Uşaqlıq yolundan sarı axıntı
Uşaqlıq yolundan sarı axıntı — cinsi yarıqdan duru və yaxud qatı konsistensiyalı, çox vaxt xoşagəlməz iyli sarı ifrazatın xaric olmasıdır. Patoloji axıntı sidik ifrazı və cinsi akt zamanı ağrı, eləcə də uşaqlıq yolunda diskomfort, qaşınma ilə müşayiət olunur. Sarı axıntı həm təbii hormonal dəyişikliklər, həm də cinsiyyət orqanlarının infeksion-iltihabi xəstəliklərində müşahidə edilir. İfrazatın səbəbini müəyyən etmək üçün kompleks ginekoloji müayinə, laborator analizlər, kiçik çanaq orqanlarının USM aparılır. Medikamentoz terapiya yalnız diaqnoz təsdiqləndikdən sonra təyin edilir.
Uşaqlıq yolundan sarı axıntının səbəbləri
Fizioloji dəyişikliklər
Uşaqlıq yolundan az miqdarda açıq-sarı axıntılara aybaşıdan bir neçə gün əvvəl rast gəlinir. Onlar iysiz olub, cinsi nahiyədə heç bir diskomfort hissi ilə müşayiət edilmir. Belə ifrazatların yaranması aybaşı sikli ərzində gedən hormonal dəyişikliklərlə bağlıdır. Bu tip qatı axıntı həm də hamiləlikdə progesteronun təsirindən əmələ gəlir. Vaginal ifrazatların miqdarı, rəngi və iyi dəyişdikdə mütləq ginekoloqa müraciət edilməlidir.
Genital infeksiyalarda uşaqlıq yolundan sarı axıntı
- Trixomoniaz. Sarı, duru, köpüklü, üfunətli axıntı vaginal trixomoniaz üçün xarakterikdir. Xəstələr adətən ifrazatların çox miqdarda olmasından şikayətlənirlər. Axıntı xarici cinsiyyət orqanlarının dərisini qıcıqlandıraraq, səpgi və qaşınma törədir. Bəzən patoloji ifrazatların tərkibində qan izləri görünür.
- Xlamidioz. Qatı konsistensiyalı, spesifik iyli, sarımtıl, selikli-irinli axıntı digər infeksion xəstəlik – xlamidioz üçün səciyyəvidir. Vaginal ifrazatlar ağrılı sidik ifrazı və cinsi aktla müştərəkləşir.
Cinsiyyət orqanlarının iltihabında uşaqıq yolundan sarı axıntı
Xüsusi iyə malik olmayan, qatı, sarı axıntı yumurtalıq və uşaqlıq borularının xəstəliklərində formalaşır. İfrazatlar az miqdarda olub, əsasən cinsi aktdan və gigiyenik prosedurlardan sonra ortaya çıxır. Axıntının artmasına həmçinin xroniki stress, yanaşı gedən xəstəliklər, soyuqlama da təsir göstərir. Uşaqlıq yolundan axıntı qarnın aşağısında və qasıq nahiyəsində dartıcı ağrı fonunda baş verir. Bəzən bədən temperaturu subfebril rəqəmlərə qədər yüksəlir. Patoloji ifrazatlara adətən aşağıdakı xəstəliklər səbəb olur:
- Uşaqlıq borularının və yumurtalıqların iltihabı: salpingit, ooforit, adneksit
- Uşaqlıq yolunun iltihabı: kolpit (vaginit), vulvit
- Uşaqlıq boynunun selikli qişasının zədələnməsi: endoservisit.
Sidik kisəsi-uşaqlıq fistulasında sarı axıntı
Bir sıra travmatik və yatrogen zədələnmələrdə sidik kisəsi ilə uşaqlıq arasında patoloji kanal formalaşır. Bu zaman uşaqlıq yolundan kəskin iyli, intensiv-sarı rəngli, duru axıntı müşahidə edilir. Ağır vəziyyətlərdə sidik qarışıqlı ifrazatlar daimi xarakter daşıyır. Bununla əlaqədar xəstələr uroloji bezlərdən istifadə edirlər. Aralıq nahiyəsinin daimi maserasiyası nəticəsində güclü qaşınma və yanğı, qarnın aşağı hissəsində küt ağrılar hiss edilir. Oxşar əlamətlər sidik kisəsi-uşaqlıq yolu fistulalarında da izlənilir.
Uşaqlıq yolundan sarı axıntının diaqnostikası
Bu problemin həlli ilə həkim-ginekoloq məşğul olur. Diaqnistika patoloji axıntıya səbəb olan əsas xəstəliyin aşkarlanmasına yönəldilir. Pasiyentlərə kompleks müayinə: fiziki və instrumental üsullar, laborator analizlər təyin edilir:
- Ginekoloji müayinə. Diaqnostikanın ilk və əsas mərhələsidir. Bura xarici cinsiyyət orqanlarının vəziyyətinin qiymətləndirilməsi, vaginal güzgülərlə uşaqlıq yolu və boynunun yoxlanılması daxildir. Müayinə əsnasında iltihabi dəyişikliklər, destruktiv proseslər üzə çıxarılır. Sonda mikrofloranın təyini üçün vaginal yaxma götürülür.
- Yaxmanın müayinəsi. Skrininq üsul qismində yaxmanın bakterioskopiyasından istifadə edilir. Bu metodun spesifikliyi aşağı olduğundan (60%) analiz ifrazatların qidalı mühitə əkilməsi ilə tamamlanır.
- İnstrumental vizualizasiya üsulları. Axıntının səbəbini dəqiqləşdirmək məqsədilə çanaq orqanlarının standart ultrasəs müayinəsi, eləcə də transvaginal USM məsləhət görülür. Uşaqlıq boynunun detallı vizualizasiyası üçün kolposkopiya, Şiller sınağı informativ sayılır.
Mütləq qaydada qanın klinik və biokimyəvi analizləri aparılır, qadın hormonların səviyyəsi yoxlanılır. Üfunətli, sarı axıntıların infeksion etiologiyası seroloji reaksiyalarla (məsələn, İFA) təsdiq edilir. Sidik kisəsi-uşaqlıq fistulasında sistoskopiyaya ehtiyac yaranır.
Uşaqlıq yolundan sarı axıntı zamanı müalicə
Diaqnoz qoyulana qədər yardım
Uşaqlıq yolundan azacıq, iysiz, açıq-sarı ifrazatlar ümümi vəziyyətin pozulması ilə müşayiət olunmadıqda müalicəyə gərək yoxdur. Axıntı çox miqdarda, köpüklü, üfunətli olduqda, bu xəstəlikdən xəbər verir. Belə vəziyyətlərdə düzgün müalicə almaq üçün mütəxəssisə müraciət edilməlidir.
Konservativ terapiya
Uşaqlıq yolundan patoloji sarı axıntı etiotrop medikamentoz müalicəyə göstərişdir. Terapiyanın evvektivliyini artırmaq, tam sağalmaq üçün hər 2 cinsi partnyor eyni zamanda müalicə almalıdır. Bu dövrdə cinsi aktdan imtina edilməlidir. Həkimlər adətən aşağıdakı dərman qruplarından istifadə edirlər:
- Antibakterial preparatlar. Xlamidiyaya qarşı makrolidlər, flüorxinolonlar, tetrasiklik sırasından olan antibiotiklər təyin edilir. Onlar hüceyrədaxili mikroorqanizmlərə effektiv təsir göstərir. Trixomoniaz zamanı antiprotozoy preparatlar qəbul edilir.
- İmmunomodulyatorlar. Bu vasitələr sarı axıntının səbəbinə birbaşa təsir etməsə də, yerli və ümumi immuniteti yüksəldir, limfa sisteminin aktivliyini gücləndirir. Bunun sayəsində patogen mikroorqanizmlərin məhvi sürətlənir.
- Antihistamin vasitələr. H1-histamin reseptorlarının blokatorları endogen allergenlərin və iltihabi sitokinlərin sintezini xeyli azalır. Onlar cinsiyyət orqanlarında qaşınma və diskomfortu azaltmaq məqsədilə tövsiyə edilir.
- Probiotiklər. Preparatlar disbiozun və antibiotik qəbulunun digər fəsadlarının profilaktikasında mühüm rol oynayır. Uşaqlıq yolunun mikroflorasının normallaşması üçün laktobakteriyalardan ibarət vaginal şamlar təyin edilir.
Ginekoloqun məsləhətlərinə ciddi riayət etdikdə sarı axıntı ən qısa zamanda kəsilir. Müalicənin yarımçıq aparılması prosesin xronikləşməsinə və antibiotiklərə qarşı dözümlü mikroorqanizmlərin yaranmasına gətirib çıxarır. Müalicədən sonra intim gigiyenaya əməl olunmalıdır.
Uşaqlıq yolundan sarı axıntı gəldikdə cərrahi müalicə
Sidik kanalı-uşaqlıq yolu və uşaqlıq-sidik kisəsi fistulalarında, eləcə də cinsiyyət və sidik-ifrazat sistemi arasında patoloji əlaqələr olduqda cərrahi əməliyyatlar göstərişdir. Hazırda fistula dəliyinin tikilməsindən tutmuş rekonstruktiv plastikaya qədər müxtəlif növ müdaxilələr edilir. Əməliyyatın növü qüsurun ağırlıq dərəcəsindən və pasiyentin vəziyyətindən asılıdır.