Riskli hamiləlik

Oxuma vaxtı: 13 dəq Oxunma sayı: 2119

Riskli hamiləlik nədir?Riskli hamiləlik – ana və döl orqanizmində xəstəliklərin, eləcə də ölüm ehtimalının yüksək olması ilə xarakterizə edilir. Belə hallar cinsi yollardan qanaxma, hestoz əlamətləri (ödem, arterial təzyiqin qalxması) ilə təzahür edir. Bəzən isə hamiləliyin bu növü simptomsuz gedir, ağır patologiyalar son mərhələdə aşkarlanır. Riskli hamiləlik anamnez, USM, qan və sidik analizləri əsasında müəyyən edilir. Müalicə səbəbdən asılı olaraq, əsasən konservativ yolla aparılır.   

  • Riskli hamiləlik haqqında ümumi məlumat
  • Səbəbləri
  • Patogenezi
  • Əlamətləri
  • Fəsadları
  • Diaqnostika
  • Müalicə 
  • Proqnoz və profilaktika

Riskli hamiləlik haqqında ümumi məlumat

Yüksək riskli hamiləlik – spontan düşük, uşağın xəstə və ya ölü doğulması, ağır patologiyaların inkişafı, hətta ananın ölümü ilə sonlana bilir. Bütün hamilələr arasında onun tezliyi 70% təşkil edir. 35-40 yaşlı analarda onun riski daha yüksəkdir.  

Riskli hamiləliyin səbəbləri

Riskli hamiləlik Yüksək risk adətən ana orqanizminin hamiləliyə adaptasiya qabiliyyətinin azalması ilə bağlıdır. Əksər hallarda patologiya hamiləlikdən əvvəl hər hansı bir pozğunluğu olan qadınlarda yaranır. Riskli hamiləliyin əsasında aşağıdakı amillər dayanır:  

  • Hamilə qadının ekstragenital patologiyaları. 65% hamiləliklərin qeyri-qənaətbəxş sonluqla bitməsinə səbəb olur. Bu patologiyaların çox hissəsini anadangəlmə və yaxud qazanılmış trombofiliya təşkil edir. Digərlərinə isə ürək-damar, böyrək xəstəlikləri misaldır. Həmçinin şəkərli diabet, qalxanabənzər və böyrəküstü vəzlərin fəaliyyət pozğunluqları proqnozu pisləşdirir.  
  • Mövcud hamiləliyin xüsusiyyətləri. Aparıcı faktorlara fetoplasentar çatışmazlıq (31%), hestoz (20%) aiddir. Eləcə də vaxtından keçmiş (10%) və çoxdöllü hamiləlik (4%), dölün çanaq gəlişi (3,5%), istmiko-servikal çatışmazlıq hamiləliyin riskli olmasına gətirib çıxarır.
  • Ginekoloji anamnezin xüsusiyyətləri. Əvvəllər baş verən adəti düşüklər mövcud hamiləliyin vaxtından əvvəl sonlanma ehtimalını artırır. Bu, yumurtalıqların fəaliyyətinin zəifliyi, immun patologiyalar, cinsiyyət orqanlarının iltihabi xəstəlikləri ilə izah olunur. Digər səbəblərə abort, uşaqlığın çapığını misal göstərmək olar.  
  • Hamilə qadının ümumi infeksiyaları. Döl üçün ananın TORCH-infeksiyaları xüsusi təhlükə törədir. Bu qrupa toksoplazmoz, virus infeksiyaları (məxmərək, sitomeqalovirus, herpes) daxildir. Digərlərinə bakterial infeksiyalar (sifilis, vərəm və s.), urogenital xlamidioz, İİV-infeksiyası aiddir.  

Bundan əlavə zərərli vərdişlər (siqaret, spirtli içkilərdən istufadə), peşə zərərləri (ağır fiziki iş, toksiki maddələr, uzunmüddətli psixoemosional stress), hipovitaminoz risk faktorlarından sayılır.  

Riskli hamiləliyin patogenezi

Riskli hamiləlik əlamətləriRiskli hamiləlik zamanı daha çox uşaq əziyyət çəkir. Ümumisomatik patologiyalar, abort zamanı endometriumun travması və endometrit, hiperandrogeniya zamanı döl yumurtasının uşaqlığın divarını möhkəm yapışa bilmir. Ciftin inkişafı pozulur. Nəticədə fetoplasentar çatışmazlıq yaranır, dölün inkişafı ləngiyir, bu isə uşağın ölümü ilə bitir.  

Ananın infeksiyaları ciftlə dölə ötürülür. Hamiləliyin 4-6 ayına qədər bətndaxili infeksiya dölün orqanlarında inkişaf qüsurları, xroniki hipoksiya ehtimalını yüksəldir. Hətta infeksiya hamiləliyin sonlanmasına səbəb ola bilir. Daha gec dövrlərdə infeksiyalaşma normal formalaşmış orqanların anadangəlmə patologiyalarına (ağciyərlərin obstruktiv xəstəliyi, artrit, osteomielit) gətirib çıxarır.  

Vaxtından keçmiş hamiləlik üçün uşaqda oksigen aclığı xarakterikdir. Belə hallarda dölün mərkəzi sinir sistemi zədələnir, nevroloji pozğunluqların inkişaf ehtimalı artır. Uşağın qeyri-düzgün vəziyyəti döl kisəsinin erkən deşilməsinə, onun doğuş yolları ilə hərəkətinin ləngiməsinə, uşaqlığın divarının nazilməsinə təsir edir. Bu, ana və uşaq üçün təhlükə daşıyır.  

Adətən ekstragenital patologiyalı hamilələrdə müşahidə olunan hestozlar da ana və dölün həyatı üçün təhlükəli hesab edilir. İmmun reaksiyalar və ana orqanizminin döl yumurtasına adaptasiya mexanizmlərinin pozulması, cifti qanla təhciz edən arteriyaların çatışmazlığı nəticəsində plasentanın hipoksiyası, hamilənin qanına bioloji aktiv maddələrin ifrazı, vazospazm baş verir. Bununla əlaqədar həyati vacib orqanların fəaliyyəti pozulur.  

Riskli hamiləliyin əlamətləri

Yüksək riskli hamiləlik bəzən simptomsuz gedir. Buna xüsusən dölün izoləolunmuş zədələnmələrinə rast gəlinir. Xarici təzahürlər arasında azacıq qanlı ifrazat, toksikoz, hestoz əlamətləri, somatik patologiyanın simptomatikasının artması izlənilə bilər. Ürək-damar xəstəliklərində təngnəfəslik, dərinin avazıması, sianoz, böyrək patologiyalarında beldə ağrı, sidik ifrazının pozulması, ödem müşahidə olunur. Əksər qadınlarda halsızlıq, tez yorulma, yuxululuq qeydə alınır.  

Erkən toksikozlar hamiləliyin 1-ci trimestrində meydana çıxır. Onlar üçün ağız suyunun artması, çoxsaylı qusma xarakterikdir. Toksikozun nadir formaları – sarılıq, əl, ayaq və üz əzələlərinin qıcolması (tetaniya) istənilən dövrdə yarana bilər. Hestoz adətən 2-ci trimestrdən başlayır, şişkinlik, arterial hipertenziya (başgicəllənmə, baş ağrısı, göz önündə qara nöqtələrin uçusması), qıcolma tutmaları, huşun itməsi (eklampsiya) ilə müşayiət olunur.

Riskli hamiləliyin fəsadları

Hamiləlik patologiyalarının əksəriyyəti uşaqda öz əksini tapır. Uşaqlarda əlillik 50% hallarda yüksək riskli hamiləlik ilə bağlı olur. Buna dölün inkişafdan qalması, bətndaxili infeksiya, hipoksiya, doğuş travması səbəb olur. Vaxtından əvvəl doğuş – riskli hamiləliyin fəsadı olub, çox vaxt əlilliklə nəticələnir. Erkən doğuş neonatal (70%), uşaq ölümünün ( 65%) ən çox rast gəlinən səbəblərindəndir.

Ana orqanizmində ağırlaşmalar əsasən hestozlar, ekstragenital patologiyanın dərinləşməsi, dölün qeyri-düzgün vəziyyəti və uşaqlıq üzərində aparılan əməliyatlarla əlaqəlidir. Onlar arasında ən təhlükəliləri HELLP və DDL sindromalar, güclü uşaqlıq qanaxması, poliorqan çatışmazlığıdır. Bu vəziyyətlər əksər hallarda ölümlə nəticələnir, sağ qalan qadınlarda isə həyat keyfiyyəti xeyli azala bilər.  

Riskli hamiləliyin diaqnostikası

Risk faktorları nəzərə alınmaqla hamilə qadın minimum 3 dəfə (12, 30 və 36-37-ci həftələrdə) müayinə olunmalıdır. Ümumiyyətlə, hamiləlik müddətində təhlükənin dərəcəsi arta bilər. Ana və uşağın vəziyyətinin qiymətləndirilməsi ginekoloq tərəfindən aparılır.  

İlkin qəbul zamanı anamnez toplanılır, qadına baxış keçirilir.  Sonra instrumental və laborator müayinələr aparılır:

  • Ultrasonoqrafiya. Ginekoloji USM cinsiyyət orqanlarının, cift və uşağın vəziyyətini dəyərləndirməyə imkan verir. Müayinə əsnasında inkişaf qüsurları, plasentar çatışmazlıq üzə çıxarılır, uşağın inkişaf dinamikası yoxlanılır.  
  • Elektrofizioloji üsullar. EKQ anada ürəyin ötürücü qabiliyyətinin pozulmasını, işemik zədələnmələri  aşkar edir. Kardiotokoqrafiya hamiləliyin son dövrlərində aparılır, dölün hərəki aktivliyinə əsasən onun vəziyyəti qiymətləndirilir.  
  • Qan analizi. Hamiləlik zamanı qanın ümumi analizində anemiya əlamətləri izlənilə bilər. Biokimyəvi analizin nəticəsinə əsasən böyrək və qaraciyərin fəaliyyəti, qaraciyər parenximasının vəziyyəti, dəmir defisiti barədə fikir yürüdülür. Trombofiliyanın diaqnostikası üçün koaquloqramma, fosfolipidlərə qarşı anticisimlər təyin edilir.
  • Zülal və hormonların analizi. Uşağın inkişaf anomaliyalarını aşkarlamaq üçün aparılır. Ananın qanında embrional zülal AFP səviyyəsinin yüksəlməsi sinir borusunun defektindən şübhələnməyə imkan verir. Bu zülalın azalması beta XQ-nin yüksəlməsi ilə müşayiət olunduqda Daun sindromundan xəbər verə bilər. PAPP-A zülalının artması döldə xromosom anomaliyalarının əlamətidir.   
  • Sidiyin klinik analizi. Sidikdə zülal tapıldıqda böyrəyin iltihabi xəstəliklərinə şübhə yaranır. Sıxlığın azalması xroniki böyrək çatışmazlığı, şəkərsiz diabetə dəlalət edir. Çöküntünün müayinəsi sidik-ifrazat sisteminin üzvü zədələnmələrinin, iltihabi xəstəliklərinin diaqnostikasında böyük rol oynayır.  
  • İnfeksiyalara görə analiz. Ümumi infeksiyaları üzə çıxarmaq üçün TORCH-kompleksi və sifilisə görə qanın seroloji analizi aparılır. Uşaqlıq yolundan götürülən material (yaxma və sıyrıntı) kultural yolla (cinsi orqanların qeyri-spesifik infeksiyalarının aşkarlanması üçün) və PZR vasitəsilə (cinsi yolla ötürülən xəstəliklərin diaqnostikası) yoxlanılır.  

Zərurət yarandıqda böyrək və qaraciyərin USM və yaxud MRT-si, exokardioqrafiya icra olunur. Ekstragenital patologiyalardan şübhələndikdə nefroloq, kardioloq, revmatoloqun konsultasiyası tələb oluna bilər.

Riskli hamiləliyin müalicəsi

Yüksək riskli hamiləlik zamanı çox vaxt konservativ müalicə – medikamentoz terapiya kifayət edir. Vaxtından əvvəl doğuş ehtimalı olduqda qoruyucu rejim təyin olunur. Uşaqlıq boynunun yetərsizliyi, cinsiyyət orqanlarının bəzi şiş xəstəlikləri cərrahi müdaxiləyə göstəriş sayılır.   

Riskli hamiləlik zamanı konservativ terapiya

Qoruyucu rejim – riskli hamiləliyin saxlanılması üçün əsas şərtdir. Hestoz və ciddi ekstragenital patologiyalar zamanı qadın stasionara yerləşdirilir. Bəzən (məsələn, traxelektomiyadan sonra uşaqlıq boynunun yetərsizliyində) bütün hamiləlik müddətində yarıyataq rejiminə əməl etmək lazım gəlir .

Müalicə ginekoloq tərəfindən aparılır, lazım gəldikdə dar ixtisaslı mütəxəssislər prosesə cəlb olunur. Ümumsomatik xəstəliklərin korreksiyası bu və ya digər orqanın zədələnmə dərəcəsindən asılıdır. Ən çox rast gəlinən patologiyaların konservativ müalicəsi aşağıdakı yolla aparılır:

  • Hestoz. Kolloid və duz məhlulları ilə infuzion terapiya təyin edilir. Sedativ effekt trankvilizatorlarla təmin edilir. Arterial təzyiqi azaltmaq üçün hipotenziv və damargenişləndirici preparatlardan istifadə edilir. Böyrək və ürək xəstəlikləri fonunda baş verən hestozlarda diuretiklər qəbul olunur. Eklampsiya inkişaf etdikdə müalicə sxeminə qanqlioblokatorlar, psixotrop vasitələr əlavə edilir.  
  • Fetoplasentar çatışmazlıq. Qan dövranını yaxşılaşdırmaq üçün damargenişləndirici və spazmolitik vasitələr effektiv sayılır. b-adrenomimetiklər, hormonlar (estrogenlər, gestagenlər), ürək qlikozidləri tətbiq edilir. Kolloid məhlulları ilə infuziya, hiperbarik oksigenasiya aparılır. Mübadilə prosesləri amin turşuları ilə aktivləşdirilir.  
  • İnfeksiyalar. Bakteriya, xlamidiya, toksoplazma mənşəli infeksiyalarda antibiotiklərdən, sulfanilamid və antiprotozoy preparatlardan istifadə edilir. İnfeksiya ocaqları (kolpit, servisit, tonzillit) sanasiya olunur. Virus xəstəliklərində qamma-qlobin yeridilir.  

Riskli hamiləlikdə cərrahi müalicə 

Hamiləlik dövründə cərrahi əməliyyat çox nadir hallarda aparılır. Yüksək riskli hamiləliklərin əksəriyyətinin səbəbini aradan qaldırmaq üçün cərrahi müadxilə tələb olunmur. Belə ki, əməliyyatın özü qeyri-qənaətbəxş sonluğun əlavə faktoru ola bilər. Hamiləlik və doğuş prosesində aşağıdakı növ müdaxilələr olunur:

  • Uşaqlıq boynunun tikilməsi (servikal serklyaj). Hamiləliyin erkən dövrlərində düşük hallarının baş verməməsi və istmiko-servikal çatışmazlığın profilaktikası məqsədilə bu prosedurdan istifadə edilir. Uşaqlıq boynunun üzvi zədələnmələrində və funksional pozulmalarında konservativ üsullar qeyri-effektiv olduqda bu əməliyyat göstəriş sayılır.   
  • Şişlərin xaric edilməsi. Hamiləlikdə törəmələrin kəsilməsi yumurtalığın xoşxassəli neoplaziyaları və miomatoz düyünlərin iltihablaşması, nekrozu zamanı təyin edilir. Bədxassəli şişlərdə rezeksiya yalnız qeyri-invaziv və mikroinvaziv xərçəngdə mümkündür.  
  • Qeysəriyyə əməliyyatı. Təcili və ya planlı şəkildə yerinə yetirilir. Proqressivləşən hamiləlik patologiyaları və yaxud ümumisomatik xəstəliklər zamanı ana və uşağın həyatını qorumaq üçün vaxtından əvvəl Qeysəriyyə əməliyyatı edilir. Həmçinin təbii yolla doğuş mümkün olmadıqda cərrahi müdaxilə göstəriş sayılır.  

Riskli hamiləliyin proqnoz və profilaktikası

Yüksək riskli hamiləlik hallarının proqnozu onun yaranma faktorlarının ağırlığından asılıdır. Müasir aparatlarla erkən diaqnostika və təcili müalicə ölüm hallarını xeyli azaldır. Riskli hamiləlik hallarının qarşısının alınmasında planlama xüsusi əhəmiyyət kəsb edir.  

Profilaktik tədbirlərə arzuolunmaz hamiləlikdən rasional qorunma, perinatal riski artıran patologiyaların vaxtında diaqnostika və müalicəsi, sağlam həyat tərzi (ataya da aiddir) daxildir. Planlama mərhələsində bədən çəkisini normaya salmaq lazımdır. İkincili profilaktika hamiləlik dövründə müntəzəm müayinələrdən ibarətdir.  

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: