Hamiləlik planlama

Oxuma vaxtı: 4 dəq Oxunma sayı: 3249

Hamiləlik planlama nədir?Hamiləlik planlama çox vacib mərhələdir və qadın bu dövrə əvvəlcədən hazırlaşmalıdır. Uşağın sağlam doğulması və ananın hamiləlikdə fəsadlarla üzləşməməsi üçün mayalanmadan əvvəl bir sıra mərhələlərdən keçilməlidir.  

Hamiləlik planlama – valideyn olmaq istəyən cütlüklərin müəyyən zərərli vərdişlərdən imtina etməsindən, kompleks diaqnostika və müvafiq müalicə üsullarının aparılmasından ibarətdir. Bu mərhələyə təxmin olunan mayalanmadan ən azı 3 ay əvvəl başlamaq lazımdır. 

İlk növbədə cütlüklərin qidalanma və həyat tərzi normaya salınmalıdır. Qida rasionu balanslaşdırılmalı, meyvə və tərəvəzlərə üstünlük verilməlidir. Kişilərə siqaret və spirtli içkiləri azaltmaq tövsiyə olunur. Həmçinin fiziki aktivlik də normaya salınmalıdır. 

Müayinə prosesində hər hansı bir xəstəlik (məsələn, cinsi infeksiyalar) aşkarlandıqda ona uyğun tədbirlər görülməlidir. Belə yanaşma hamiləliyin uğurlu gedişini təmin edir.  

Hamiləlik üçün zərərli sayılan amillərdən biri də stressdir. Emosional gərginlik arzuolunan hamiləliyi gecikdirə bilər. Bu səbəbdən həkimlər gələcək ana və ataya bacardıqları qədər sakit olmağı, stress faktorları özlərindən uzaqlaşdırmağı məsləhət görürlər.  

Hamiləlik planlama zamanı tibbi müayinələr  

Hamiləlik planlama necə olur?İlk növbədəcütlüklər mayalanmaya mane olan, cinsi yolla keçən infeksiyalara görə yoxlanılır. Bunun üçün qadın ginekoloqa, kişi isə uroloq və ya androloqa müraciət edir. Nəsildə irsi xəstəliklər varsa, kişinin yaşı 40-dan, qadınınkı isə 35-dən çoxdursa və 1 il ərzində hamiləlik faktı qeydə alınmayıbsa, o zaman genetikin konsultasiyası göstərişdir. Aparılan analiz və müayinələrin nəticələrinə əsasən digər mütəxəssislərin də konsultasiyası tələb oluna bilər.  

Kişi və qadınlarda:

Qan qrupu və rezus-faktorun təyini. Bu, rezus-uyğunsuzluğu təyin etməyə imkan verir.   

Qadınlarda hamiləlik planlama üçün müayinələr: 

  • Kiçik çanaq orqanlarının USM — uşaqlıq və yumurtalıqların vəziyyətini qiymətləndirməyə kömək edir.  
  • Sidik analizi — sidik-ifrazat sisteminin fəaliyyətindəki dəyişiklikləri aşkara çıxarır. Hamiləlik dövründə böyrəklər, sidik kisəsi və sidik yolları əlavə yüklənməyə məruz qalır. Bu üzdən onların xəstəliklərini vaxtında aşkarlayıb, müalicə aparmaq lazımdır.
  • Hormonal analizlər — aybaşı pozğunluğu, artıq çəki, anamnezdə düşük olduqda aparılır.
  • Cinsi infeksiyalara görə analiz — xlamidiya, ureaplazma, mikoplazma, qardnerella, trixomonadanın olmasını dəqiqləşdirnək üçün uşaqlıq boynu kanalından və uretradan yaxma götürülür.

Kişilərdə hamiləlik planlama zamanı müayinələr:

  • Cinsi infeksiyalara görə analizlər  
  • Spermoqramma – spermatozoidlərin say və hərəkətliyini müəyyən edir. 

Hamiləlik planlama zamanı sağlam həyat tərzi 

Hamiləlik planlamaYuxu və istirahət rejiminə riayət, pozitiv əhval-ruhiyyə, mülayim fiziki aktivlik, təmiz havada gəzintilər, düzgün qidalanma tərzi gələcək valideynlər üçün çox vacib elementlərdən sayılır. Kişilərin siqaret və spirtli içki istifadəsi orqanizmin zəifləməsinə, eləcə də xroniki infeksiyalara gətirib çıxara bilər. Bu səbəbdən həkimlər planlama dövründə zərərli vərdişlərdən imtina etməyi məsləhət görürlər.  

Həmçinin hamiləlik və doğuş prosesi üçün maddi vəsaitin lazım gəldiyini nəzərə alaraq, ailə büdcəsini də əvvəlcədən tənzimləmək fayda verir. 

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: