiyyə sıx əlaqədədir. Onlar oxşar metodlardan istifadə etməklə, bir-birinin inkişafına təsir göstərirlər. Lakin rekonstruktiv cərrahiyyə təkcə funksional deyil, estetik problemləri də həll edir.  

Plastik cərrahiyyədə xarici görünüşün dəyişdirilməsi, həmçinin bədən və üzün estetik nisbətlərinin yaradılması məqsədilə cərrahi və qeyri-cərrahi xarakterli  üsullardan istifadə edilir.

Plastik cərrahiyyədə ən çox icra olunan əməliyyatlara süd vəzilərinin böyüdülməsi və liposaksiya aiddir. Üz nahiyəsində aparılan cərrahi müdaxilələr arasında isə blefaroplastika (göz qapaqlarının korreksiyası) geniş yayılmışdır.  

Təbii ki, estetik qüsurların aradan qaldırılması psixoloji və ya sosial problemlərin həllində panaseya sayılmır. Bu səbəbdən plastik cərrah ilkin konsultasiya zamanı pasiyentin gözləntiləri ilə riskin dərəcəsini qiymətləndirməlidir. Bu tip əməliyyatların yerinə yetirilməsi üçün ciddi göstəriş və əks-göstərişlər mövcuddur. Hər bir cərrahi müdaxilədən əvvəl müəyyən müayinələr və əməliyyata hazırlıq aparılır. Bu, ağırlaşmaların yaranma ehtimalını minimuma endirir.   

Med-portal.az saytının «Estetik problemlər» bölməsini oxumaqla, bu mövzuda Sizi maraqlandıran bütün suallara cavab tapa bilərsiniz.